adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

NüMUNƏ

OQTAY SALAMOV
23276 | 2007-07-20 04:53
Məni tanıyanlar bilir ki, çox məsələlərə qulp qoysam da, çoxlarına "prikol" eləsəm də (bu əksər vaxtlarda ya qarşılıqlı olur, ya da cavab atəşi açmağa məcbur oluram), fiziki və əqli qüsuru olanlara heç vaxt sataşmamışam. Ona görə də yazacağım sözləri mənə irad tutmaq istəyən bir özünə baxsın ki, ağlı, əli-ayağı yerində ola-ola niyə rişxənd obyektinə çevrilir.
   
   Şəxsən mən bizim həşəmətli Milli Məclisimiz tətildə olanda özümü kifayət qədər naqolay hiss eləyirəm. Yox, paxıllıq eləmirəm, həsəd aparmıram ( kül başına, ay Hitler, gör üstünə kim gəlir), başa düşürəm ki, gərgin işləyiblər, taleyüklü qanunları müzakirə və qəbul eləyiblər, seçicilərin dərdlərini ürəklərinə salıblar, şəxsi problemləri... bir sözlə, rus demiş, tətili "zaslujit" eləyiblər. Amma düzünü deyim ki, bu "tətil" sözü heç ürəyimcə deyil, bir az "zabastovka" qoxusu verir. "Otpusk" da yerinə düşmür, əsl məğzi "istirahət" sözü açır. Çünki çoxlarımızdan fərqli olaraq onların istirahəti doğrudan da isti və rahat olur. Əlqərəz, sözümün canı başqadır.
   
   Milli Məclis tətildə olanda özümü naqolay hiss etdiyimi dedim axı. Çünki elə bil adamın kürəyini söykədiyi hasarlardan biri laxlayır (görəsən, biz dalımızı nə vaxta qədər və neçə hasara söykəyəcəyik?). Dərdlilərin dərd söylədikləri yerlərdən biri azalır, deputatların tanışları daha kiməsə söz verə bilmir, binanın qabağında və girişlərdə polislərin kefi pozulur, hətta təzə fontan da elə bil suyu həvəssiz püskürür. Bir sözlə, MM tətildə olanda Bakının həyatı öləziyir. Bakının həyatı öləziyəndə də bütün respublika ruhdan düşür. Respublika ruhdan düşəndə isə müraciət və şikayətlər də tətilə çıxmış olur. Amma...
   
   Dünən bir məlumat gəldi ki, lallar Milli Məclisə müraciət ediblər. Müraciətlə bağlı yaradılmış işçi qrupun rəhbəri Səriyyə İslamovanın sözlərinə görə, müraciətin məqsədi lalların sosial vəziyyətini yaxşılaşdırmaqdır. Mən bilmirəm, lallar müraciəti niyə tətil vaxtı eləyiblər və onların səsi eşidiləcəkmi, amma istəkləri çox təbii istəklərdir.
   
   Özünüz baxın: "Hazırda lalların iş problemləri olduğu üçün onların yaşayış durumu lazımi səviyyədə deyil. Həmçinin, lalların uşaqlarının sənədləşdirilməsi, pensiya təminatı məsələlərində bir sıra çətinliklər mövcuddur". Ev məsələsində də həlli zəruri olan çətinliklər var. Səriyyə xanım çox haqlı olaraq deyir ki, fiziki qüsuru olan insanların vəziyyəti Milli Məclisdə müzakirə mövzusu olmalıdır. Səhv etmirəmsə, lalların çoxu həm də kar olur. Amma lal olmayan karlar da var. Mən eşitmək istəməyənləri, "karlığı" sərfəli olanları demirəm, həqiqi mənada qulağı eşitməyənlərdən danışıram. Tam əminəm ki, sadalanan problemlər onlarda da var. Korların vəziyyəti daha da acınacaqlıdır. Şikəstlər də bayram içərisində yaşamırlar.
   
   Tətildən qabaq Milli Məclisdə həbsdən çıxmış keçmiş məhbuslara ev, iş yeri, pulsuz yemək... vermək haqda məsələ qaldırmışdılar.
   
   Məsəli bizdən yüz ağac uzaq, Türkiyədə Hrant Dink adlı bir erməni jurnalisti öləndə dünya erməniləri ayağa qalxmışdı. Türkiyədə olan ermənilər, bir çox ekstremist qruplar, mavilər... əllərində "Hepimiz erməniyiz, hepimiz Hrantız!" şüarı tutub küçələrə axışmışdılar. Bilmirəm sevinəkmi, yoxsa təəssüflənəkmi ki, biz erməni deyilik. Amma vallah, bu köpəy uşaqları birləşməyi, sözbirliyini bacarırlar, özü də bizdən min qat yaxşı bacarırlar.
   
   Bu nala-mıxa vurmadan sonra gəlim mətləb üstünə; lal da, kar da, kor da, şil də, məhbus da... bu cəmiyyətin üzvüdür. Problemləri də eynidir, bir az az, bir az çox - hamısı üst-üstə düşür. Deyirəm, bəlkə lallardan, karlardan, korlardan, şikəstlərdən, qaçqınlardan, köçkünlərdən, dilənçilərdən... lap elə ermənilərdən nümunə götürək və deyək ki, "hamımız lalıq, hamımız karıq, koruq, şikəstik, qaçqınıq, köçkünük"- həmdərdik, həmrəngik, həmrəyik. İstəmirəm ki, deyək dilənçiyik, heç vaxt demərik ki, erməniyik, amma nə olar birlikdə onlara oxşaya bilsək?!.
   
   Həşəmətli Milli Məclisimizin hörmətli üzvləri! Siz hamınız elə hər mənada dünya görmüş, işlərdən xəbərdar, çox şeylərlə bərabər həm də məsəlləri bilən seçilmiş adamlarsınız. Ona görə də məsəl çəkən adamlara məsəl çəkdiyim üçün üzr istəyirəm: Bir şah görür ki, məmləkətində işləmək istəyən yoxdur, hamı tənbəlləşib. Yığır milləti başına, soruşur ki, dərdiniz nədir? Millət cavab verir ki, şah sağ olsun, bunt-zad eləmirik, "prosto" tənbəlik. Şah bunların hamısını doldurur böyük bir tövləyə, qapısını bağladıb binaya od vurdurur. Can şirin şeydi axı, hərə bir yana qaçışır. İki nəfər tənbəlliyindən qaçmağa da ərinir. Biri uzanıb bağırır: "Yanırıq, kömək eləyin!". Od lap yaxınlaşanda yanda uzanan bağırana deyir: "Qadan alım, mənim əvəzimə də bağır ki, bu da yanır". Şah bunların ikisinə təqaüd və "şah tənbəli" titulu verir.
   
   Başınıza dönək, ay bizim millət vəkilləri, belə sayın ki, lallar bizim əvəzimizə də "bağırırlar", siz də lal-kar olsanız bizim halımız necə olacaq?!

TƏQVİM / ARXİV