adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DİRİLƏN ADAMIN SÖYLƏDİKLƏRİ...

BABƏK YUSİFOĞLU
45687 | 2014-08-05 00:22
Bu dünyanın qəribəliklərlə, sirlərlə, müəmmalarla dolu olduğunu bu gün isbatlamağa heç bir ehtiyac yoxdur. Hərçənd bugünkü elmi-texniki inkişafın heyrətamiz səviyyəsi insan övladına inanılmaz bilgi əldə etmək imkanları yaradıb. Lakin bəşər övladı hələ də bilmək, öyrənmək istədiyi saysız-hesabsız sualların qarşısında aciz qalıb. Qəribədir, əslində insanlar çox bilgi sahibi olduqca bir o qədər də məchulluqlarla üzləşirlər. Lap birləşmiş qablar qanundakı mayenin səviyyəsi kimi...
Və bu sorğular arasında insan oğlunu ən çox düşündürən gələcək və daha sonrası, yəni ölümdən sonrakı proseslərlə bağlıdır. Niyəsə hər kəs həyatında nələrin necə olacağı haqqında bilmək istəyir. Ən azı ətrafda baş varən hadisələrin, müşahidə etdiyimiz situasiyaların, daha geniş mənada isə dünyada cərəyan edən proseslərin nəyə gətirib çıxaracağından xəbərdar olmağı arzu edirlər. Amma təəssüf. Bunları bilmək Tanrının xüsusi qabiliyyət bəxş etdiyi insanlardan savayı kimsənin imkanları daxilində deyil. Və mənə görə bu cür fenomenlərin təzahürü də ondan ötrüdür ki, insanlar bu kainatdakı ilahi düzənin Nəhayətsiz Bir Qüdrət sahibi tərəfindən təsis edildiyinə əmin olsunlar. Axı, insanların bir çoxu şübhəçidirlər...
Belə insanlar vasitəsiylə çox şeylərdən xəbər tutmuşuq. Məsələn, Brinkli vasitəsiylə. Özü, elə yaşadığı həyat da möcüzədən ibarət olan Brinkli daha nələrdən məlumatlar verməmişdi ki?
Kim idi bu möcüzə adam?..

HƏYATA DÖNÜŞ

Bu gerçəklik idi, yoxsa hansısa möcüzəydi? Doğrudanmı bütün insanlar dünyadan köçərkən eyni prosesləri yaşayırdı, ya Brinkli ilə baş verənlər bir fenomen hadisəydi?..
Əlbəttə, bu qəribəliklə bağlı doğan sualları sıralamaq mümkün olsaydı yəqin ki, çox böyük bir siyahı yaranardı. Amma əslində elmin də təsdiqlədiyi bir proses baş verməkdəydi. Dennion Brinkli klinik ölüm keçirirdi.
Onların olduğu təcili tibbi yardım maşını çox çəkmədi ki, xəstəxanaya çatdı və Dennionu ləngimədən reanimasiyaya yerləşdirdilər, elə həmin andan da təcrübəli həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni etməyə başladılar. Ürək masajı, süni nəfəs, lazım olan iynələr, elektroşok... Heyhat... Ürəyin ritminə nəzarət etmək üçün bədəninə qoşulan tibbi aparatın monitorunda ürək döyüntülərini göstərən əyri-üyrü cızıqların əvəzinə dümdüz xətdən savayı heç nə yox idi. Həkimlərin Dennionun həyatını qaytarmaq üçün göstərdiyi cəhdlər fayda verməmişdi...
İxtisasçı həkim təəssüflə:
- Heç nə alınmadı... - deyərək otaqdan çıxıb böyük həyəcanla bayırda gözləyən Sendi ilə Tommiyə Brinklinin artıq öldüyünü bildirdi. Bundan sonra tibb bacıları Brinklinin cəsədini təkərli xərəyə qoyaraq birbaşa morqa apardılar.
Bəli, həqiqət belə idi: Dennion 28 dəqiqəydi ki, "ölmüşdü". Amma sən demə taleyin hökmü başqaymış. Morqa bir neçə addım qalmış tibb bacısı təsadüfən Brinklinin yavaşca nəfəs aldığını sezdi və həkimlərə xəbər verdi. Və möcüzə davam edirdi. Həkimlərin yenidən müdaxiləsi nəticəsində Brinkli keçirdiyi klinik ölümdən həyata dönə bildi. Başqa cür desək, onun ruhu bədəninə qayıtmışdı.

QEYRİ-ADİ ALƏMDƏ...

Dennion çox sonralar bütün baş vermişlər haqqında, düşdüyü qeyri-adi aləm haqqında ətraflı yazmışdı. Doğrudan da inanılmaz şeylər idi...
O, kitabında həmin hadisələrdən belə bəhs edirdi.
"...Mənimlə həyat arasında hər şey bitdikdən sonra irəliyə baxdım. Qarşıdan bir tunnel sürətlə yaxınlaşırdı. Mənə elə gəlirdi ki, orada çox qəribə olacaq və niyəsə özüm də tunnelə can atırdım. Və o tezliklə məni bütövlükdə uddu. Həmin an növbə ilə, bir-birini əvəzləyərək 7 fərqli zəng səsləri eşidildi. Tunelin o biri başında görnünən işıq getdikcə güclənsə də qaranlığı bütünlüklə qovmadı. Mən həyatda olarkən heç vaxt belə parıltılı işıq görməmişdim. Ən qəribəsi isə bu idi ki, bu parlaq işıq seli mənim gözlərimi zərrə qədər də qamaşdırmırdı. Əksinə, sakitlik gətirirdi. Halbuki qaranlıqdan Günəş işığına çıxarkən adətən insanın gözlərində ağrı hiss olunur...
Hər tərəfi nəzərdən keçirəndə məndən yuxarıda Nurdan ibarət bir varlığın mövcudluğunu gördüm. Əslində ətrafda anlamadığım başqa Varlıqlar da vardı.
...İşıqdan ibarət Varlığı bu dəfə önümdə gördüm. Nədənsə Onun yaxınlıqda olması mənə sakitlik gətirirdi. Məndə belə bir inam yarandı ki, heç kim məni Onun kimi çox sevə və anlaya bilməz.
...Dünyaya gəlişimdən ildırımın məni vurduğu anadək bütün həyatımı aydınlığı ilə görürdüm. Və insanlara verdiyim zərər, törətdiyim yaramazlıqlar mənə inanılmaz əzablar verməkdəydi..."
Qəribədi. Əslində ölümdən sonrakı proseslərin tədqiqatını aparan mütəxəssislərin çox böyük əksəriyyəti oxşar səhnələri təsvir edirlər. Klinik ölüm keçirmiş insanların demək olar ki, hamısı ilk növbədə Brinklinin də söylədiyi Tunneldən və o tunnelin başında görünən Nurdan bəhs edirlər. Görəsən bütün bunlar nə anlam daşıyırdı?..

İKİNCİ DÖNÜŞ...

Brinklinin özünün dediyi kimi yenidən həyata qayıdışı ona verilən bir şans idi və o günahlarını yumaq üçün həmin şansa sahib olmuşdu... Əlbəttə, bu onun versiyasıydı. Əsl həqiqəti isə kimsə deyə bilməzdi. Fakt bu idi ki, Dennion çox uzun müddət xəstəxanada müalicə almalı oldu. Tam normal həyata qayıdışı isə daha böyük vaxt aldı: 2 ildən də çox. Amma bütün bunlardan o lazımi nəticə çıxarmışdımı?..
Proseslərin bu məqamında diqqət çəkən daha bir məsələ ortaya çıxır. "O dünyanı görüb-gəlmiş", səhvlərinin əzabını ruhunun dərinliklərində hiss etmiş Brinkli sonralar özünün ifadə etdiyi kimi səhvlərini korrektə etmək üçün verilən şansı düzgün dəyərləndirmədi. Əksinə keçdiyi qeyri-adi proseslərin ona bəxş etdiyi özəllikləri də doğru yola yönləndirmədi. Təmasa girdiyi insanların filkirlərini oxumaq, olacaqları öncəni görmək kimi qabiliyyətlərini kazinolarda, qumarxanalarda istifadə etməyə başladı.
İlahi Qüdrətin sirlərini kim anlaya bilmiş ki?
Çox qəribə görünsə də Dennion Brinkli yenidən oxşar hadisələri yaşamalı oldu. Belə ki, həmin hadisədən 10 ildən çox keçməsinə baxmayaraq onun səhhətində ciddi problemlər yarandığından xəstəxanaya yerləşdirildi. Müayinələrdən sonra aydınlaşdı ki, ürəyində cərrahiyə əməliyyatı aparılmalıdı. 1990-cı ilin axırlarında keçirilən "operasiya"da Brinkli ikinci dəfə "öldü". Lakin... Həkimlərin artıq əllərini üzdükləri zaman Tanrı ikinci dəfə ona həyatını bağışladı.
Məhz bu hadisədən sonnra onu tanıyanların hər biri tamam fərqli bir Dennion Brinklini görürdü. Yəni, bir insanın bütünlüklə bu qədər dəyişdiyinə sözün əsl mənasında heyrətlənməyə bilmirsən. O inanılmaz dərəcədə xeyirxah, rəhmdil, sadə, doğruçu, həm də güclü iman və inam sahibinə çevrilmişdi. İndi hər addımbaşı ətrafındakılara yaxşılıq etməyə, köməyə möhtac olanlara yardım göstərməyə çalışır, hər kəsi Tanrının yoluna qayıtmağa səsləyir, həmçinin yaradıcılıqla da məşğul olurdu. Əsasən klinik ölümdə qarşılaşdıqlarından bəhs edən əsərlər üzərində işləyirdi.

DƏYİŞƏN ADAMIN ƏSƏRLƏRİ

Əlbəttə, bunların Dennion Brinkli tərəfindən məqsədli şəkildə edildiyini düşünmək də təbii görünərdi. Çünki kitablar yazaraq məşhurlaşmaq, uzun müddət insanların diqqət mərkəzində olmaq və bütün bunlara görə də yaxşı pul-para qazanmaq üçün heç də mənasız hesab oluna bilməzdi. Əslində zaman-zaman bütün bunlar üçün fırıldağa əl atanlar az olmayıb. Özü də keçmişinə rəğmən onun kimi birisi üçün bu daha təbii görünərdi. Lakin bəzi məqamlar belə şübhələrə etibarlı bənd çəkirdi. Belə ki, Dennion Brinkli klinik ölümü yalnız bir dəfə keçirməmişdi. Sadə dillə desəm, o, üç dəfə ölüb dirilmişdi və kimsə sadalanan şeylər üçün bu cür risqi üç dəfə göz altına almazdı. Çünki ortada insan üçün ən qiymətli olan həyatı var. Və...
İnsanlar Brinklinin "o dünyada" gördükləri barədə söylədiklərinə asanlıqla inanmadılar. Amma o, dediklərində israrlıydı. Və həm bu israrlar, həm 1995-ci ildə işıq üzü görən "İşığın xilas etdiyi", 1996-cı ildə çap olunan "İşığın sakitliyində" kitabları, həm onda qeyri-adi qabiliyyələrin və xarakterin yaranması, həm də mütəxəssislərin qənaətləri hər kəsi inanmağa sövq edə bildi. Onu da qeyd edim ki, Dennionun hər iki əsəri çox qısa müddət ərzində ən çox satılan, ən çox oxunan kitablardan birinə çevrildi. Kim həyatın o biri üzündə nələrin baş verdiyini bilməyə maraq göstərmir ki?..

(Ardı qəzetin 12 avqust sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV