BU DA BiR ZARAFATDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28629 | 2007-07-20 04:53
Bəllidi ki, bizə şair xalq deyirlər, nəğməkar xalq deyirlər... Amma ötən hansısa əsrdə döyüşkən xalq da deyiblər. Day indi onu demirlər, bilmirəm niyə. Əslində bilirəm e.., elə siz də bilirsiniz, amma siz deməyəndən sonra tay mən niyə deyim. Qoy elə hər kəsin bildiyi özünə qalsın. Maraqlanan olsa onsuz da bir yol tapıb öyrənəcək. Məndən olmasa da sizdən...
   
   Bunlar öz yerində. Ən maraqlısı odur ki, son vaxtlar zarafatcıl xalq da olmuşuq. Amma yenə bundan özümüzün də xəbərimiz olmayıb. Allah insaf versin bilənlərə də! Onlar da heç olmasa birimizin qulağına pıçıldamayıb ki, biz də ötürək mətbuata, ordan da bir-ikisi oxuyub başqa bir-ikisinə desin. Xəbər axı yüyrək olur. İstər bəd olsun, istər şad. Dərhal çatacaq. Hə, bu da belə...
   
   Deməli, bir-iki gün bundan öncə paytaxtımızda əməlli-başlı bir zarafatın şahidi oldum. Hətta bu zarafatı bəzi qəzetlər manşetə də çıxarmışdılar. Yazmışdılar ki, Bakı çörək imtahanından çıxdı. Doğrusu, əvvəl düşündüm ki, yəqin çörəkbişirənlərimiz test sınağına gediblərmiş, hətta özümü bir az qınadım ki, nahaq vaxtında xəbər tutmamışam, yoxsa külfəti göndərərdim, o da yarışmaya qatılardı. Həm ulduz olardı, həm də yəqin ki, birinci yer də olmasa da ikinci yer nağdı onundu. Evdə bişirəndə görmüşəm, yarısı yansa da yarısı əməlli-başlı yeməli olur. Belə bəh-bəh deyə-deyə qonaq qarşısına da çıxarmaq olar. Amma neyləyim, üzüm bir az qaradı vaxtında xəbər tutmadığıma görə. Bu da öz yerində...
   
   Qayıdaq çörək məsələsinə. Sən demə, mənim intiusiyam məni aldadıb. Söhbət imtahandan, testdən getmirmiş. Söhbət bir anın içərisində mağazalardan qəhətə çəkilən çörəkdən gedirmiş. Çünki həmin gecə düz saat 00:15 dəqiqədə mən Elmlər Akademiyası metrosunun qarşısında padvalda kürə çörəyi bişirilən sexdən iki dənə "kubik" çörək alıb Motodroma apardım. Çünki ayrı yerdə tapa bilmədim. Səhərisi vəziyyəti biləndə axşam çörək satanların necə və ya nəyə qımışdığını indi anladım. Məlum oldu ki, sən demə, onlar bizimlə zarafat edirlərmiş, bizim də xəbərimiz yox imiş. Biz binəvalar da fikirləşirmişik ki, yəqin Tarif Şurası yenə nəyisə qaldırıb, o cümlədən də çörəyin qiymətin. Şükürlər olsun ki, hər şey ötüb keçdi. Nə İqtisadi İnkişaf Nazirliyi, nə Tarif Şurası, nə də Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev müəllimin adından deyilənlərin heç biri çin çıxmadı. Özü də çıxmazdı də!!!
   
   Ən azı ona görə ki, bizdə hər şey çox yüksək səviyyədə nizamlanıb və Tarif Şurası imkan vermir ki, onun icazəsi olmadan iynə ucu boyda nədəsə artım və yaxud azalma olsun. Yalnız onun sehrli çubuğu nəyisə qaldırıb-endirə, uzaldıb-gödəldə bilər. Ayrı cür mümkün deyil. Təbii ki, Tarif Şurası da müxalifətə yeni mövzu verməmək üçün, bax bunu yadınızda saxlayın ha... mövzu verməmək üçün artıma və digər dəyişiklərə yol verməz. Odur ki, bu çörək məsələsi həqiqətən zarafat imiş. Sadəcə, bizim zarafatcıl xalq olmağımıza hələ tam alışmadığımızdan bu incə məqamı tuta bilməmişik. İnşallah, bu epiteti də əynimizə tam ölçüb-biçəndən sonra bizə elə yaraşacaq ki, içində heç ruhumuz da inciməyəcək. Yüz tonluq gəmi dəryada ləngər verdiyi kimi bu zarafatın içində də elə ləngərlənə-ləngərlənə gedəcəyik üzü sabaha...
   
   ... Birdən zarafatımı ciddi qəbul edərsiniz haa!.. Tələbə Qəbuluna xəbər verərsiniz çörək məsələsini də test eləyər. Çörək bişirənlər heç, çörək satanlarla pulu undan çıxanlar ondan sonra məni ağ yuyub qara sərərlər. Nə badə bu fikrə düşəsiniz. Zarafatdı da elədim, bəyəm siz az zarafatlar eləyirsiniz. Bu da belə!!
   
   

TƏQVİM / ARXİV