hacklink Adalet.az | Düşünməyə dəyər Adalet.az | Düşünməyə dəyər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Düşünməyə dəyər

16893    |   2007-07-23 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya telekanallarında film seyr edirdim. Baş qəhrəmanının fərziyəsinə görə, elmi-tədqiqat institutlarından birinin damında quraşdırılan antena qurğusu şəhərdə cinayətkarlığın artmasına səbəb olub. Yəni, insanlar özləri də bilmədən müəyyən şüalanmaya məruz qalır, nəticədə aqressiv olur, tez qıcıqlanır, hətta cinayət törədirlər. Çoxseriyalı filmin ardını izləməyə imkanım olmadı və bu məsələnin nəylə qurtardığından xəbərsizəm. Əslində, məni düşündürən başqa şeydir: bəlkə bizə də təsir edən bir qurğu var? Elə güclü qurğu ki, bütün regionları əhatə edib. Biri özünü kəndirdən asır, o biri damdan tullanaraq intihar edir. Oğul anasını öldürür. Ər-arvad münasibətləri bıçaqla, baltayla ayırd edilir. Bakının küçələrində maşınlar adamın üstünə şütüyür, piyadaya yolu keçməyə macal verən yox. Eybəcər siqnal səsləri qadağan olunsa da bir-birinin bəhsinə daha da bərkdən çalınır. Görən kimə acıq veririk? Məgər bir xalqın övladları deyilik? Dükan-bazarda vaxtı keçmiş ərzaq mallarını satan da bizik, alan da biz. Bir-birimizi niyə aldadırıq? Bir-birimizi soymaq, qarət etmək hesabına varlanmaqdansa bir-birimizin köməyilə ucalsaq, daha yaxşı olmazmı? Yadıma coxuna məlum olan bir hekayət düşdü. Deyirlər ki, iki qazan qaynayırmış. Birinin ağzında qapaq, digərinin ağzı açıq. Yoldan ötənlər maraqlanıb soruşur ki, bu qazanlarda qaynayan nədir? Niyə birinin ağzı açıqdı, o birininki bağlı? Deyirlər, birində filan millətdir (adını bilərəkdən çəkmirəm). Ağzını bağlamışıq ki, bayıra çıxan olmasın. İkinci qazanda qaynayan başqa millətdir (adını söyləmirəm). Bu qazanın qapağını örtməyə lüzum yoxdur. Çünki kim çıxmaq istəsə, o biriləri ayağından tutub aşağı dartacaq ki, qurtula bilməsin.
   
   Görən biz beləyik, yoxsa bizi belə görmək, belə tanıtmaq istəyənlər var?
   
   Məişət zəminində cinayət hər yerdə, hər dövrdə olub. Amma indi xüsusi amansızlıqla qətlə yetirmə halları tez-tez baş verir. Cinayəti törədənlər də, onun qurbanları da bir millətin övladlarıdır və hətta bəzən bir məhəllənin adamları, bir ailənin üzvləridir. Bu sözlər daha çox bu sətirləri oxumayanlara lazımdır. Amma nə etməli? Qəzetlərdən, kitablardan qaçaq düşənləri elmə, maarifə, mədəniyyətə necə cəlb etmək olar? Bunu bilən varmı? Axı, millət olaraq illərlə qazandıqlarımızı keçid dövrlərində az-az da olsa itirsək bir gün özümüzü, milli simamızı da itirmiş olarıq.
   
   Səhər evdən çıxıb məktəbə gedən çox, dərs oxuyan az. Ali təhsillilərin sayı ilbəil artır, ali savadlılar, ziyalılarsa azalır. Bakıda türk dəlləkləri cövlan ediyor. Saç qırxdırmağın dəyəri az qala başın qiymətindən bahadır. Həyatda özlərinə yol tapa bilməyən minlərlə gənc Rusiya bazarlarında bəxt açarını axtarır, əvəzində çox vaxt güllə, ya da bıçaq yarası tapır. Millət olaraq dərdimizə şərik çıxan az, malımıza göz tikən çox. Belə olan halda nə etməli?
   
   Arzuladığımız gün nə zamansa gələcək, amma biz o zaman "biz" olmaya bilərik. Bu haqda ciddi düşünməyə dəyər. Əgər əsrlərlə qorunan dəyərlərin dəyərdən düşməsini istəmiriksə dəyərli iş, dəyərli əməl sahiblərinə, gərəkli simalara dəyər verməliyik. Nədən ən əhəmiyyətsiz idarədə də müdir dəyişilən kimi elə bil dünya alt-üst olur, aləm dəyir bir-birinə. Stəkanda fırtına yaradanların səyilə dünənə kimi nə yaxşıydısa pis, nə pis idisə yaxşı kimi qələmə verilir. Gedənin kölgəsi qılınclanır, yeni gələnə ləbbeyk deyilir. Normal cəmiyyətdə bunu qəbul etmək anormaldır. Çünki yeni gələn də bir gün köhnəlib gedəcək. Abrını özüylə apara biləcəksə ona afərin. Təəssüf ki, çox vaxt belə olmur. Hər idarə simfonik orkestr deyil ki, hamı dirijor çubuquna nəzərlərini zilləyə. Bir idarədə ki, yeni rəhbərin çubuğuna alışmayanlar kənarlaşdırıla, çubuğa göz dikmək qabiliyyəti ən böyük məharət sayıla, vay işləyənlərin halına. Mənəviyat adamına zorla çubuğa baxmaq məcburiyyəti polis dəyənəyi ilə "islah olma"dan da ağrılı olur.
   
   Üzeyir bəy, Bülbül, Seyid Şuşinski, Xan əmi kimi sənətkarları yetişdirən Şuşaya məmləkətin musiqi akademiyası deyirik. Nə yazıq ki, neçə vaxtdır onun üzünə, Cıdır düzünə həsrətik. İndiyədək Şuşa itkisi barədə müxtəlif fikirlər, mülahizələr fərziyyələr, qənaətlər eşidirik. Yəqin ki, günlərin birində əsl həqiqət tam üzə çıxacaq. Bir şey elə indidən hamıya bəllidir ki, alınmazlıq rəmzi olan Şuşa qalası xəyanətin qurbanı oldu. Əgər bu alınmazlıq rəmzini son nəfəsədək döyüşüb itirsəydik, itkimiz böyük olsa da, yaramız bu qədər göynətməzdi. Bəla ondadır ki, o zaman başdakılar ordunu başsız qoydu, şəhəri sahibsiz. Ona görə "Şuşa hansısa gizli oyunların, sövdələşmələrin nəticəsində düşmənə təslim, daha doğrusu, təhvil verildi", deyənlərə haqq qazandırmamaq çətindir. Amma nə olursa olsun, inanıram ki, nə vaxtsa erməni tapdağı altında qalan torpaqlarımız azad olacaq, milli şüurumuz, iqtisadi qüdrətimiz, hərbi potensialımız artacaq. Azərbaycan nə az, nə çox, beynəlxalq hüquq normalarının, BMT-nin rəsmən tanıdığı dövlət hüdudlarını bərpa edəcək. O günü yaxınlaşdırmaq üçünsə bizim hər birimiz hər gün nəsə etməliyik. Küçələrə səpələnən, maşınların önünü kəsib qəpik-quruş dilənən azyaşlı uşaqlara sədəqə verməklə, kütləvi şəkildə küçə alverinə qurşanmaqla bu işlər çətin düzələ. Müxtəlif yollarla sədəqə toplamağı özlərinə peşə seçənlərdən, ələ baxmağa adət edənlərdən gələcəkdə Vətənin əsl müdafiəçiləri çıxmayacaq. Köməksizlərə, sahibsizlərə sahib çıxa bilən, arxa-dayaq olan güclü dövlət olmalıyıq. Elə bir dövlət ki, rüşvətxor məmurlarının deyil, sıravi vətəndaşların zəngin olmasına, azad, firavan yaşamasına çalışsın. Müstəqil dövlətimizin qüdrətini artırmaq üçün ayrı-ayrı adamların, klanların maraqlarını güdənlərin deyil, bütövlükdə xalqın rifahını düşünənlərin arxasınca getməliyik. Ümummilli birlikdən, barışıqdan danışarkən, bəzi mənəvi eybəcərliklərə qarşı da birlikdə barışmaz olmalıyıq. Bizi indi hər şeydən çox bəlkə də sosial-ictimai ədalətsizliklərə qarşı mübarizə hissi birləşdirməlidir. Xalqın səfalət, yoxsulluq içində yaşayan hissəsini bu bəladan birdəfəlik qurtarmaq istəyiriksə rüşvət mexanizmini dağıtmaq istəyən insanların yanında olmalıyıq. Yeni iş yerləri açmağa səy göstərənlərə, şəhərləri, kəndləri, yolları abadlaşdıranlara, məktəb, məbəd tikənlərə kömək etməliyik. Qalıcı işlər görənlərin işığına yığışmalıyıq. Bir də mənəviyyatımızı zənginləşdirməyin qeydinə qalmalıyıq. Küçələri, restoranları bürüyən, tükürpədən bayağı musiqiyə yox, Bülbülə, Rəşidə, Şövkət xanıma, Alimə qulaq asmalıyıq. Üzeyir bəyin musiqisini mümkün qədər çox dinləməliyik. İçimizdəki milli ruhu yenidən alovlandırmaq üçün ən gözəl dərman müqəddəs sözdür, ecazkar musiqidir. Necə gəldi, harda gəldi səviyyəsiz ifa edi-lən "Koroğlu"nun üvertyurasını dinləməklə, əslində, operanın qayəsini, müəllifin məqsədini unuduruq. Əli havaya qaldırıb barmaqları sıxıb yumruq etmək birlik rəmzi olsa da yumruq hədəfə dəyməyəndə, boşuna havada yellənəndə havayı şeydir. Biz ilk növbədə əl qaldırmağı yox, yumruğumuzla hədəfə sərrast zərbə endirməyi öyrənməliyik. Millət bir olarsa güclü olar, güclü olarsa hər arzusuna çatar!
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK