adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YAXŞI Kİ, GÖRMƏDİK O SARAYLARI...

VƏSİLƏ USUBOVA
30163 | 2014-08-02 02:09
...Televizoru söndürüb balkona çıxıram. Ruhumu məngənə kimi sıxan, duyğularımı tarıma çəkən görüntülərdən sonra gözümü, könlümü rahatladacaq mənzərə axtarıram. Bayırda da elə bir ürəkaçası hava yoxdu. Günün elə vaxtıdı ki, bir yarpaq belə tərpənmir. Küçə-bacada da adam azdı...
Bizim tərəflərdə yeganə ruhu oxşayacaq məkan Kürlə Arazın qovuşduğu yerdi ki, ora da heç ən hündür binalardan da görünmür. Bircə Günəş batanda Suqovuşanın əksi o ətrafda göyün bir parçasını bənzərsiz hala gətirib adamın ağlını başından alır. Mənsə bu saatlarda heç nəyi seyr edəsi halda deyiləm. Acığımı tökməyə birisini axtarıram. Bayaqdan bəri izlədiyim film bu ovqatı yaradıb məndə. Əslində, axır zamanlar çox dözümsüz olmuşam. Yəqin əsəblərim illərdən bəri onlara yüklədiyim gərginlklərə daha tab gətirmək gücündə deyillər. Üzə durublar, daha mənim istəklərimlə hesablaşmırlar...
Belə getsə...
Deyim ki, var gücümlə mənfi düşüncələrdən uzaq durmağa, onları da özümə yaxın qoymamağa çalışıram. Get-gedə dərk edirəm ki, biz öz həyatımızı çox əhəmiyyətsiz, boş şeylərə sərf edirik. O şeylər ki, onlarsız ömrümüz bəlkə daha gözəl, daha mənalı olardı...
Nə qəribə məxluquq biz?! Öz əlimizlə özümüzə cəhənnəm yaradırıq. İnsanın başında nə qədər gözəgörünməz, ağılagəlməz məhbəslərin sxemi yaranarmış. Həm özü, həm də başqalarıyçın işgəncələr hazırlanarmış...
***
Son zamanlar saray həyatından, məhbəslərdən, əsir düşərgələrindən, psixi xəstəxanalardan, qocalar və uşaq evlərindən bəhs edən nə filmlərə, nə verilişlərə baxmağa dözümüm qalmayıb. Kriminal yazıları və verilişləri görməyə çoxdan gözüm yoxdu. Adamı ən çox hadisələrin daha da şişirdilməsi, problemlərin qabardılması, yeni əzab və işgəncə növlərinin düşünülüb tətbiq edilməsi incidir. Bəlkə də həyatda bunlardan da dəhşətli hadisələr baş verir. Bəlkə yox, həqiqətən baş verir. Ancaq niyə biz bunlardan şou düzəltməliyik?! İnsan əzabları nə zamandan zövq mənbəyi olub?! Təsəlliverici sözlər, ürəkaçan rəftarlar, göz yaşlarını silən əllər hara yox olub?!
Kim öyrətdi insanlara saraylar tikməyi?! O sarayların içində həm əyləncə məkanları, həm də zindanlar yaratmağı?! Kim adamlara dedi ki, sənin doğan Günəşə, bədirlənən Aya, otlara, çiçəklərə gözdolusu baxmağa, yağışda islanmağa, qarda bələnməyə, şehli otların, isti qumların üstündə ayaqyalın gəzməyə haqqın yoxdu?! Qəlbinə yatanın əlindən tutmağı, gözünün içinə bağmağı, nəfəsini dinləməyi kim qadağan elədi?!
İlahi, bəşərin nə acı günləri olub...
İllah da qadınların...
Məndən ötrü dünyanın ən dözülməz, cansıxıcı məkanları saraylardı...
Yenə Avropa sarayları toya getməlidi. Bizimkiləri təsvir eləməyə də söz tapa bilmirsən...
Nə qədər geyinib-kecinmək, süslənmək, ləziz yeməklər yemək, tülkü quyruğuynan oynayan kimi özüynən oynamaq olar?! Adamın lap ürəyi bulanır. Hələ kimisə yandırıb-yaxmaqdan ötrü göstərilən ədalar, yersiz naz-qəmzələr, qeybətlər, aravurmalar, söz gəzdirmələr...Özünü, övladını qorumaqçın düşünülən hiylələr, qurulan torlar, zəhər qatılan yeməklər, yatdığın yerdə boğazına keçirilən kəndirlər...
Gözünü yumanda bilmirsən, sabaha çıxacaqsan, ya yox...
İnsan heç özüynən tək qalmazmı, şirin xəyallara dalıb sinədolusu köks ötürməzmi?!
Nə qədər baş əymək olar?! Nə qədər ürəyindəkiləri boğub boğazdan yuxarı danışmaq, özünə deyil, qarşındakına sərf edən sözləri dilə gətirmək?! Nə qədər qorxan gözlərə, saralmış sifətlərə tamaşa eləmək olar?!
Bu da insan həyatıdı?!
Nə bilim, daha hansı dəhşətlər...
Ən yaxın adamına da ürək qızdıra, bel bağlaya bilməzsən bu məkanda. Kimin ürəyində, dilinin altında nə gizləndiyini bilmək çox müşkül məsələdi. Ancaq qəlbi, vicdanı qara olanlar yaxşı baş çıxararlar belə yerlərdə. Vay safların, məsumların, qəlbi sevgiynən, istəknən dolu olanların halına. Əmlik quzu kimi quduz canavarların yemi olurlar...
Pəncərələrindən işıq sızmır, qapıları günlərlə, həftələrlə açılmır. Bağ-bağçasında gülləri, çiçəkləri də qan qoxuyur...
Necə sığırdı Xaqaninin, Vaqifin ruhu o saraylara?!.
***
Nə yaxşı, bizlərdən çox-çox uzaqlarda qaldı o dönəmlər. Nə yaxşı ki, dağıldı, xaraba qaldı, bayquşlara məskən oldu o saraylar...
Bir də geri dönməsin, kif basmış havası bizləri vurmasın...
Nə yaxşı ki, taleyimizə saraylarda yaşamaq yazılmayıb...
Əslinə qalsa, daha sarayların bizi qoynuna almağa gücü də çatmaz...
Əgər ürəyim istəyəndə çantamı çiynimdən asıb istədiyim yerə (lap dünyanın o başına da) gedə bilirəmsə, deməli, bu gün bütün saraylar sabun köpüyündəndi...
Tanrıya şükürlər olsun!...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV