DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
71918 | 2014-08-02 03:02
Öncə başdan başlayaq. Elə bir yerdən ki, yazımızın adını oxuyub ağlından min cür fikirlər keçirənlər bilsinlər ki, söhbət heç də o məşhur adamdan getmir. İkincisi, o yerdən başlayaq ki, bizim bütün işlərimizin, lap elə yazılarımızın da başlanğıcı ilə sonu arasında bir xəyal körpüsü ilə yanaşı, bir ömür körpüsü də görünsün. Hər kəs bilsin ki, başdan başlanan elə başdan da başlanmalı imiş. Ona görə də başdan başlanıb!..
Hə, hər gün, indi isə az qala hər an nə isə baş verir, hansısa bir xəbəri eşidirsən. Hansısa bir hadisənin şahidi olursan. Və bu informasiya, bu həyat yükü səni o qədər öz caynaqları arasında saxlayır ki, özünə zaman ayırmağa imkanın olmur. Burda söhbət təkcə maddi imkandan getmir, həm də vaxt, şərait imkanından yararlanmaqdan gedir söhbət. Elə ki, çörək ardınca qaçanla, çörəyi qovanla çörəyi tapdalayan, çörəyi zibilliklərə atanlar arasında yerlə göy qədər fərq var. Amma gerçəklikdə onların hamısının birinci və ən böyük ehtiyacları çörək olub və bu gün də çörək öz mərtəbəsində qalmaqdadır. Deməli, söhbət bu çörəyi qazanmağın yollarından gedir. Elə bir yoldan ki, onu tapmaq, keçmək həm bir qismət, tale işidir, həm də bir bacarıqdır, bir məharətdir...
Bax, bütün bunlar həyat sıxıntısının o görünən və görünməyən tərəflərini həmişə qarşı-qarşıya qoyur. Üz-üzə daynanların ortasında yer tutur. Ordan baş çıxarmaq isə necə deyərlər, hər oğulun işi deyil. Yəni əvvəldə xatırlatdığım kimi, maddi imkan heç də hər şeyin sonuna çıxmır. Olur ki, bəzən ondan düzgün faydalanmayanda düşmənə də, problemə də çevirilir. Təbii ki, bütün bunlar başqa bir mövzudur və həmin mövzunu hər kəs də öz bildiyi kimi çözür, ələyib ələkdən keçirir... Mən isə başdan başladığım bu mövzuda bir həyat gerçəkliyini gördüyüm, duyduğum, yaşadığım kimi təqdim etmək istəyirəm. Düşünürəm ki, anlayışla qarşılayacaqsınız. Ən azından ona görə ki, sevginin yaşa dəxli yoxdur. Heç yaşın da sevgiyə. Bu, mənim oforizmim deyil. Bunu məndən öncə çoxları deyib və o deyilən söz də zaman-zaman təkcə leksikonda yox, həm də həyatın özündə yaşayıbdı.
Mənə elə gəlir ki, bu gün dünyada ən gözəl ölüm elə sevginin özüdü. Çünki gözümüz görə-görə, qulaqlarımız eşidə-eşidə, lap konkret və çılpaq desəm, yaşayıb içində ola-ola o hər gün bir iynə ucu boyda ölür. Onu yalnız sevənlər, duyanlar bilirlər, başqaları nə bilir, nə də görür. Axı sevgi əşya deyil, mal-mülk deyil, hətta pul-para da deyil ki, oratlıqda olsun. Bu hissdir... bu havadı... bu nəfəsdi... bu yaşamdı... bu xəyaldı... bu yuxudu... Bir sözlə, bu, əllə toxunulası, gözlə görüləsi cism deyil, varlıq deyil. Amma böyük Yaradanın insana bəxş etdiyi ən böyük nədisə, elə onun adı da sevgidi!..
Hə, təkcə zamanın, təbiətin deyil, həm də milli mentalitetin elə nüansları var ki, onun hər ilməsi az qala bir sərhəddi, bir cələdi, bir maneədi. Onu keçmək, ondan qurtulmaq mümkünsüzdü. Çünki həmin o mane olan, o ələ-ayağa dolaşan, əl-qolu bağlayan milli mentalitetin elementidi, onun törəməsidi. Ya onu tapdalayıb üstündən keçməlisən, ya da onunla barışmalısan. Tapdalayıb keçəndə ətrafla, sənə yaxın-uzaq olanlarla baş-başa gəlirsən, barışanda ürəyin, sevgin ölür. İndi özünüz fikirləşin, bax belə bir gerçək müstəvidə, gekçək durumda hansı addımı atmaq lazımdır ki, tərəflərin heç biri "yanmasın". Siz bunu fikirləşənə kimi nə vaxtdı ürəyimdə gəzdirdiyim misraları sizə pıçıldayıram. Bəlkə o da işinizə yaradı.

Mənim xəyallarımın
qırıqları
şüşədi-
əl vurma
qanadır...
Xəyllarımdan qalan
xatirələr
Bir guşədi -
çəkilirəm-
fənadı-
Burda
xəyalsız,
xatirəsz
və bir də sənsiz
tək bir anlıq yaşamaq!..
Amma
Tanrı önündə
etiraf edim bu gün
mən
canımdan keçərəm
Bir də başdan başlamaq
və sənin
olmaq üçün -
Sevgimi
Qalan ömrümdə!

***

Yuxumu danışa bilmirəm. Çünki yuxuma qulaq asan, yuxumu yozan çox bic-bic qımışır. Hiss edirəm ki, onun fikri-xəyalı başqa yerdədi. Ona bu yuxunun detalları lazımdı. Yaddaşına yazsın, hardasa kiməsə söyləsin və bir-birlərinə qoşulub gülsünlər. Üstəlik də yuxu sahibini ya dəli hesab eləsinlər, ya da özləri demişkən, arsız-gorsuz...
Xəyallarımı danışa bilmirəm. Dinləyən yenə bic-bic gülür. O da yuxumu yozası insanlar kimi öz aləmindədi. Və elə o da həmin o yuxunu yozası adamlar kimi duşunur, danışır və gülür...
Mən gerçəyi söyləyə bilmirəm. Çünki qarşımı həmin an mentalitetdən gələn yaş kəsir. Necə deyərlər, yaşıma-başıma baxıb sıxılıram, utanıram. Hətta yazdığım sevgi şeirini dinləyənlərin qəribə baxışları da mənə tuşlanmış silaha çevrilir. Amma bütün bu üç halın heç birinə məhəl qoymayan, əhəmiyət verməyən bir ürəyim var. O sevir - qadağalı-qadağasız! İzinli-izinsiz!
Bəli, biz yaşlaşdıqca, necə deyərlər, həyatın qatlarına daha çox yaxınlaşdıqca, daha çox bələd olduqca həm özümüzü, həm duyğularımızı, həm ətrafımızı, həm də bütövlükdə niyə yaşadığımızı anlamağa başlayırıq, daha çox öyrənməyə imkan qazanırıq. Baxıb görürük ki, bizi bu həyata, bu ətrafa bağlayan məhz o hər şeyə üsyan etmək gücündə olan sevgidi. Amma neyləyək ki, bunu mən də, sən də, bir başqası da bilə-bilə, yaşaya-yaşaya ikinci bir tərəfin sevgisini anlamaq istəmir, həzm edə bilmir. Lap çılpaq desəm, mənim bu yaşdakı sevgim başqa birisinin 25-30 yaşdakı sevgi sahibinin qınağına tuş gəlir. Anlamaq əvəzinə bir sayğısızlıq, bir məzəmmət kimi üzə çəkilir, başa vurulur. Hətta bəzən əxlaqsızlıq, günah kimi də yozulur. Amma niyə?
Hərdən oturub fikirləşirəm. Düşünürəm ki, kimsə mən yaşda konkret bir xanımı, bütövlükdə sevginin özünü sevirsə, bunun nəyi pisdir? Bu kimin haqqını tapdalamaqdır? Bunun üçün kimdən izn almaq lazımdır? Kimin qapısını döymək, kimin bığının altından keçmək gərəkdir? Görün bir anda neçə sual ortaya çıxdı? Amma bu suallar heç də yağışdan sonrakı göbələklər deyil. Bunlar gerçəyin ifadələridir. Bax elə bu yerdə, bu məqamda bir şeir də yadıma düşür.

Kimin gələ bilər ki
Qədəri məndən yaxşı...
Kim tanıya bilər ki,
Kədəri məndən yaxşı?..

Dan süzülür gözümdən
Sübh alışır közümdən...
Duyan varmı özümdən -
Betəri məndən yaxşı?!

Söz məndəndir, dil səndən
Gün görürəm, il - səndən...
Ölən olmaz bil, səndən -
Ötəri məndən yaxşı!..

***

Siz yazını oxuduqca bilirəm ki, ürəyinizdən min cürə fikirlər gəlib keçir. Hətta məni düşüncələrimə görə qınayanlar da olub aranızda. Bunu təbii qəbul edirəm. Öncə ona görə ki, mən də sizlərdən biriyəm, həmin mentalitet mənə də aiddi. İkincisi sevgi anlayışı həmişə mübahisə doğurub. Məcnunu dəli eləyən sevgi! (Qeysi Məcnun eləyən sevgi kimi də oxuya bilərsiniz - Ə.M.) Sənanı dinindən döndərən, Kərəmi çöllərə salan və bütün dastanlarımızda, nağıllarımızda həyatları fərqli-fərqli sevgilərdən ibarət olan aşiq-məşuqlar nə qədər zaman keçsə də, həmin o uzaq ellərdən üzü bu günə yenə də sevgi ilə gəlib çıxıblar. Ona görə də öldürmək, yandırmaq, suda batırmaq kimi anlayışlar birmənalı şəkildə sevgiyə uyğun gəlmir, yapışmır. Ancaq bir şərtlə - o sevgi doğulduğu, yaşadığı ürək əgər bunu istəmirsə, yəni ürək sevgini öldürmürsə, boğmursa, yandırmırsa, batırmırsa, deməli, ona başqa bir güc çatmayacaq!..
Hə, indi insanın sevgisini onun yaşına uyğunlaşdırmaq və necə deyərlər, tərəzinin bir gözünə qoymaq çox adi bir hala çevrilib. Bunu adiləşdirənlər isə fərqinə varmırlar ki, deyilməsi, yazılması, ifadə olunması mümkünsüz sevgiləri necə boğurlar, necə onu məhv etməyə çalışırlar. Anlayış əvəzinə süngü ilə qarşılayırlar. Və bütövlükdə ətrafın hücum çəkdiyi, ətrafın təklədiyi sevgi elə bil ki, bir düşmənə, bir arzuolunmaz varlığa çevrilir. Nəticədə isə dünyanın ən gözəl ölüsü olur sevgi. O sevgi ki, o dünyanı yaşamağı ilə daha da gözəlləşdirə bilərdi. Ətraf, mentalitet, daha nə bilim nələr onu zəli kimi sorub paramparça edir. Özü də doğulduğu ürəklə bir yerdə. Çünki ayrı cür o sevgiyə gücü çatmır. Və mən qınaq yeri olan bu sevginin bütün sızıltılarını rahatlıqla duyur, anlayır və yazıram:

Mən
bütün gücümü topladım
çalışdım,
vuruşdum
Amma dişimlə,
dırnağımla
əldə edə bilmədiyimi
ürəyimlə etdim!
Sonda
yəni
bax elə o anda
arzuma çatdım
Və dünyanın
ən gözəl sevgisinə
sakitcə,
könüllü
qurban getdim!..

P.S. Bu yazını birnəfəsə, necə deyərlər, düşünmədən, heç nəyi göz önünə almadan yazdım. Və yazını yazıb bitirəndən sonra mənə elə gəldi ki, iç dünyamda bir qəribə dəyişiklik baş verdi. Obrazlı desək, bir yaz mehi əsdi içimdən və mən rahatlandım. Elə həmin o rahatlıqla da dünyanın nə gözəl ölüsü olan Sevginin ruhu qarşısında baş əydim.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV