Elə çəkin ki, ürəyimizə toxunsun

ETİBAR CƏBRAYILOĞLU
71066 | 2014-08-02 02:23
Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur. Dünya bu sehrli sənətin təsirinə düşəndən cəmi bir neçə il sonra Bakıda da kino nümayişi keçirilib. 1898-ci il avqustun 2-də fransa əsilli Aleksandr Mişon bizim paytaxtın tamaşaçılarına kinosüjetlər göstərib. 2000-ci ildən başlayaraq həmin gün ölkəmizdə kinematoqrafçıların peşə bayramı kimi qeyd olunur.
Azərbaycan filmlərinin bizim qəlbimizdə xüsusi yeri olduğundan bu bayramın sevincindən tamaşaçı kimi hamımıza pay düşür. Bizim çəkdiklərimizi bəyənməyib dodaq büzənlərin özləri də nə vaxtsa milli filmlərimizə baxıblar.
Milli kinematoqrafçılarımızı təbrik etmək üçün kino xadimlərimizin biri ilə müsahibə hazırlaya bilərdik. Lakin biz bu dəfə fərqli davranaraq tanınmışların bəzilərinin milli kinomuzla bağlı düşüncələrini öyrəndik.
Yazıçı, milli kinomuzun son illərdə ən uğurlu işlərindən sayılan "Dolu" bədii filminin ssenari müəllifi Aqil Abbasın fikrincə, film quruluşçu rejissorun əsəridi: "Bizim filmin titrlərində yazılıb ki, Elxan Cəfərovun filmi. Dünyada da belədi, mən onlarla məşhur filmin adını çəkərəm ki, ssenari müəllifinin kim olduğunu tamaşaçıların çoxu xatırlamır, amma rejissorun adını hamı bilir".
Dünya kinematoqrafiyasında olduğu kimi, Azərbaycanda da bəzi populyar bədii əsərlər əsasında filmlər çəkilib. Təkcə elə "Dəli Kür", "Böyük dayaq", "Tütək səsi" filmlərinin adını çəkib siyahını uzatmamaq da olar. Amma bəziləri belə düşünür ki, məşhurluq qazanan bədii əsərin filmə gətirilməsi həmin əsərin heç də həmişə xeyrinə olmur. Şair-tərcüməçi Mahir N. Qarayev bu iddianın tərəfdarları ilə razılaşmır: "Hansısa roman və ya povestin əsasında film çəkilirsə, buna faciə kimi baxmaq lazım deyil. Həmin əsər yazılıb və kitab halında dərc olunub, tirajlanıb, kim istəsə həmin kitabı götürüb oxuya bilər. Kim də filmə baxmaq istəsə, baxacaq. Tutaq ki, Alim Qasımov muğamlarımızı bir qədər fərqli təqdim edir. Amma muğamın klassik qaydalarını dəyişmir ki...
Belə hallar zaman-zaman dünya kinosunda da olub və var. Heminqueyin "Ya var, ya yox" adlı bir əsəri var, onu müxtəlif vaxtlarda üç dəfə ekranlaşdırıblar. Ən baxımlısını ötən əsin 60-cı illərində Hollivudda Folkner çəkib. Amma Folkner həmin əsəri demək olar ki, tamam dəyişib".
Əməkdar artist Fərhad İsrafilov hələ uşaq yaşlarından kinorejissorlarımızın diqqətini çəkə bilib. 1970-ci ildən bəri müxtəlif ekran əsərlərinə rol alan istedadlı aktyor və pedaqoq bu günə kimi "Yeddi oğul istərəm", "Papaq", "Qəzəlxan", "Qara gölün cəngavərləri", "Cavid ömrü", "Sübhün səfiri" və başqa bədii filmlərdə müxtəlif obrazlar canlandırıb. "Dolu" filmindəki Rəis obrazını da Fərhad İsrafilov özünəməxsus şəkildə yarada bilib. Fərhad müəllim milli filmlərimizin hamısını xoşlayır. Ona görə də ayrı-seçkilik etməyin tərəfdarı deyil, onun fikrincə, bütün filmlərimiz maraqlıdı.
Səhnədə bir-birindən maraqlı obrazlar yaradan əməkdar artist İradə Ağasıbəyli kinorejissor Cahangir Mehdiyevin "Kişi sözü" bədii filmində Ağça roluna çəkilib. Ağcanın İradə xanımın yaradıcılıq bioqrafiyasında xüsusi yeri var. İstedadlı aktrisa bu obrazı məhz ona etibar edən Cahangir Mehdiyevlə növbəti filmlərdə də çalışmaq arzusunu ifadə etdi: "Cahangir bəy yeni çəkəcəyi bədii filmlərə məni dəvət etsə, sevə-sevə qəbul edərəm. Onunla iki filmdə çalışmışam, mənə elə gəlir ki, bir-birimizi yaxşı başa düşürük. Bu gün Azərbaycan kinosunda gənc rejissorlar da var, Cavidin, Rövşən İshaqın filmlərinə məmnuniyyətlə çəkilərdim".
Əməkdar artist Kəmalə Hüseynova Xalq artisti Rasim Balayevi milli kinomuzun ən yaraşıqlı aktyoru sayır. Kəmalə xanımın maraqlı bir arzusu da var: "Bir aktyor da var, onunla eşq dolu filmə çəkilmək istərdim. Təəssüf ki, onun adını açıqlamayacam".
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış qiraət ustası Nadir Hüseynov bu günə kimi heç bir filmə dəvət almasa da rejissorlarımızdan inciməyib. Nadir bəy deyir ki, hər bir rejissorun öz yanaşması var: "Rejissorlarımız məni öz filmlərində görmək istəməyiblərsə, nə edə bilərəm? Kino rejissorluq çox çətin sənətdi, Azərbaycanda bu sənətin görkəmli nümayəndələri olub, təəssüf ki, ənənənin davamı gəlmədi. Bu gün kino çəkən çox olsa da kino rejissoru yoxdu. Bunu təcrübəli pedaqoq kimi deyirəm".
Dəfələrlə baxdığımız milli filmlərimizin həyatımıza təsiri varmı? Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlı hesab edir ki, var: "Sözsüz ki, hər bir sənət növü kimi kino da həyatımıza təsir göstərir. Və burada Azərbaycan filmləri də istisna deyil. Amma "hər aşiqin öz dövranı" olduğundan bu gün cəmiyyətə təsir edən sənətlər arasında kino yumşaq desək, öndə getmir ki, bunun da ictimai-siyasidən tutmuş sosial-mədəni problemlərədək çoxlu səbəbləri var. Burada ən qabarıq görünən məsələ ölkəmizdə kinonun prokat və təbliğat mexanizminin demək olar ki, işləməməsi, daha doğrusu olmamasıdı.
Yeri gəlmişkən, bir vacib məqam var ki, məncə kinoçularımız bu barədə çox ciddi düşünməlidirlər. Maraqlıdır ki, kinonun həyatımıza, cəmiyyətə, tamaşaçıya təsirini heç də həmişə filmin bədii səviyyəsi təyin etmir. Məsələn, "Bəxtiyar", "Əhməd haradadır", "Bəyin oğurlanması", "Kişi sözü" kimi filmlərimiz var ki, kinoşedevr olmasalar da, bu gün də öz təsir gücünü qoruyub saxlayır, sevilə-sevilə baxılırlar. Düşünürəm, bunun əsas səbəbi həmin filmlərdəki səmimiyyət və insanın öndə olmasıdı ki, bu da müasir kinomuzda çatışmır. "Bəyin oğurlanması" filmində deyildiyi kimi, "elə çəkin ki, ürəyə toxunsun".
"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Natiq Məmmədlinin Azərbaycan filmləri arasında ən çox izlədiyi "Bəyin oğurlanması" və "Yol əhvalatı"dı. Həmkarımız seçimini belə izah edir: "Hər iki filmin ssenarisi, rejissor işi və təbii ki, aktyorların ifası çox uğurlu alınıb. Hətta həmin iki ekran əsəri komediya janrında çəkilməsəydi belə, yenə onlara dönə-dönə baxacaqdım".
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından biri, "Dolu" filmində erməni Levon roluna çəkilən Əjdər Zeynalov belə hesab edir ki, vətənpərvərlik mövzusundakı ekran əsərlərinə daha çox ehtiyacımız var: "Ərazimiz işğal altından azad edilməyib, deməli, hələ müharibə bitməyib. Biz ideoloji savaşda da düşməni üstələməliyik. Kinonun bu məsələdə əvəzsiz rolu ola bilər. "Dolu" filmi bunu bir daha sübut etdi. Amma bir məsələni də unutmaq lazım deyil, hərbi-vətənpərvərlik filmləri səmimi, inandırıcı olmalıdı. "Dolu"nun da uğuru məhz bunda idi".
Fariz Əhmədov müasir kinematoqrafiyamızın yetişdirdiyi istedadlı gənclərdəndi. Çəkdiyi filmlərin bir neçəsi müxtəlif beynəlxalq festivallarda ölkəmizi təmsil edib. Hazırda "Azanfilm" studiyasına rəhbərlik edən Fariz bəy belə hesab edir ki, Azərbaycan filmlərinin də "Oskar" alacağı gün uzaqda deyil: "Əslində, "Oskar" almaq heç bir filmin məqsədi olmamalıdı. Filmin məqsədi tamaşaçı tərəfindən anlaşılmaq, hiss edilmək, qəbul və ya kəskin etiraz almaq, sevilmək, yaxud nifrət edilmək olmalıdı. Əlbəttə ki, festivalların münsiflər heyəti və auditoriyası da tamaşaçılardı, onların zövqünü oxşamaq ən azından tamaşaçıların bir hissəsinin xoşuna gəlmək deməkdi.
Məlum olduğu kimi, film kollektiv sənətdi, ona görə də filmin keyfiyyəti bəzən təkcə rejissordan asılı olmur. Filmin özəyi ssenaridi, əgər ssenaridə kiçik bir boşluq varsa və rejissor da bunu düzəldə bilməyəcəksə, kinoteatrdan çıxan tamaşaçıların dilindən "Yaxşı çəkilib e, nə bilim, elə bil nəsə çatmır"- replikasını eşidəcəyik. Azərbaycan kinosunu bu "çatışmayan nəsə"dən xilas etmək lazımdı.
Son illər Azərbaycan filmlərinin A kateqoriyalı kino festivallarında - Kann, Berlin, Venesiya, Lokarno film festivallarında müsabiqə proqramlarında iştirakı artıq bizim filmlərin bu günü və gələcəyi haqqında nəsə deyir. Yəni yaxın zamanlarda, lap tutaq ki, gələn il hansısa Azərbaycan filminin səsi "Oskar"dan gəlsə, təəccüblənməyə dəyməz".
Yəqin hər bir yazıçı istər ki, onun ssenarisi əsasında bədii film çəkilsin. Gənc yazıçı-dramaturq Samir Sədaqətoğlunun da ürəyindən belə bir arzu keçir. Onun yazdığı "Toy gecəsi" ssenarisi əsasında çəkilən teleserial izləmə rekordlarını qırdı. Samir bədii film üçün ssenari yazmaq təklifi alıbmı? Samir Sədaqətoğlu sualımızı belə cavablandırdı: "Teleseriallar üçün ssenari yazmaqla bağlı bir neçə təklif almışam. Amma çox istərdim ki, bədii filmlərə ssenarilər yazım. Bununla bağlı maraqlı ideyalarım da var. Qismət olsa, reallaşar".
Kino işçilərimizi bayram münasibətilə təbrik edir, onlardan yeni, ürəyimizə toxunan, həm də dünyaya səs sala bilən filmlər gözləyirik.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV