adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Avqust 2014 05:38
8798
LAYİHƏ
A- A+

BU YERLƏR - GÜNƏŞƏ OXUNAN ŞƏRQİLƏR KİMİ...

Son illər "Şəki-Zaqatala zonası" kimi adlanan regionda, yəni ölkəmizin şimal-qərbində davam edən sürətli inkişafı görənlər heç də təəccüblənmirlər. Qobustan və Şamaxıdan tutmuş Oğuza qədər hər bir rayonun özünəməxsusluğu ayrı bir yüksəlişdən xəbər verirsə, Şəki-Qax-Zaqatala-Balakən deyəndə bir çox oxşar cəhətləri özündə birləşdirən qədim diyar canlanır göz önündə. Məişəti, mədəniyyəti, həyat tərzi bir-birinin davamı kimi böyüklü-kiçikli 4 gözəl məkan!
"Ədalət" qəzeti olaraq respublikamızın bütün bölgələrindən özünəməxsusluq və inkişafla bağlı yazılar verməklə yanaşı, bu regiona da xüsusi diqqətlə yanaşmaqdayıq. Budəfəki söhbətimiz də yenidən Qax rayonu haqqındadır.
Elə əvvəllərdən də qonaqsevər, mehriban və ünsiyyətcil camaatı ilə fərqlənən bu gözəl dağ rayonumuzun, eyni zamanda qanunsevər xüsusiyyəti də həmişə diqqət çəkib. Hələ sovet dövründə paytaxt Bakının mərkəzi rayonlarında növbəyə durmaq, pulun qalığını qəpiyinədək qaytarmaq və digər mədəni-məişət münasibətləri necə idisə, uzaq Qax rayonunda da eyni mənzərələrlə rastlaşırdın. Bu xüsusiyyətlərin nüvəsi indiyədək yaşamaqdadır. Xüsusi ilə qanunlara hörmətlə yanaşmaq ənənəsi baxımından.

Yeni Robinzonlarmı?..

2, 3 il bundan əvvəlin ibrətamiz əhvalatı yadıma düşür. Yay mövsümündə Qəbələdən başlayaraq Balakənə qədər gəzib ciddi tənqidi yazı mövzusu axtaran müxalifətçi jurnalist, bölgədə aparılan irimiqyaslı quruculuq işlərini və təbii gözəlliklərin qorunmasını etiraf etmişdi. Xüsusilə Qax rayonunda. Bu heç də o demək deyildi ki, həmin rayonlarda nöqsanlı bir cəhət, tənqid ediləsi sahə olmamışdı. Olmuşdu. Ancaq görülən işlər və camaatın münasibəti, ölkə rəhbərliyinin qayğı və diqqətini düzgün qiymətləndirməsi, məsələlərə ədalətlilik prinsipləri ilə yanaşması, "qarşıya qoyulmuş planları" pozmuşdu.
Təəssüflər olsun ki, mətbuatda öz respublikasının rayonlarını yaxşı tanımayan, indiyədək heç o rayonlara yolu düşməyən iddialı işçilərə də rast gəlirsən. Tanıyanlar yaxşı bilir ki, mən hər qəzetdə, saytda çalışanı jurnalist adlandıra bilmirəm. Hətta onun sinəsini "adlar və orden-medallar" bəzəsə belə. Adını çəksəm reklam etmiş olaram. Təzə "quraşdırılan" saytlardan biri Qaxda gedən abadlıq işlərinin mənbəsini özünəməxsus tərzdə aşkarlayaraq oxucularını "məlumatlandırmışdır". Heç demə bu yüksəlişin, bu inkişafın "əsas səbəbi" rayon rəhbərliyinin sahibkarlardan vəsait toplaması imiş. Buyurun, bu da sizə elektron jurnalistika, bu da sizə araşdırmaçı tənqidi yazı. Hətta qarşı tərəfin də mövqeyini dərc etməyə razıdırlar. Ad yox, ünvan yox, obyekt yox, şikayətçi yox, heç nə yox! Yəni FAKT yox! Yalnız bir şey var: jurnalistikaya ironiya...
Belə hallar təkcə Qax rayonu ilə bağlı olsaydı nə vardı ki. Onsuz da həmin sayt böhtana görə məhkəməyə verilir. Digər rayon rəhbərlərinin əksəriyyəti də hər həftə onların ünvanlarına göndərilmiş bu cür məktubları "oxumaq" məcburiyyətindədirlər. Bu haqda başqa bir yazımızda daha geniş söhbət açmaq fikrindəyik.

Ən uğurlu nümunə

Bəs həqiqətən Qax rayonunda nələr baş verir? Gedib gəzib görənlər bunu gözəl bilir. "Qafqaz incisi" adlanan Qax rayonu respublika rəhbərliyinin, Prezident İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin ən uğurlu nümunələrindən biridir. Dövlət Proqlamlarının müvəffəqiyyətli icrası, digər amillər bu rayonun şöhrətini nəinki Azərbaycana, eləcə bir çox xarici ölkələrə yayaraq məşhurlaşdırmışdır. Axı burada həm də rayon rəhbərliyi ilə camaat əl-ələ verərək çox işlər görməkdədir.

Bunlar hələ yarım ilin
kiçik statistikasıdır

Bütün bunlar barədə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasla bağlı keçirilən müşavirədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ətrafı məlumat vermişdir. O, demişdir:
- 2014-cü ilin birinci yarısında rayonun gəlirləri 1 milyon 501 min manat proqnoza qarşı 1 milyon 793 min manat, yəni 119,4 faiz, xərcləri isə 8 milyon 79 min manat proqnoza qarşı 7 milyon 117 min manat, yəni 98 faiz icra olunmuşdur.
2014-cü ilin birinci yarısında rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 lahiyə üzrə 227 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda 239 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 172 manat olmuşdur. Məlumat üçün bildirirəm ki, avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş vesait hesabına rayonun Aşağı-malax kəndinin giriş hissəsinə 0,7 km və Zərnə kəndinin giriş hissəsinə 1,5 km asfalt beton örtük salınmışdır. Mənzil fondunun əsaslı təmiri ilə bağlı büdcədə nəzərədə tutulmuş vəsait hesabına şəhərin Ü.Hacıbəyov küçəsindəki 6a və 8a saylı kommunal yaşayış binalarının dam örtükləri və fasadları əsaslı təmir olunmuş, Ş.Rustavelli küçəsində 14 saylı kommunal yaşayış binasında isə fasad hissənin əsaslı təmiri davam etdirilir.
Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tətbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2013-cü il tarixli 3078 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabına şəhərin M.P.Vaqif, M.Ə.Rəsulzadə, N.Gəncəvi, M.Məmmədov, Qaxmuğal küçələrində və H.Əliyev prospektində 4000 m2 fasad divarı çapma çay daşı ilə üzlənmiş, 90 m3 çay daşı ilə divar tikintisi aparılmış, 960 m2 küçə qapıları və darvazalar taxta ilə üzlənmiş, 940 m2 fasad divarlarına dekorativ suvaq vurulmuşdur. Yol kənarında yerləşən tikililərin 5860 m2 dam örtüyü yenidən qurulmuş, 1520 m2 darvaza üstləri və həyətyanı divarların üzərinə dam örtüyü quraşdırılmışdır. Quraşdırılmış dam örtüyünün kənarı 1300 m2 taxta ilə üzlənmiş, 2400 p/m uzunluğunda su arxı yenidən qurulmuşdur. Görülmüş işlərə 757 min manat vəsait sərf olunmuşdur. Qalmış vəsait hesabına şəhərin C.Cabbarlı, M.Məmmədov, M.P.Vaqif, Qaxmuğal, M.F.Axundov və 28 May küçələrində yollara 44 000 m2 asfalt beton örtüyün salınması planlaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il 358 nömrəli Sərəncamı ilə 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabına yolun 5 km hissəsinə asfalt beton örtük salınmış və həmin yolun üzərində aşırımının uzunluğu 33 p/m olan körpüdə son tamamlama işləri aparılır. Hazırda yolun çəkilişi işləri davam etdirilir.
Rayon büdcəsindən şəhərin abadlığı üçün ayrılmış vəsait hesabına "Şəhər" parkında təmir işləri aparılmış, uşaqların əylənməsi üçün attraksionlar quraşdırılmış, şəhərin C.Cabbarlı küçəsində abadlıq işlərinin aparılmasına başlanılmışdır.
Mənzil İstismar İdarəsi tərəfindən şəhərin S.Vurğun küçəsindəki 5 və 11, Ş.Rustaveli küçəsindəki 14, N.Nərimanov küçəsindəki 6 və Heydər Əliyev prospektində 17 A saylı yaşayış binalarının dam örtüklərində, Heydər Əliyev prospektindəki 105-107 saylı binaların həyətlərindəki altıaçıqlarda cari təmir işləri aparılmışdır.
2014-cü ilin birinci yarısında Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhərin 24 küçə və prospektinə,7 park və xiyabana, fərdi müqavilələr əsasında 1630 sayda təsərrüfat subyektinə, 640 sayda kommunal evlərdə yaşayan abonentlərə və 270 sahibkara xidmət göstərilmişdir. Bununla yanaşı 25 idarə, müəssisə və təşkilatlarla məişət tullantılarının daşınmasına dair müqavilələr bağlanmış və müvafiq xidmətlərin göstərilməsi təmin edilmişdir. Hesabat dövründə Kombinat tərəfindən 8700 m3 məişət tullantısı daşınaraq poliqonda zərərsizləşdirilmişdir.
Kombinat tərəfindən şəhərdə 25 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, 2600 m2 sahəyə çəmən toxumu səpilmiş və 90 kvadrat metr əraziyə çim döşənmişdir.
Müqavilə əsasında Kombinat tərəfindən şəhər 2, 3, 4 və 5 nömrəli tam orta məktəblərinə, şəhər 1 və 3 nömrəli uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə