MƏHƏMMƏD FÜZULİ İLƏ GÖRÜŞDÜM

ƏBÜLFƏT MƏDƏTOĞLU
71879 | 2014-08-09 02:17
Gəlin boynumuza alıb tam səmimiyyəti ilə etiraf edək ki, bu gün dünyada, elə bizim özümüzdə də ən şıdırğı bazar yalana məxsusdur. Necə deyərlər, bu bazarda hamı matağını satır, özü də dəyər-dəyməzinə. Bir az da konkret desəm, bu bazarda alış-verişə görə vergi, yer pulu, daha nə bilim nə, pulları olmadığından yalanın yekəsi 100 manat, balacası 1 qəpiyə. Bax, bu arada şıdırğı alver gedir.
Ən maraqlısı odur ki, hamı yalanı görür, amma gördüyü bu yalana ağzını açıb, gözünü bərədlib elə baxır ki, nəsə bir möcüzə baş verəcək, kimsə "sim-sim, qapını aç!" deyəcək. Bax, insanlar belə bir durumda, belə bir ovqatda hər gün yalan satıb, yalan almaqla günü axşam edir. Təbii ki, hərənin yalanı öz imkanına, öz istedadına və qabiliyyətinə görədi. Bu işin peşəkarları 100 manatlıq yalan satır, mənim, sənin kimilər də iki-üç qəpiklik. Və buna da şükür edib işimizi davam etdiririk, necə deyərlər, sükanı möhkəm saxlayırıq.
Bəli, bütün bu dediklərim, daha doğrusu, qibtə edib bilgisayara yazdırdıqlarım sizi bir növü yazacağım yazıya, ortaya qoyacağım mövzuya hazırlamaq üçün idi. Az-çox ədəbiyyatdan, xalq yaradıcılığından xəbəri olanlar bilir ki, aşıqlar istənilən dastanı, girişlə, yəni ustadnamələrlə başlayıbdı. Mən də özüməuyğun bir ustadnamə elədim və indi keçirəm məsələnin, yəni mövzunun əsas mahiyyətinə.
Bugünlərdə şəhərimizin ünlü bir yerində Məhəmməd Füzuli ilə qarşılaşdım. Gözlərimə inana bilmədim. O böyük sənətkar, o böyük söz xiridarı büzüşüb oturmuşdu. Oturuşundan həyat əlamətləri hiss olunmurdu. Amma gözlərini göy üzünə sancmışdıg Hərdən kiprikləri tərpənirdi. Gözünün önündən sağa-sola keçdim. Düşündüm ki, bəlkə məni görə, gözlərini göy üzündən çəkib gözucu da olsa mənə baxa. Amma istəyimdə yanıldım. Məhəmməd Füzuli gözünü göy üzündən çəkmədi, yerə baxmadı. Onda anladım ki, o böyük insan yerdən, daha doğrusu, yerdəkilərdən küsüb. Artıq onlara baxmaq, onları görmək istəmir. Çünki yerdəkilər elə bir hərəkət edib, elə bir addım atıblar ki, onu nəinki dilə gətirmək, hətta yazmaq da çox ağırdı, çox dəhşətdi. Məhz bu dəhşətə görə, mən o böyük dühaya yaşıma-başıma baxıb, durduğum yeri anlayıb heç bir etiraz ifadə edə bilmədim. Çünki şair, yəni Məhəmməd Füzuli yüzə-yüz haqlı idi...
Mən Məhəmməd Füzulini gördüm... Şəhərimizin bir yerində (adını çəkib reklam etmək istəmirəm - Ə.M.) bir qalaq kitab yığılmışdı üst-üstə. Daha doğrusu, zibil kimi qalaqlanmışdı. Həmin o kitabların içərisində bir vaxtlar əl-əl axtardığımız elmi-bədii ədəbiyyat nümunələri də vardı. Üstəlik də Məhəmməd Füzulinin çox nəfis şəkildə işlənmiş Azərbaycan, ingilis və rus dillərində olan kitabı... Kitabı görəndə gözlərimə inana bilmədim. Tam səmimiyyətimlə deyirəm, Məhəmməd Füzulini orada, həmin o kitab qalağının içində görəndə özümə də, durduğum yerə də, olduğum camiyəyə də, yaşadığım məmləkətə də xoflu, şübhəli baxdım. Bu necə ola bilər? Sözün Allahını gətirib bura necə atıb gediblər?! Və bunun ardınca düşündüm ki, əgər Məhəmməd Füzuli bura gətirilibsə, bəs onda rəhmətlik Osman Sarıvəlli demiş, "və sairələr" görəsən hara atılacaq? Bu necə yanaşmadı? Bu necə məntiqdi? Ümumiyyətlə, bu hərəktin adı nədi?...
Hə, Məhəmməd Füzulini gördüm. Amma bu dəfə onun heç kiprikləri də tərpənmirdi. Bütünlüklə çıxıb getmişdi göy üzünə. O gördüyüm yerdə qalan onun quru cəsədi idi, o da yavaş-yavaş əriyib qarışırdı torpağa. Yəni Bakının küləyi müxtəlif, zir-zibilləri müxtəlif istiqamətlərdə qovub gətirirdi bu kitab qalağının üstünə. Və yavaş-yavaş üstünü toz basan kitabların adlarını oxumaq çətinləşirdi, o cümlədən də Məhəmməd Füzulini.
Mən onda anladım ki, biz hələ Məhəmməd Füzulinin topuğu səviyyəsinə qalxmışıq. Gör bizim hələ nə qədər qarşıda yolumuz var. Biz hələ o yolu məhz Məhəmməd Füzulidən öyrənib onun misralarının içindən keçib irəliyə getməliyik, əgər özümüzdə təpər tapa bilsək. Hə, çox üzücü oldu. O boyda dühanı, o boyda dahini, o boyda söz Allahını görüb onunla danışa bilməmək çox üzdü məni. Elə o üzüntü ilə də anladım ki, söz adamının özündən başqa bir kimsəsi yoxdu. Belə bir məşhur ifadə var, hamı da yerli-yersiz təkrarlayır:
- Türkün türkdən başqa dostu yoxdu!
Bax, mən indi bir daha etiraf edirəm ki, Məhəmməd Füzulini gördüyüm yerdə, gördüyüm durumda elə bil ki, söz adamının təkliyini dərk elədim və birmənalı olaraq yaddaşıma, ürəyimə yazdım ki, söz adamının sözdən və özündən başqa bir kimsəsi yoxdu. Elə həmin o təsirlə də Füzuli sözünün işığında bu misraları kağıza köçürdüm.

İndi
daha çox
hiss edirəm
təkliyin məndən
güclü olduğun...
və bu gücün qarşısında
addım-addım
geriləyən-
ürəyimin
sarsıldığın,
solduğun...
Öz içinə sığınan,
yumruq kimi sıxılan
öncə göy üzünə,
dağılıb,
sonra
bir nöqtəyə yığılan
buludlar tək
təkliyin gücündən
gözlərimin dolduğun -
elə
təkliyim kimi də
qəbul edirəm!..

***
Bugünlər məmləkətdə bir vətən coşqusu var... Hər kəs Qarabağdan, hər kəs torpaqdan, hər kəs əsgərdən və nəhayət hər kəs Azərbaycandan danışır. İnanın ki, son illərdə az qala arxa plana keçən, şouların kölgəsində qalan bu hissin qəfil ildırım kimi çaxması, fontan kimi püskürməsi hamı kimi mənim də ürəyimi dağ boyda etdi. Anladım ki, demək hər şey bitib qurtarmayıbmış. Demək hələ hər şey qabaqda imiş. Sadəcə, həmin zamana ehtiyac kəsirmiş qarşımızı. Zaman ehtiyacı axır ki, Lazımın şax damarını sıxdı və şah damarı sıxılan Lazım millətin içində bir partlayış etdi - özü də mənəvi partlayış, psixoloji partlayış. Bu da müharibəni unudan, Qarabağı yaddan çıxaran, bəzən Azərbaycana da aid olduğunu hiss etdirməyən Bakını Qarabağa yönəltdi, Bakını Azərbaycanın etdi... Çayxanalar, parklar, bulvarlar "Qarabağ!" deməyə, "Azərbaycan!" söyləməyə, "Əsgər!" hayqırmağa başladı. Və nəticədə günün real bir mənzərəsi bir növü hər kəsi özünə döndərdi, özünə qaytardı. Təbii ki, biz türklər də özümüzə qayıdanda həm kimliyimizi bilirik, həm də böyük oluruq!!!
Saytlarda, telekanallarda müharibə ilə bağlı xəbərləri, görüntüləri izlədikcə, döyüş bölgəsindəki doğmalarla telefon bağlantıları qurub hadisələrdən xəbər tutduqca bizi birləşdirən Vətən sevdasının böyüklüyü qarşısında həm əyildim, həm də qürurlu, dəyanətli, cəsarətli bir görkəm aldım. İçimə dolan kövrək, amma son dərəcə müqəddəs və sərt izlər qələbənin bizimlə olacağına şübhə yeri qoymadı!..
İndi bu hisslərin içərisində, yəni az qala bir-biriylə vuruşmağa hazır olan iki məqamın içində dayanıb özümə də baxıram, Məhəmməd Füzuliyə də, çevrəmə də. Doğrudan da biz möcuzəyik. Bu boyda sevgimiz, bu boyda iç dünyamız olduğu halda, bəzən elə addımlar atırıq, elə laqeydliklər nümayiş etdiririk, elə biganələşirik ki, heç cür anlamaq mümkün olmur. Necə deyərlər, baş sındırırsan, başını divara döyürsən, yenə anlaya bilmirsən ki, bu iki məqam, bu iki hiss bir xalqın, bir millətin içində necə yerləşir?
İndi fikirləşəcəksiniz ki, mən kimlərəsə dərs keçirəm, nəsihət verirəm. Yox, inanın, bir olan Allah haqqı mən gördüyümü, yaşadığımı yazmağı daha çox sevirəm, daha çox istəyirəm və heç vaxt da bəlağətli, təmtəraqlı sözlər axtarmıram, yazını birnəfəsə yazıram. Yazdığım yazıda söz qurtaranda yazı da qurtarır. Ona görə də son günlərin iki məqamı məni həqiqətən bütün mənalarda dəli edib. Necə deyərlər, bir əlimdi, bir yaxam. Özüm özümlə vuruşdayam, özümü, həm də səni anlamağa çalışıram. Bilmirəm, anlaya biləcəm, yoxsa yox. Axı indi sənin başın qarışıb. Sən indi başqa dünyanın adamısan... başqa düşüncələrlə, başqa xəyallarla yaşayırsan. Həmin o düşündüklərini, xəyalından keçirdiklərini obrazlı desəm, səni xəyallandıranları Məhəmməd Füzuli nəzmə çəkib. Mən isə:

Başın qarışıb,
ya da
işin
başından aşıb
vaxt tapa bilmirsən -
gəlmirsən,
göz yaşınla,
nəfəsinlə,
yoluna boylanan
baş daşımı
isitmirsən...
Bilmirsən ki
sonuncu dəfə
məzarım üstə
düzdüyün qərənfillər
bir üzü üstə
solub...
qönçəsinə
toz-torpaq dolub...
imkan olanda
gəl!
Gəl və
qərənfilləri
o biri üzü üstə çevir...
əgər unutmamısansa
özün bilirsən
axı səni sevən
qərənfilləri də
tər sevir!..

***
Zamanın burulğanında nə qədər sağa-sola, lap elə 360 dərəcə fırlansaq da, daşa-divara çırpılsaq da, yenə hərəmiz öz bildiyimiz yolun yolçuluğunu davam etdiririk. Çünki bizdən öncə də belə olub, bizdən sonra da belə olacaq. Dünya deyilən hər nədisə, onun yazılmamış, amma ən sərt şəkildə möhürlənmiş qanunudu. Böyük Səməd Vurğun demişkən, "bir yandan boşalıb, bir yandan dolur". Deməli, karvanına qoşulub getdiyimz bu ömrün hər məqamı əslində bir tarixdi, bir gerçəklikdi. Ancaq biz onu tarixləşdirə bilmirik, onu gerçək durumda ortaya qoymaq barədə düşünmürük. Bu da səbəbsiz deyil. Səbəb isə...
Bu gün, yazarlar dili ilə desək, daha çox mədə başdan qabağa keçib. Başlar daha çox mədəni düşünməyə məhkum olub. Bu da ömrün məhz həmin istiqamətə daha çox sərf olunmasına, xərclənməsinə yaşıl işıq yandırır. Elə bil ki, yemək və yaşamaq terminləri bir-birinə o qədər qovuşub ki, sanki əkizləşiblər. Bax bu da həmin o müqəddəs duyğuları, müqəddəs hissləri, istəkləri pərdələməyə, bir küncə sıxışdırmağa başlayıb. Təəssüf ki, bunu başlar da bilir, başbilənlər də. Amma nədənsə... Eh nə isə!..
Hə, mən yaşadıqlarımın, gördüklərimin, iştirakçısı olduqlarımın özülünə söykənib bu qərara gəlmişəm ki, silahla da, sözlə də, yəni hər kəs bacardığı ilə çox böyük işlər görə bilər. Buna öncədən sifariş verməyə ehtiyac yoxdur, bu içdən gəlir. Amma neyləyək ki, indi içimizdə şeytan da rahatlıqla at oynadır. Axı deyirlər, şeytan da mələkdi. Nə isə...
Bütün yazdıqlarımdan sonra oxuyub yoruldunuzsa, onda üzrxahlıq edib bu sevgi dolu misraları diqqətinizə çatdırıram. Oxuyun və günahımdan keçin.

Həyat düşməz gözümdən
Nə qədər qəmli olsa.
Mənim sevdiyim kimi -
Məni sevənim olsa!..

Yuxum kəpənək kimi
Kipriklərimi sayar...
Ürəyimin səsini -
Uçub hər yana yayar!..

Qəmin çeşidlərinə
Sevinc donu biçirəm...
Həyatın verdiklərin -
Şərbət kimi içirəm!..

... Həyat düşməz gözümdən
Nə qədər qəmli olsa.
Mənim sevdiyim kimi -
Məni sevənim olsa!..

P.S. Məhəmməd Füzulini görüb, onunla söhbət edə bilməsəm də, amma həmin o kitabdan bir nüsxə özümlə götürdüm. Gücüm buna çatdı. Məni bağışlayın ki, Füzulinin adı çəkilən yazıda şeirlərimdən istifadə etdim...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV