Yazıçı və savaş

İRADƏ TUNCAY
133371 | 2014-08-06 14:43
Yazıçının vəzifəsi dəyişməzdi. Özü dəyişə bilər, amma vəzifəsi olduğu kimi qalır. Bu da ondan ibarətdir ki, həqiqəti yazasan, həqiqətin harda, nədə olduğunu anlaya biləsən və onu elə ifadə edəsən ki, oxucunun şüurunda öz şəxsi təcrübəsi kimi yer tapa bilsin.
 
Ernest HEMİNQUEY 
 
Müharibələr bəşər tarixinin ayrılmaz parçasıdır və deməli, ədəbiyyatın da ana mövzusudur. Fərqi yoxdur hansı xalqın, insanlar hər zaman savaşıblar. Üzü Homerdən bu tərəfə həmin savaşlar da ədəbiyyatda əks olunub. İndi desək ki, dünya ədəbiyyatının ən qiymətli inciləri üçün biz həm də müharibələrə minnətdar olmalıyıq, bir az qeyri-insani səslənəcək, amma gerçək budur. Həm də gerçək olan budur ki, insanlar hər zaman qeyri-insani hisslərin arxasınca getməyi seviblər. Bəlkə də uzun əsrlər hərbin ədəbiyyatdakı inikası və bu ədəbiyyatın maraq doğurması da bununla bağlı olub. Müharibə ədəbiyyatı (bəlkə də anti-müharibə desək, daha doğru olacaq) bu gün niyə aktual ola bilmir? Müharibələr, savaşlar ki bitməyib. Əksinə, dünya yenidən bölünürsə və bu bölünmə də yeni çəkişmələr yaradırsa, ədəbiyyat üçün yeni-yeni həyat materialı vermirmi? Özü də söhbət bizim balaca məmləkətdən getmir. Bütövlükdə dünya ədəbi prosesi hərb mövzusuna laqeydləşib. Səbəb? Niyə yeni nəsrdə Stendalın "Parm monastrı"ndakı kimi Vaterloo döyüşü səhnələrinə, Tolstoyun "Hərb və sülh"ündəki (əslində "sülh" yox "dünya") fəlsəfi düşüncələrinə, Şoloxovun, Heminqueyin müharibə ağrılarına, bədii təsvirlərinə rast gəlinmir? Olsa da çox azdı. Ədəbi prosesin tərkib hissəsinə çevrilə bilmir. Halbuki, indi az qala hər qəsəbə o biri ilə döyüşür, hər etnik qrup o birinin qanını içir. Mənə görə, hər şey çox adiləşib, öz böyük sakral məzmununu itirib. İraq müharibəsindən xəbər tutmaq istəyirsən - buyur, TV-nin düyməsini bas CNN nə qədər istəyir döşəsin. Çeçenistanda antiterror əməliyyatlarını görmək istəyirsən - hər hansı bir telefonda nə qədər istəsən baş kəsmək səhnəsi var. Gündəlik KİV-lər hətta belə böyük faciələri də banal hadisəyə çevirə bildi. Deyək ki, hər iki dünya müharibəsində jurnalist kimi fəaliyyət göstərən və nəsrə publisistikadan gələn Heminquey miqyasda bir reportyor varmı bu gün? Bəlkə də var. 20 il sonranın ədəbiyyatında özünü göstərəcək. Çünki bütün ədəbiyyat adamları deyirlər ki, hər hansı bir hadisəyə doğru-düzgün qiymət vermək üçün üstündən müəyyən vaxt keçməlidir. Vaxt keçməlidir ki, isterik çağırışlar soyusun, miflər dağılsın, siyasi iddialar unudulsun və qələm həqiqətin arxasınca gedə bilsin. Heminquey deyirdi ki, "müharibə haqqında doğrunu yazmaq da çox təhlükəlidi, həqiqət axtarışları da təhlükəlidi. Cəbhəyə həqiqət dalınca gedən orda ölüm tapa bilər. Amma 12 nəfər gedib 2-si qayıdırsa, onların gətirdiyi gerçək olacaq. Daha tarix kimi qələmə verdiyimiz şayiələr yox. Bu da başqa məsələdir ki, həqiqət axtarışları üçün risk etməyə dəyərmi - yazıçılar özləri bir qərara gəlsinlər".
 
Görünür, bu gün ətrafımızda baş verən hadisələrə doğru-düzgün qiymət verməyin vaxtı gəlməyib. Ədəbiyyat çox zaman cəmiyyətdə baş verən eybəcərliklərə müqavimət vasitəsi olub. Bu gün bu müqavimət qırılırsa, demək, insanların da içində nə isə qırılıb, ya da yalanlara qulaq asmaqdan yorulublar. Amma əcəl zəngi çalınır, hər birimiz üçün.
 
... Ədəbiyyat hələ də bir suala cavab tapa bilmir - müharibə haqqında yaxşı əsər yazmaq üçün həmin hadisənin iştirakçısı olmaq vacibdirmi? Deyək ki, Tolstoy Borodino döyüşündə olmayıb, amma hər halda Krım müharibəsi, Sevastopol döyüşləri təcrübəsi vardı. "Hərb və sülh" əslində ilkin variantda dekabristlər haqqında əsər kimi düşünülmüşdü. Ancaq Senat meydanına gedən yol Borodinodan keçməli idi. Nəticədə qələm başqa tərəfə yönəlir və Tolstoy görmədiyi savaşdan yazır, gözəl yazır. Demək, savaşda "olub-olmamaq" şərt deyil. Böyük Vətən Müharibəsi istisna sayıla bilər, çünki həmin savaş haqqında yazmış adamların böyük əksəriyyəti sıravi əsgər kimi Berlinə qədər yol getmişdilər. "Mən orda olmuşdum" kimi sözlərlə ritorik çıxışların da yeri yoxdur. Çünki hər kəs "olmuşdu". Və həm də hər evdə həmin bu ağrı vardısa, müharibəni bütün xalq öz bəlası kimi qəbul edirdisə ədəbiyyat bundan kənarda qala bilməzdi. Ağrı lokal deyildi. Baxmayaraq ki, çox hallarda od-alov minlərlə kilometr uzaqda idi, insanlar həmin ağrının içindəydilər. Amma qəribədir ki, Qarabağ müharibəsinin atəş səsləri lap qulağımızın dibində idi, biz onu eşidə bilmədik. Çünki bu savaşı böyük anlamda savaş kimi dərk etmədik. Necə ola bilər ki, bir tərəfdə bombalar partlasın, bir tərəfdə təbil-zurna guruldasın, bir tərəfdə insanlar didərgin düşsünlər, bir tərəfdə saraylar ucalsın. Bu savaşın lap ortasında olsan belə qeyri-bərabər səfərbərlik səni səfərbər olmağa qoymayacaq. Müharibənin məzmunu dərk olunmamış qaldı.
 
Düzdür, indi biz Böyük Vətən Müharibəsi haqqında yazılmış ədəbi əsərlərin bədii məziyyətlərindən çox danışırıq (söhbət Azərbaycan ədəbiyyatından gedir), amma etiraf edə bilmirik ki, həmin əsərlərin çoxu arxa cəbhədəki hadisələrin təsvirinə həsr olunmuşdu (hər halda "arxa cəbhə" anlayışını da yaratmaq bir hünərdi). Baxmayaraq ki, bizim yazıçıların da böyük əksəriyyəti həmin savaşın bilavasitə iştirakçısı olmuşdular, deyək ki, Bondarevin əsərlərindəki möhtəşəm təsvirləri onların yazılarında görə bilmədik. Savaş çox səthi göstərilirdi, pafos çox idi, ura-patriotizm çox idi, yarımçıq həqiqətlər, ağ yalanlar çox idi. Heç kim yaza bilmədi ki, milli azlıqlar əslində həmin savaşda ətdən divar hörmək üçün idi, bütün deşikləri yamamaq üçün canlı material idi. Müharibə haqda gözəl miflər yaradılmışdı, insanları inandırmışdılar. Bəlkə belə daha yaxşı idi, deyə bilmərəm. Amma yarımçıq həqiqətlər bir gün çat verir, necə ki verdi.
 
Bu günün insanı rahatlığa çox öyrəşib, çox ərköyünləşib. O, savaş haqqında düşünə bilmir və istəmir də. Müharibə ədəbiyyatının yoxluğundan şikayətlənənlər özlərinə də bir sual versinlər. Bəs onlar necə, bu mövzuda nəsə oxumaq istəyirlərmi? Yəqin ona görə bizim ən tanınmış yazıçılarımız bu mövzudan yan keçirlər. Əgər həftədə bir detektiv roman yazan xalq yazıçısıdırsa, deməli, xalqın tələbatı budur. Bazar iqtisadiyyatında, daha doğrusunu desəm, bazarda yaşayırıq. Tələb təklifi müəyyənləşdirir, özü də təkcə bizdə yox, bütün dünyada. Təsəvvür edin ki, ədəbiyyat xəzinəsinə hərb mövzusunda yazılmış ən gözəl əsərləri verən rus yazıçıları da həyəcan təbili çalırlar. Nə Əfqan, nə də Çeçen müharibəsi haqqında dolğun bir əsər yazılmayıb. 60 yaşdan aşağı kimsə bu mövzuya yaxın durmur. Çünki bu savaşların da mahiyyəti dərk olunmayıb, mümkün də deyil. Axı necə ola bilər ki, silahı, sursatı, yaraq-əsləhəni düşmənə satasan, sonra da həmin silahla sənin öz qardaşlarını öldürələr...
 
"Znamya" jurnalı hərb mövzusunun ədəbiyyatdan niyə getməsi ilə bağlı müxtəlif yaşda yazıçılarla sorğu keçirib. Bu da yazıçıların cavabları.
 
Vladimir Berezin: - Vətən müharibəsi haqqında yazılmış əsərlər ki var, elə bir cəmiyyətdə yaranırdı ki, orda qeydsiz-şərtsiz müharibənin ədalətli olduğuna inanırdılar. Bu ədəbiyyatı yaradan insanlar yüzlərin, minlərin içindən yox, on milyonların arasından hərbi xidmətə getmişdilər. İndi isə cəmiyyət yekcins deyil, hərbi çağırış da eynilə. Müharibə ədəbiyyatı üçün Kuberten prinsipi pozulur. Kuberten deyirdi ki, bir Olimpiya çempionunun olması üçün ölkədə ən azı 10 belə idmançının varlığı labüddü. Birinci yerlər uğrunda çalışan 100 idmançının da mübarizəsi, 100 minlərlə adamın da idmana həvəs göstərməsi lazımdır. İndi isə belə deyil - ümumi hərbi mükəlləfiyyət hər kəsə aid olmur. Səbəblərdən biri də budur. Amma ictimai fikrin əksinə yaradılacaq mətnlərin də dəyəri o zaman qiymətli olacaq ki, onlar ümumi axardan çıxa bilsinlər.
 
Vasil Bıkov: - Məlumdur ki, vaxt tarixi qurd kimi yeyir. Hərb ədəbiyyatının təkcə istedadlı yox, həm də fədakar nümayəndələrinin səyi ilə bəzi həqiqətlər kitablarda öz əksini tapa bildi. Onlar həqiqəti söyləmək haqqını təkcə redaktor kabinetlərində yox, həm də qanlı səngərlərdə qazanmışdılar. Heminquey 12-dən 2-nin qayıtmasını söyləmişdi, bizim yaşıdlardan isə 100-dən 3-ü sağ-salamat dönə bildi. Və bu faciəvi durum onlarda təkcə doğruları dərk etmək yox, həm də həlak olmuşlar qarşısında mənəvi borc hissini yaratdı. Bunun üçün həyatda da, ədəbiyyatda da nələrdən keçdiklərini deyəsən unutdular... Amma onların acı təcrübəsi başqa müharibənin iştirakçıları üçün dərs oldu. Gənclər arasında istedadlıların sayı az deyil. Amma ədəbiyyatda vətəndaş cəsarəti çatışmır. XX əsrlə tarix bitmir, davam edir, o cümlədən ədəbiyyat tarixi də. Zaman öz axarı ilə gedir. Və çox ola bilsin ki, gələcək müharibələrin səngərlərində yeni Lev Tolstoy yetişsin.
 
Georgi Vladimov: - Tarixdə heç bir müharibə o birinə bənzəməyib - nə ölüm vasitələri ilə, nə strategiyası ilə, nə taktikası ilə, nə də məişəti ilə. Ən əsas da Tolstoyun "Ordunun ruhu" adlandırdığı qeyri-maddi substansiyası ilə. Yeni nəsil üçün veteranlar kimdi? Qoca, xəstə, dişsiz, heysiz adamlar. Hələ də Kursk və Yelninsk haqqında xatirələr danışan binəvalar. Onlar nəyi qoruyublar? QULAQları, "jdanovçuluğu", "stalinizmi". Özlərinin faşizmi dura-dura xarici faşizmdən müdafiənin nə yeri var? Bu, gənclərin düşüncələridi. Onlar üçün 35 yaşlı (indiki yanaşma ilə gənc yazıçı) Tolstoyu anlamaq çox çətin olacaq. O da 1812-ci il veteranlarını elə belə görmüşdü, amma onlar haqda yaza bilmişdi. Tolstoyda zamana, tarixə məhəbbət vardı, hörmət vardı, qəhrəmanlıq, şərəf hissi vardı. Onun möhtəşəm təxəyyülü bu xəstə qocaları gənc olaraq canlandıra bilirdi. 19 yaşlı bir gəncin batareya, ya da rota komandirliyini üstlənməyini, taleyüklü məqamlarda Vətən qarşısında məsuliyyət hissini anlaya bilirdi. Həm də ordunu, ordakı insanları, ordu həyatını sevməyi bacarırdı. Yazıçı bütün bunlardan yoğrulur. Əgər bu günün yazarı orduya bu günün baxışı ilə baxırsa, yəni ironik, əgər onu Ağ dənizdən Qara dənizə qədər əhatə olunan böyük savaş maraqlandırmırsa, hardasa Qafqazda, hardasa Dnestryanında gedən döyüşlər düşündürəcəkmi? Bəlkə şəxsi təcrübə, iştirak kimisə əlinə qələm almağa sövq edəcək, amma bu, bütövlükdə ədəbi prosesə təsir etməyəcək. Belə qəbul olunub ki, fikirləri bədbin notda bitirmək olmaz. Ona görə belə deyim, Böyük Vətən Müharibəsi arxivləri hələ bütünlüklə açılmayıb, XX əsrin ən böyük savaşı nəvələrimizin düşüncəsini hələ çox məşğul edəcək. Növbədə isə yeni müharibələr var, elan olunan və olunmayan. Cənablar, hələ ki axşam düşməyib, irəlidə bizi yeni döyüşlər gözləyir!
 
Yəqin ki, Vladimov "döyüş" sözünü bütün mənalarda işlədir. Əgər böyük rus xalqının yazıçıları narahatlıq keçirirlərsə, biz niyə sakit oturaq? İctimai fikir nəyi tələb edir-etsin, yazıçının vəzifəsi doğrunu yazmaqdı. Yenə Heminqueyin sözlərini xatırlayacam: "Bundan çətin heç nə yoxdu və gələcək mükafatın böyüklüyünü də vəzifənin çətinliyi ilə izah etməliyik. Gec, ya tez gəlsə belə. Əgər mükafat erkən gəlirsə, adətən yazıçını məhv edir. Əgər gecikirsə, yazıçını qəzəbləndirir. Ölümdən sonra gələn mükafatlar da var. Ancaq o zaman yazıçı üçün isti-soyuğu olmayacaq. Amma həqiqəti əks etdirən əsl ədəbiyyatı yaratmaq çox çətin olduğundandır ki, sözün həqiqi mənasında əsl yazıçı gec-tez tanınacaq və qəbul olunacaq".
 
Hələlik isə bizə gözləmək qalır. Gözləmə mövqeyində durmaq yox, sadəcə gözləmək. Dəyərlər sistemi dəyişirsə, burda artıq "dostluq", "şərəf", "ləyaqət", "vətən" anlayışlarına yer qalmır. Bizə anlatdılar ki, "xidmət", "vəzifə borcu", "həyat həqiqətləri" kimi sözləri leksikondan çıxarmaq lazımdı. Anlatdılar ki, yazıçı, düşündüyümüz kimi "insan qəlbinin mühəndisi" deyil. Ədəbiyyat da şüurları yönləndirəcək bir nəsnə deyil. Hər şey əyləncədi. Müharibə mövzusu Vətən anlamını yada salır. Bu anlama isə münasibət də birmənalı deyil. Görünür, hərb mövzusunda "əsl" ədəbiyyatın yaranması üçün müharibənin də bizim şüurumuzda "əsl" olmasını gözləməyimiz gərəklidi. Düzdür, biz gözlədiyimiz müddətcə televizordan kimin "aktiv", kimin "passiv" olduğu haqda saatlarla, günlərlə danışacaqlar. Özü də bunu o qədər bəsit, gülünc, qeyri-peşəkarcasına edəcəklər ki... Hörmətli bir rejissorun sözünü ağzında qoyub xüsusi buraxılışla efirə girəcəklər, sən də ürəyin əsə-əsə "görəsən nə olub" düşünəcəksən. Nəticədə isə zatən bu gün efiri dolduran mavi sifətlərdən bir-ikisi də siyahıya əlavə olunacaq. Hə, bu da döyüşdü, müharibədi. "Əlvida, silah"- deməyə tələsməyək. Bizi irəlidə yeni döyüş gözləyir. Burdakı silah isə sözdü, doğrunu deyən söz.
 
... Son günlər ədəbi ictimaiyyəti, həm də cəmiyyəti bir balaca tərpədən, ortalığa dolu kimi düşən "Dolu" romanı məni bu mövzuda gəzişməyə vadar etdi. Niyə roman diqqət çəkdi? Mənə görə, burda bizim hələ sonacan "əsl" müharibə kimi dərk etmədiyimiz savaş haqqında müəllifin bəzi həqiqətləri demək cəhdi vardı. Bəzən yalana bükülmüş doğrular şəklində. Əgər bu gün mətbuatda roman haqqında yaxşı-pis nəsə yazırlarsa, bunu ancaq alqışlamaq lazımdır. Çünki ümumi işin xeyrinədi, ədəbi prosesin xeyrinədi. İndi doğrunu cəhdlər şəklində deyərik, sabah hardasa Stendal, Tolstoy, Heminquey yetişər, bütün olub-bitənləri yazar. "12-dən 2" prinsipi hər zaman məqbuldu. Və ancaq o halda əsl Vətən və əsl Müharibə haqqında düşünəcəyik.
 
... Yenə Heminqueydən: "O zaman ki insanlar öz torpaqlarını işğalçılardan azad etmək üçün döyüşürlər, o zaman ki həmin insanlar sənin dostlarındı - köhnə, ya da təzə - və sən bilirsən ki, hücum hardan olub, cavab hardan gəlib, silahsız, əliyalın insanların ölüm-qalım savaşı necə olub - anlayırsan. Anlayırsan ki, müharibədən dəhşətli də nəsə var. Qorxaqlıq daha dəhşətlidi, xəyanət daha dəhşətlidi, eqoizm daha dəhşətlidi". 
 

TƏQVİM / ARXİV