adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

XOŞBƏXT OLACAĞIM YER...

VƏSİLƏ USUBOVA
27364 | 2014-08-09 01:42
Deyirlər, insan həsrətində olduğu və heç zaman sahib ola bilməyəcəyi şeylərdən çox danışır. Əgər belə şeylərin siyahısı tutulsaydı, xoşbəxtlik deyilən o mücərrəd söz birinci yazılardı...
Mənsə, ən çox anlamadığım, mənasını dərk eləmədiyim sözlər haqqında düşünürəm. Sözdən çox, onun ifadə elədiyi anlayış fikrimi məşğul edir. Bəzən əzab verir, bəzən də zövq. Eləsi var ki, düşündükcə özümü ani də olsa xoşbəxt hesab edirəm...
(Doğrudanmı, mənim ömrüm bu qədər yoxsuldu?!.)
Məncə, adam xoşbəxtlik haqqında nə qədər az düşünsə, bir o qədər yaxşıdı. Çünki xoşbəxtlik duyğusu qısqanc və xəsisdi. Onu duymasan, hiss eləməsən yaxşıdı. Duyduqca, hiss elədikcə sanki acığa düşür, səndən gen gəzməyə, ardıycan sürüməyə çalışır. Özünü xoşbəxt hiss eləmək adamı qorxaq edir. Öz-özünə də etiraf eləmək istəmirsən; özünü gözə gətirməkdən ehtiyatlanırsan. Sənə elə gəlir ki, hansı şər qüvvələrsə, içindəki bu qiymətli duyğudan xəbər tutub onu səndən oğurlayacaq...
Yaxşısı budu, düşünmə. Qoy, özü sənin arxanca sürünsün...

***
Adamların əksəriyyəti xoşbəxtdi. Ancaq başlarına fəlakət gəlməyincə bunu anlamırlar. Nağıllarda deyildiyi kimi, nə zaman ki, tifaqları dağıdan, ömürləri alan qüvvələr gəlib çıxır, onda ayılırsan. Onda anlayırsan nəyə sahib idin, indi nələrsiz qaldın...
Xoşbəxtlik əyninə rahat oturan paltar kimidi; nə qədər içindəsən, qədrini bilmirsən. Elə ki, sökülüb-dağıldı, başlayırsan ondan ötrü qan-yaş tökməyə. Vaxtında qədrini bilməməyin, qorumamağın yandırır səni...
"İnsan üçün ən gözəl yer xoşbəxt olduğu yerdi". Kim deyibsə, həmin məkanı bulmuş birisi olmalıdı, yəqin. Amma... xoşbəxtlik məkanla bağlı deyil, axı... Dünyanın çox yerində o qədər gözəl, ekzotik məkanlar var ki,...
Bəlkə xoşbəxtlik insanların heç bu barədə düşünmədiyi məkandadı...
Son günlər rastıma çıxandan bu sözləri eşidirəm: "Niyə burdasan? Niyə gəzməyə, dincəlməyə getmirsən? Harasa get, uzaqlaş... Başın-beynin dincəlsin, qəlbin rahatlıq tapsın..."
Yaxşı sözlərdi... Adamın qulağını oxşayır, inandırır, haralarasa getməyə ruhlandırır.. Həm də bu "haralarasa" sözünü o qədər hissiyyatla, inamla deyirlər ki, sən də hardasa dərdsiz-qəmsiz məskənlər olduğuna şübhə eləmirsən. Uzaqlarda qəlbinin sakitləşəcəyinə, ruhunun təzələnəcəyinə inanırsan...
Amma... hara getsəm, başımı-beynimi, qəlbimi də özümlə aparacam, axı... Deməli, yenə eyni düşüncələr, üzüntülər, çırpıntılar...
Mənasını anladığın və anlamadığın, yoza bildiyin və bilmədiyin qızdırmalı yuxular...
Onları ki, arxada qoya bilməyəcəm...
Onsuz da biz içimizdə yol gedirik həmişə. Haraya? Yəqin ki, özümüz də duymadan xoşbəxt olacağımız məkana tərəf...
Varmı o Məkan?!...
Varsa, yenə də öz içimizdədi...

***
Bəzən özümə də, özüm kimilərə də acığım tutur. Biz nə istəyirik?! Niyə qəlbimiz, ruhumuz dinclik tapmır?! Bəlkə sadəcə olaraq yaşamağı bacarmırıq?!...
Maddi olan heç bir şey başımızı qatmır, zövqümüzü qane eləmir. Narahatçılığımız bitib-tükənmir: oxuyuruq, öyrənirik, arayırıq, axtarırıq. Hər şeydə məna izləyir, düstur gəzir, ölçü tələb edirik. Ötən əsrlərdə yaşayanların həyatı daha mənalı, daha dolğun görünür bizə.Onlar daha saf olublar, daha cəsur olublar. Yaşamağı da, sevməyi, nifrət eləməyi, qiymət verməyi, qədir bilməyi də bizdən yaxşı bacarıblar...
Bizsə, başımızı qatırıq, xəyallar qurub özümüzü aldadırıq...
Bəs, bizə nə olub?! Səhvimiz, eybimiz nədədi?! Arxaya baxmağı sevirik. Qabağa baxmaqla aramız yoxdu. Yaşananlar şirin olur həmişə. Zamanında acı olanları da xatırlananda dadlı gəlir. Səbəbi nədədi? Özümüzdə, yoxsa, ömrün sirli qanunlarında?!...
Bir dəfə Alvred Nobelin xoşbəxtlik haqqında dediklərini oxudum. Xoşbəxtlikdən daha çox həyat haqqında, ömür haqqında düşüncələri, qənaətiydi bu sözlər. İnana bilmirdim: insan həyatdan doya bilərmi?! Siz də oxuyun...
"Mən xoşbəxtliyin nə olduğunu bilməyən və onu gələcəkdə tapacağını ağlına belə gətirməyən, özündən hədsiz narazı, tamam yalqız, tənha, ailəsiz, ürəyimi aça biləcəyim dostlarsız, üstünə yeriməyə bəhanə gəzəcəyim düşmənlərsiz bir həyat yaşamaqdayam. Əslində özüm dilsiz-ağızsız ağacların və kolların arasında yaşamağı arzulayan bir adamam... Ağaclar və kollar heç olmasa, adamın əsəblərini yerindən oynatmır, nadanlıqlarını nümayiş elətdirmirlər... Etiraf edirəm ki, çox yorulmuşam, dünyaya bu qədər "tamaşa" edəcəyimi heç vaxt ağlıma gətirməmişdim. Hər şey kimi bu dünya da ola bilər ki, uzaqdan daha gözəl görünsün. Onun içində isə adam özünü daha çox girov kimi hiss edir..."
Dəhşətli fikirlərdi... Həm də bənzərsiz. Ən çox içimi titrədən dünyaya "tamaşa" eləmək və onun içində özünü girov kimi hiss eləmək fikirləridi...
Bəlkə Novelin həyatdan tələbləri çox yüksək imiş...
Məni isə xoş bir baxış, dadlı bir söz, alicənab bir jest də xoşbəxt edə bilər. Təbii ki, ani...
Onsuz da əbədi xoşbəxtlik mövcud deyil...
Sadəcə, xoşbəxtlik o qədər güclü bir duyğudu ki, işartısı da bəs edir...
Çox şey istəmirəm ki?!
Məncə, çox şey istəyirəm. Özü də lap çoooxxx...

***
Heç yerə gedən, heç nəyi axtaran deyiləm. Varsa, qoy özü gəlib məni tapsın. Məni tapdığına və mənə qovuşduğuna görə sevinsin...
Mən ona yalvarmayacağam...
Biz elə hamımız xoşbəxt olduğumuz yerdəyik...
Didərgin düşən Xoşbəxtliyin özüdü...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV