adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TÖHMƏT

FAİQ QİSMƏTOĞLU
30989 | 2014-08-02 03:43
Bir kişinin beş qızı olur. Sonradan da Allah-Təalaya yalvarır ki, mənə bir oğul payı var. Oğul payı versən 18 yaşına qədər hər il bir qoyun qurban kəsəcəm. İllər keçir və günlərin birində Allah-Təala o kişini muradına çatdırır və ona oğul payı verir...
Kişi də çox zəhmətkeş adam olur. Gözünü açandan yetimliklə böyüməyinə baxmayaraq, halal zəhməti ilə özünə ev-eşik tikir və gün-güzəran qurur. Ya pambıq sahəsində çalışır, ya üzüm becərir, ya da mal-qara saxlayır. Hətta vaxt tapanda ipəkqurdu da becərir. Çünki bu işləri eləməsəydi çətinliyə düşər və istəyinə çata bilməzdi.
gBeş qızın beşinə də o ali təhsil verdirir. Onları oxutdurur, işə düzəldir. Hər bir qızının cer-cehizini halal zəhmətilə alır saxlayır və onları gəlin köçürür. Kişi fikirləşir ki, qızlarımı ev-eşik eləyəndən sonra yüküm yüngülləşər və rahat nəfəs alaram. Elə qızları köçürəndən sonra da yükü yüngülləşir, bir müddət rahat yaşayır. Oğlu isə hər il bir yaş böyüyür, 18 yaşına çatır. 18 yaşına qədər nə az, nə çox 18 erkək qurban kəsilir...
Həyat yoldaşı da oğlunun böyüməsini və həddi-buluğa çatmasını səbirsizliklə gözləyir. Gözləyir ki, oğlu böyüyəcək, orta məktəbi bitirəcək, ali məktəbə daxil olacaq və sonra da gözəl bir ailə quracaq. Amma kişi tamamilə əksini görür və hiss edir. 18 yaşına çatan oğlan orta məktəbi can dərdi, can harayı bitirir. O qədər savadsız olur ki, nəinki ali məktəbə, heç orta ixtisas məktəblərinin birinə belə qəbul ola bilmir.
Kişi hər dəfə fərsiz oğluna baxdıqca ürəyindən qara qanlar axır. Səhər-səhər onu yuxudan oyatmaq olmur, gecələri yatmır, kompüterin arxasında əyləşərək müxtəlif filmlərə baxırdı. Uşaq o qədər tənbəl və ərköyün böyümüşdü ki, kişi bir dizinə vururdu, bir də başına. Öz-özünə deyinirdi:
- Bax oddan kül törər, budu ha... Zalım oğlu, heç mənə oxşamayıb. Deyəsən dayısına çəkib.
Fərsiz oğul isə heç nəyi vecinə almadan öz axmaq həyatını yaşayır. Bir gün də evə gec gəlir. Kişi bunu hiss edib bərk əsəbiləşir. Gecə üçün yarısında evə gələn oğlundan kişi soruşur:
- Bu vaxtı harda veyillənirdin?!
Oğlan:
- Dostlarımla bara getmişdim, orda bir balaca boğazımızı yaşladıq. Sonra da elə oldu ki, maşına minib çimərliyə üz tutduq. Tay indi dünya dağılmayıb ha, buna görə məni nə sorğu-suala tutmusan?
Kişi daha da əsəbiləşdi. Bir istədi onun qulağının dibindən bir şillə ilişdirsin, ancaq ehtiyatlandı. Qorxdu ki, oğlu üzünə ağ olar. Əsəblərini çətinliklə də olsa cilovlaya bildi və bircə söz dedi:
- Ə, kişi ol!
Həmin gündən sonra oğlan evlərinə gec-gec gəlməyə başladı, hətta bəzən evə qayıtmadı. Kişi də öyrənirdi ki, oğlu tərbiyəsiz, avara uşaqlara qoşulub, ancaq yenə dözürdü. Dözürdü ki, bəlkə birtəhər o uşaq hər şeyi başa düşər və haqqın yoluna qayıdar. Artıq uşağın nə az, nə çox 28 yaşı vardı. Onun tay-tuşları ailə qurmuş, ev-eşik sahibi olmuş və özlərinə bir gün ağlamışdı...g
Kişi isə fərsiz oğlunun xəcalətindən özünə yer tapa bilmirdi. Kim soruşanda ki, uşaq nə işlə məşğuldur, o, başını aşağı dikib susurdu. Durub yalandan desin ki, oğlum, ali məktəb bitirib filan işin qulpundan yapışıb. Onun xəcalətindən kəndə də çıxa bilmirdi. Sanki boynuna ağır bir yük düşmüşdü.
Hər şeydən əlini üzmüşdü. Bivec, fərsiz və tüfeyli oğlundan day bir şey gözləmirdi. Nə gözləyəcəkdi?! 28 yaşı vardı, hələ oğlan bir adamla normal münasibət qurmamışdı, o ki qala evlənib ailə sahibi ola. Kişi yaxşı bilirdi ki, oğlu töhmət yeridi, yenə güvəndiyi, arxalandığı o beş qız idi. O beş qızın beşi də kişinin başını uca eləmişdi və onlara görə heç vaxt xəcalət çəkməmişdi. Xəcalət çəkdiyi 28 yaşında fərsiz oğlu idi.
Bir gün kişi əlini göyə qaldırdı və Allaha yalvardı:
- İlahi, mənim günahım nə idi ki, belə bir oğul verdin? Bu oğul deyil ey, el-oba töhmətidi. Şükür məsləhətinə, yenə qızlarım mənim dərdimi yüngülləşdirir. Onlara baxıb ürəyim açılır, sevinirəm. Nəvələrim sel kimi üstümə axanda elə bil göyün yeddinci qatında oluram. Naşükür deyiləm.
İllər keçdi. Kişi qocaldı və bir gün də dünyasını dəyişdi. Beş qız ona oğul oldu. Oğlunu heç kim yada salmadı. Kənddən-kəsəkdən yas yerinə gələnlər də başsağlığını o beş qıza verirdilər. Beş qız da dağ kimi vüqarlı dayanaraq atalarının yas məclisini yüksək səviyyədə yola verirdilər. Məzar daşı düzəldi, ehsanlar verildi və hamı da dünyasını dəyişən beş qız atasına rəhmət oxudu. Töhmət oğul isə hamının yadından çıxdı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV