adalet.az header logo
  • Bakı 19°C

XƏBƏRÖTüRMƏ VƏ YA TƏKRAR OXU

18694 | 2007-07-23 15:11
Əgər informasiya hakimiyyətdirsə fərqi yoxdur, dördüncü, beşinci, yaxud da elə birinci, deməli, onun uğrunda mübarizə getməlidir. Mübarizə gedirsə yenə də fərqi yoxdur, kimlə kim arasında, deməli bunlardan biri məğlub olacaq, digəri isə qalib gələcək. Kim qalib gələcəksə, o da indiki misalımızda jurnalistikanı, informasiyanı, xəbər və xəbərötürmə vasitələrini idarə edə biləcək.
   
    Hakimiyyət özlüyündə daim boş, vakant yerdir. Bu yeri kimsə tutmalıdır. Hətta tutulandan sonra da onun vakant yer mahiyyəti itmir. Buna görə də onun uğrunda yer tutulandan sonra da, mübarizə davam edir. Amma artıq mübarizə iki bərabər qüvvə arasında deyil, yeri tutanla ona iddia eləyən arasında aparılacaq. Bu isə əvvəlkindən xeyli fərqli olur. Fərq isə ondan ibarətdir ki, yeri tutanın əlində vasitələr var, tutmayan isə bu vasitələrdən məhrumdur. Amma tamamilə yox. Onun üçün də müəyyən vasitələr saxlanılıb ki, bunlarla öz etirazını bildirsin, tənqid etsin, kimlərəsə vədlər versin, kimlərisə hədələsin və əlbəttə ki, təkrar-təkrar məğlub olsun. Tərəf müqabili tamamilə vasitələrdən məhrum etmək olmaz. Ona görə yox ki, cəmiyyətdə, kənardan baxanların gözündə "demokratik mənzərə" yaratmaq lazımdır. Boş şeydir! Ona görə ki, belə olanda meydanda tək qala bilərsən. Bu halda əks tərəfin, yəni sənin zəif tərəf-müqabilinin susmaq təhlükəsi yaranar. Susmaq və susa-susa anlamaqdan məgər təhlükəli nə isə ola bilər? Bu o deməkdir ki, öz əlinlə özünə qarşı total mübarizə potensialı yaradırsan. Əgər belə olmasaydı, nə üçün həmişə meydanda olub fəallıq göstərən susan tərəfə nigaran-nigaran baxır. Yəqin bu klassik situasiya yadınıza gəlir. Susma! "Danış, səni görüm"! Etiraz, narazılıq yığılıb-yığılıb bir gün partlaya bilər. Ondansa az-az qoy enerjisi, qazı, tüstüsü, dumanı çıxsın özü üçün...
   
   Deyəsən, mətləbdən uzaqlaşdıq, bir az kənara getdik. Biz axı söhbəti xəbərötürmə vasitələrindən başlamışdıq. Belə maraqlı məsələni qoyub yorğun, tükənmiş mövzudan danışmaq nə qədər düzgündür? Heç mənası varmı bunun? Yox, əlbəttə! Amma xəbərötürmədə görün nə baş verir.
   
   Bir gün həmişə əlinin altında olan, hər vaxt işlətdiyin hər hansı bir əşya itir. Onu tapmaq, harda olduğunu bilmək üçün gümanın gələn yerlər, yaxud gümanın gələn adamlar barədə düşünürsən. Həmin adamlardan birinə öz qulluqçun vasitəsilə xəbər göndərirsən ki, götürdüyü əşyanı geri qaytarsın. Xəbəri göndərəndən sonra təsadüfən axtardığın predmeti, məsələn çeşməyi masanın üstündəki qəzetlərin altında tapırsan. Amma gecdir. Xəbər artıq göndərilib. Sənə qayıdacaq cavab-xəbərin nə olacağını da bilirsən. Amma bu anlaşılmazlığı yerinə qoymaq, səhv elədiyini boynuna almaq əvəzinə bunun qəribə, məzəli effektinə aludə olub digər adamlar vasitəsilə də heç nə bilməyən kimi təkrar messaclar göndərirsən...
   
   Bəli, Azərbaycan ədəbiyyatından azca da olsa məlumatı olan hər bir adamın oxuduğu, hamıya tanış olan Əbdürrəhim bəy Haqverdiyevin "Çeşmək" hekayəsini danışıram. Bu hekayə ədibin yaradıcılığında yəqin ki, ən gülməli əsərdir. Biri şitlik eləyir, o biri bundan dəli olub ölür. Amma biz burda əsasən, nə advokat Mahmud bəyin aqressiv zarafatına, nə də bu təcavüzə məruz qalan Mirzə Əhmədin ruhi xəstəlik həddinə çatacaq qədər qeyzlənməsinə gülürük. Bunlar ikinci dərəcəli gülüşdoğuran obyektlərdir. Əsas gülüş Mahmud bəyin göndərdiyi xəbərlər və onları ötürmə vasitələridir. Gəlin bu hekayədə göstərilən o dövrə aid olan Mahmud bəyin zarafatını gücləndirmək və davamlı etmək üçün işə saldığı bütün informasiya vasitələri arsenalını yada salaq. Əvvəl şəhər içində piyada gəzən tanışlar vasitəsilə şifahi xəbərlər gün ərzində beş-altı dəfə zavallı xəbəralana göndərilir. Nəhayət, Mirzə Əhməd vəkilin yanına gəlib ona sevindirici xəbər yetirir: "Sabah gedirəm vağzala, ondan da o yana. Hər nə bilirsən bundan sonra elə!"
   
   Bax, bununla da Mirzə Əhməd özünün ölümünə imza atır. Söhbət xəbərötürmədən gedirsə bunun qarşısını almaq qeyri-mümkündür! Hələ o vaxt.
   
    Mahmud bəy Mirzə Əhmədin gedəcəyi yolda olan bütün dost-tanışlarına yenə də çeşmək barədə məktublar yazıb faytonlar vasitəsiylə onları ünvanına göndərir. Vağzala kənd-kənd, oba-oba gedib çatana qədər yolda onu atlılar, dükançılar, aşbazlar daha kimlər bu lazımsız xəbərlə təngə gətirirlər. Bu da azdır. Mirzə Əhməd öz işləri ilə əlaqədar Gəncə, Bakı, Tiflis, hətta Türküstana qədər gedib çıxır. Buna baxmayaraq bu qəsbkar (!) xəbər ən uzaq yerlərdə də gəlib onu tapır. Nəhayət, kişi həyatdan, yaşadığı cəmiyyətdən əl çəkib tənhalığa çəkilir və xəstələnib ölür.
   
   Onu əslində zülm verib qətlə yetirirlər. Heç zarafata oxşamır. Əksinə, adamı qorxudur.
   
    Burda biri xəbər ötürməklə təqib edir, izləyir, digəri isə, xəbəri alan təqibdən qaçıb canını qurtarmaqla. Biri cəlladdır, o biri onun qurbanı.
   
   Advokat Mahmud bəy xəbər istehsalçısıdır. Xəbəri ötürənlər isə onun köməkçiləri, dostları, tanışlarıdır. Özü də hər dəfə Mirzə Əhməd vəkilin onunla zarafat etdiyini söyləyəndə, cavabı bu olur ki, yox, nə danışırsan, Mahmud bəy kimi ciddi, alicənab adam zarafat xatirinə belə iş tutmaz.
   
   Mirzə Əhməd isə, xəbər istehlakçısı, bu oyunda total informasiya təqibinin qurbanına çevrilib.
   
   Çox güman ki, Əbdürrəhim bəy Haqverdiyev bu zarafatın vaxt gəlib qlobal qanunauyğunluğa çevriləcəyini heç ağlına belə gətirməzdi. Ümumiyyətlə, zarafatlar çox zaman həyatın qanunauyğunluqları əsasında üzə çıxır. O ki olsun gerçəyə çevrilən zarafatlar.
   
    Ən maraqlısı odur ki, advokat Mahmud bəy zarafatı, yəni istehsal etdiyi xəbər üçün maraqlı obyekt kəşf edə bilir, yəni dostu Mirzə Əhmədi.
   
    Xəbər istehsal etmək azdır. Xəbəri ötürmək də kifayət deyil. Onun istehlakçısını yaratmalısan. Tanınmış İtaliya filosofu və yazıçısı Umberto Ekonun fikrincə, xəbərin məzmunu heç bir əhəmiyyət daşımır, əgər onu qəbul edən lazımi kod olmasa. Bax, bu lazımi kodu yaradan sonra xəbər istədiyin kimi işləyir, gözlənilir, alınır, reytinqi olur və lazımi təsir göstərə bilir. Əks təqdirdə xəbər nə qədər mühüm olsa da onun çatacaq ünvanı olmayacaq. Məsələn, Dağlıq Qarabağın statusunun haqda müxtəlif səviyyələrdə, müxtəlif beynəlxalq təşkilatlarda, bu təşkilatların üzvlərinin görüşündə müzakirə edilməsi bu gün kimə maraqlı ola bilər. Bəlkə də o da böyük sual altındadır, bu danışıqların hansınınsa, doğrudan da, müəyyən əhəmiyyəti ola bilər. Amma bu əhəmiyyətli hadisə haqqında xəbər özünün istehlak kodunu artıq çoxdan itirib. Bizim də bu ağrılı problem haqda durmadan, daim gələn xəbərlərin istehlakçısı olaraq qalmağımıza baxmayaraq onu qəbul etmək, aydınlaşdırmaq, düşünmək, bir-birimizlə söhbət etmək, müzakirə aparmaq üçün kodumuz yoxdur. Söhbət xəbər istehlakçısından gedir. Yəni, bizdən. Söhbət müxtəlif görüşlər üçün müxtəlif ölkələrə səfər edən birliklərin, təşkilatların nümayəndələrindən, onları müşayiət edən jurnalistlərdən, bu görüşlər, toplantılar haqqında xəbərləri ildırım sürəti ilə ciddi və mühüm xəbər kimi müxtəlif vasitələrlə ötürən mətbuat işçilərindən getmir.
   
   Bu Azərbaycan jurnalistikası artıq istehsal olunan xəbərləri istehlakçıya ötürməklə məşğuldur. Bu gün jurnalistin hələ açılmayan, araşdırma tələb edən sahələrlə işləmək qüdrəti yoxdur. Ona görə yox ki, zəifdir. Ona görə ki, bunun çoxlu səbəbləri var və onlardan biri də istehlakçı kodunun itirilməsidir.
   
   

TƏQVİM / ARXİV