adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Avqust 2014 02:48
6076
GÜNDƏM
A- A+

DÜŞMƏNƏ İMKAN VERMƏYƏN CƏSARƏTLİ VƏ MƏRD GENERAL

Həbibulla Hüseynov 1910-cu ildə Bakıda neftçi-fəhlə ailəsində anadan olmuşdur. O, 14 yaşında ikən muzdluluq etmiş, 4 ildən sonra isə Bakı dəniz limanında yükçü olmuşdur. Müxtəlif dildə danışan yükçülər kollektivi çevik, öz yaşına görə güclü olan cavan oğlanı çox sevirdilər. Onun çevikliyi, əməksevrəliyi və tapşırılan işi vaxtında icra etməsi, biliklərə olan həvəsi kollektivin xoşuna gəlirdi. Toqqasının altındakı maraqlı kitablar həmişə onun yol yoldaşı olmuşdur. O, istirahət dəqiqələrində də yük tayalarının arasına çəkilir və çox həvəslə kitab oxuyurdu.
- Nə oxuyursan oğlum? - deyə bir qoca yükçü ondan soruşdu.
- Maksim Qorkinin əsərlərini oxuyuram, - deyə cavab verdi.
Hüseynov təhsilini fərqlənmə diplomu ilə bitirib atıcı tağıma komandirlik edir. Sonra onu yenidən oxumağa göndərirlər. Bu dəfə o, Stavropol zenit-artilleriya alayında, zenit batareyasının atıcı tağımın komandiri vəzifəsinə təyinat alır.
Görkəmli hərbi-sərkərdə, artilleriya-leytenantı Əliağa Şıxlinskinin şagirdi Həbibulla Hüseynov ilk müstəqil həyat fəaliyyətindən qeyri-adi təşkilatçı və tərbiyəçi istedadına malik olduğunu göstərir. O, sovet artilleriyasının yeni texnikasını səylə öyrənməyi davam etdirməklə yanaşı, teatra, kinoya getməyə vaxt tapır, gəncliyində olduğu kimi çox oxuyur, idmanla məşğul olurdu. Qızıl ordunun gənc komandirlərindən birinin həyatı bulaq kimi qaynayırdı...
Hüseynov düşmənin ölkəmizə soxulduğu ilk döyüşlər gedən günlərdə hələ bilmirdi ki, faşist bombasının qəlpəsi onun balaca qızını öldürmüşdür. Bu belə olmuşdur:
- Sovet zabitlərinin ailələri tələsik şərqə köçürlüdüyü zaman, Həbibulla Hüseynov öz ailəsini yola sala bilməmişdi. Ailəsini onun yoldaşları, alay dostları yola salmışdılar. Divizion komandiri müharibənin ilk dəqiqələrindən öz zenitçiləri ilə birgə olmuşdur.
Divizion komandiri öz zenitçilərinə müraciət edərək dəfələrlə demişdir ki, "Bizim işimiz müqəddəs işdir. Bizim işimiz xalq işidir. Bu işin naminə öz canımızı əsirgəməməliyik. Ölmək, lakin şərəflə ölmək yaxşıdır!"
Hüseynov əvvəlcə diviziona, sonra isə zenit artilleriya alayına komandanlıq etməklə, Qərbi Belorusiyada, Şimali Qafqazda, Stalinqrad ətrafında vuruşmuş, Kubanı və Ukraynanı azad etmişdir.
Həmyerlimiz müharibənin ağır yolları ilə getmiş, düşməni amansız məhv etmişdir. Həm doğma torpağın, həm də qardaş Polşa, Rumıniya, Çexoslovakiya, Macarıstan torpaqlarının azad edilməsinə nail olmuşdur. O, Stalinqrad, Şərqi Prusiyaya qədər şanlı döyüş yolu keçmişdir. Həmişə ön sırada olan mərd və möhkəm iradəli, qələbəyə böyük inam bəsləyən Həbibulla Hüseynov vətənimizin qələbəsi uğrunda son nəfəsinədək vuruşmuşdur. Onun sinəsini mərdlik və igidlik əlaməti olan ordenlər - "Qırmızı bayraq", "Qırmızı ulduz", I dərəcəli Vətən Müharibəsi orderləri, "Stalinqradın müdafiəsi uğrunda" medalı və s. bəzəyirdi.
H.E.Hüseynovun həyat yoldaşına yazdığı məktubdan (16 oktyabr 1944-cü il):
"Biz indi faşistləri öz ərazimizdə məhv edirik. mən, Memel ətrafındayam. Burada bizim işimiz çox yaxşıdır, incimək lazım gəlmir. Biz hər gün yüzlərlə faşist əsgərini o dünyaya göndəririk. Qoy hər yerə burunlarını soxmasınlar..."
1934-cü ilin aprelində 195-ci zenit-artilleriya alayı yaradılır. Birinci batareyanın komandiri vəzifəsinə Həbibulla Hüseynov təyin edilir. Az sonra qabiliyyət və texnikanı yaxşı mənimsədiyinə görə Hüseynov zenit-artilleriya divizionu komandiri vəzifəsinə irəli çəkildi. 24 yaşlı komandir üçün bu vəzifə də çox ciddi imtahan idi. O, bu imtahandan şərəflə çıxdı.
İstedadlı general, Sovet İttifaqı Qəhrəmanı, döyüş dostu Həzi Aslanovun ölümünü Hüseynov ağır iztirabla keçirmişdir. Onlar Pribaltika torpaqlarında bir-birinin lap yaxınlığında vuruşmuşdular. Döyüş dostunun ölümündən sonra Həbibulla Hüseynov alman-faşist işğalçılarına qarşı Həzinin, qızının, milyonlarla sovet adamlarının qatillərinə qarşı kini daha da artmışdır.
Sovet ordusunun xüsusilə fərqlənən hissələri arasında Həbibulla Hüseynovun komandanlıq etdiyi diviziya da var idi. Diviziya komandiri qəhrəmancasına həlak olmazdan bir az əvvəl doğma Bakıya yazırdı:
"İşimiz yaxşı gedir. Qısa müddət ərzində biz düşmənin 59 təyyarəsini vurmuş və mindən artıq faşist əsgər və zabitini sıradan çıxarmışıq. Qələbə günü uzaqda deyildir. Tezliklə Sovet Pribaltikasını azad edər, düşməni öz yuvasında məhv edərik. Bütün Sovet adamları ilə birlikdə biz də bu qələbəyə inanırıq".
Bu əhvalat 1945-ci il aprelin 16-da olmuşdur. Zemland yarımadasında, Qeydax kəndinin ətəyində şiddətli döyüş gedirdi. Dənizə tərəf sıxışdırılmış düşmən ümidsizliklə bizim hücumu dəf etməyə çalışırdı. Düşmən əks-hücumlarının biri dəf edilən anda H.Hüseynov düz hədəfə vuran topların yanında idi. Əlbəyaxa vuruşmanın qızğın çağında yaxınlıqda alman mərmisi partladı. Diviziya komandiri - qəhrəman Hüseynovun ürəyi döyünməkdən qaldı.
Döyüş dostları bu mərd, cəsur, istedadlı komandirin cənazəsini Keniqsberqdən Litva CCR-in Kansukas şəhərinə gətirdilər. Burada, ona axırıncı hərbi ehtiram göstərməklə, o, hərbi qəbiristanlıqda dəfn edildi.
Alman-faşist işğalçıları ilə mübarizədə qəhrəmancasına igidlik göstərdiyinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1945-ci il 29 iyun tarixli fərmanla ölümündən sonra Həbibulla Hüseynova Sovet İttifaqı Qəhrəmanı adı verdi.
Tbilisi məktəbinin kursantı Həbibulla Hüseynov 19 yaşında Kommunist Partiyasının üzvü, 27 yaşında zenit-artilleriya divizionu komandiri, 33 yaşında qvardiya dviziyasına komandir oldu. Lakin 35 yaşında düşmən mərmisinin qurbanı oldu.
Kalininqraddakı balıqçı gəmilərindən biri Həbibulla Hüseynovun adını daşıyır. Xəzər dənizində də bir gəmiyə Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun adı verilmişdir.
Qədirbilən xalqımız onun və arxasında 10 yaxın döyüşçünün heykəlini Binəqədi rayonu 8-ci mikrorayonda Tennis Akademiyasının qabağında qoymuşlar. Heykəlin qarşısında həmişə gül-çiçək görürəm və 8-ci makrorayonda olan 83 saylı orta məktəb-lisey də Sovet İttifaqı qəhrəmanının adını daşıyır.

Mötəmən Eyniyev

Azərbaycan Respublikası Veteranlar Şurasının eyni hərbi hissədə xidmət etmiş müharibə veteranlar bölməsinin rəyasət heyətinin üzvü, texnika elmlər namizədi, dosent, Jurnalistlər
Birliyinin üzvü