adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SIRXAVƏNDLİ SAQQAL BAYRAM

MƏMMƏD DƏMİRÇİOĞLU
38362 | 2014-08-02 01:34
Nağıgilin dəstəsi özlərini Şirinin evinə saldılar. Seyran müəllim qan-tərə batmış Bayramın alnından öpərək:
- Çox sağ ol, Bayram. Yaman yerdə karımıza gəldin. Səngərə bir qranat atsaydılar, cəmimizə bəs edəcəkdi, - dedi - Burada qalmağın yeri yoxdu. Köpək uşağını qırmaqla tükənmir. Desant dəstələri də töküblər. Gəl kəndin ayağına tərəf gedək. Əks halda buranı da mühasirəyə alacaqlar. - Seyran müəllim Bayramı dilə tutmaq istədi.
Havanın çox soyuq olmasına baxmayaraq, Bayram əynində olan sonuncu kitelini də çıxarıb bir tərəfə tulladı. İndi o, təkcə zolaqlı desant telnyaşqasında qalmışdı.
-Seyran müəllim, siz düşün aşağı. Mənim bu kafirlərlə haqq-hesabım hələ qurtarmayıb. Mən onların qarşısını kəsəcəm. Siz kəndə enib, arvad-uşağın Qaraşdara, Bəşirriyə adlamasına kömək edin. Bu yağılar böyük qoşunla irəliləyirlər. Qırmaqla qurtarmaq bilmirlər. Haydı, siz tələsin - deyib, yeni lentanı PK-nın ağzına verdi.
Seyran müəllim qar üstünə səpələnmiş kilizlərə baxdı. Hər tərəf boş gilizlərlə dolmuşdu. Sonra sursat yeşiyinə nəzər saldı. Bayramın kifayət qədər sursatı varıydı.
Seyran müəllim, Nağı, Ələmdar, Baris və qalan döyüşçülər Bayramdan aralanıb aşağı enməyə başladılar.
Güney postunu zərərləşdirən ermənilər artıq iri masştablı hücuma keçə bilərdilər. Kiçanın ayaq tərəfində dayanmış tanklardan atəş açdılar. Kəndin evləri tüstülənməyə başladı.
Bayram susmuşdu. Ermənilər onun Şirinin evini tərk etdiyini zənn edərək, iri bir dəstə ilə irəliyə atıldılar. Bayram da bunu gözləyirdi. PK yenidən şaqqıldamağa başladı. Öndə gələnlər güllənin zərbəsindən bir az yuxarı tullanaraq yerə səpələnməyə başladılar.
Tezcə yerini dəyişib sol tərəfdəki pəncərəyə yönələn Bayram, səs ucaldıcıyla danışan Rantiqin səsini tanıdı.
- Ara, bu Bayramdı! O mənə diri lazımdı. Onun ətindən kabab edəcəyimə söz vermişəm. Onu mühasirəyə alıb, diri tutun! - deyərək, Şirinin evini dörd tərəfdən güllə yağışına tutdular.
Seyran müəllimgil kəndin ayağına çatanda İşgə çayını adlayan uşaqları, qadınları gördülər. Qazançı tərəfdən də ermənilər güclü müqavimətlə üzləşmişdilər. Qüdrət kişinin dəstəsi Dəyirmanın ərazisində, qəbiristanlığın ətrafında xeyli erməni qırmışdılar. Buradan zirehli texnikanın gəlməsi çox çətin idi. Bu baxımdan ermənilər Sırxavəndlilərin döyüş mövqeyini yara bilmirdilər.
Seyran müəllimi görən Qüdrət kişi ondan Bayramı xəbər aldı.
- Bayram olmasaydı mühasirədən çıxa bilməzdik. - Seyran müəllim Nağıya baxaraq sözünə davam etdi: -Şirinin evini səngər edib. Səhər saat altının yarısından döşəyir. İndi saat beşdi. Bu zalım oğlu yorulmaq bilmir. Nə qədər dilə tutduq aşağı enmədi. Dedi, mən bunları gecikdirəcəm, siz camaatı sağ-salamat Qaraşdara, Bəşirriyə çıxarın.
-Onu vuracaqlar, Seyran müəllim! - deyib, fikrə getdi Qüdrət kişi.
İşgə çayının Güneyində atışan Rəhmanın dəstəsi Güney postun alındığını, uşaqların mühasirədən çıxdığını görmüşdülər. Şirinin evindən gələn pulemyot səsindən anladılar ki, Bayram hələ də ordadı.
Kamil:
- Bayramı da mühasirəyə alacaqlar. Ona kömək lazımdı, - deyib, dəstəyə yuxarı cinaha qalxmaq əmri verdi.
Amma onlar bir addım da irəliyə gedə bilmirdilər. Güneydən atılan gülləllər başlarının üstündən vıyıldayaraq ağacların çılpaq qol-budaqlarını sırsıra bağlamış qar qarışıq göyə sovururdu.
Bayramin vəziyyəti çox gərginləşmişdi. O, 10 saata yaxın idi təkbaşına döyüşürdü. Son gücünü toplayıb, sonuncu lentanı PK-nın yuvasına itələdi. Ayaqları dizəcən palçıq içində idi. Şiddətlə şaqqıldayan pulemyotun qaynar gilizləri sol tərəfə sıçrayaraq sinəsinin sol hissəsini doyəcləyərək qara qançır etmişdi. Tüklıü sinəsini qarsalamış gilizlər ətrafa səpələndikcə cızıldayırdı.
Bayramın qarşısında iki yol qalmışdı. Ya ölməli, ya təslim olmalı. Buradan çıxıb qaçmaq ölümün özü demək idi. Uzanmış qalın, qıvrım saçları üz-gözünə dağılmışdı. Alnından, üzündən çığırlar salmış tər damcıları qalın saqqalının üstündə puçur-puçur buz bağlamışdı. Əynindəki zolaqlı telhyaşqanın sol tərəfi köz kimi mağazadan sıçrayan gilizlərin istisindən qarsalanıb qaralmışdı. Tüklü bədənindən çıxan buğ, nəfəsinə qarışaraq ətrafında boz bir halə yaradırdı. Erməni yaraqlıları onu üç tərəfdən mühasirəyə almışdılar. Amma yaxınlaşmağa qorxurdular. Bayramın necə döyüşçü olduğunu bilən ermənilər onu asanlıqla ələ keçirməyin mümkünsüzlüyünü bilirdilər. Çox itki vermədən onu diri ələ keçirmək istəyirdilər. Bayramın qanına susamış Rantiqin ən böyük arzusu, onu diri görmək, ətini tikə-tikə kəsərək özünün gözləri qarşısında kabab edib, yemək idi.
Bayramın da son nəfəsinə qədər Şirinin evini tərk etməməsi, Rantiqin alnının ortasını tuşlamaq niyyəti idi. Səmədin, Bəhmənin qanını almaq, Rantiqi əlləriylə öldürmək üçün buranı tərk etmirdi Bayram. Amma o indi tək idi, düşmən isə çox. Mühasirə həlqəsi isə getdikcə daralır, gücü və sursatı isə tükənirdi.
Kürəyini buz kimi soyuq divara söykəmiş Bayram, lüləsi kösöv kimi qızarmış pulemyotuna azacıq istirahət verməli idi. Pulemyotun ehtiyat lüləsi yox idi. İstənilən vaxt istidən şişib kilidlənə bilərdi.
O susan kimi, onu mühasirəyə almağa çalışan yaraqlılar bir neçə addım evə yaxınlaşırdılar. Bayram sonuncu darağı dayanmadan ermənilərin mövqeyinə çiləməyə başladı. O, artıq sinəsini qarsalayan gilizlərin ağrısını belə hiss etmirdi.
Rantiqin səsi lap yaxından gəlirdi: - Öldürməyin o məlunu. O mənə diri gərəkdi.
Bayram səs gələn tərəfi nəzarətdə saxlayırdı. Onun son arzusu Rantiqi gəbərtmək idi. Amma Rantiq burnunun ucunu belə Bayrama göstərmirdi.
Rantiqin səsi gələn istiqaməti döyəcləməyə başlayan Bayram hayqıraraq:
- Qorxaq köpək oğlu, oğulsan çıx, təkbətək vuruşaq. Görək kiim kimi əsir götürəcək. Tülkü kimi gizlənmisən, qorxudan burnunu ucunu da göstərmirsın - deyib, yenidən pulemyotu şaqqıldatmağa başladı.
Birdən PK susdu. Ağzından od püskürən pulemyot Bayramın əlindəcə susdu, lal oldu. Gülləsi qurtarmamışdı. Şiddətli və fasiləsiz işləyən pulemyotun lüləsi qızaraq kilidlənmişdi (Zaklinid olmuşdu). Ağlına gələn başına gəlmişdi. Artıq bir vecsiz əşyaya dönmüşdü, Bayramın yeganə ümid yeri.
Heç bir çıxış yolu qalmamışdı. O artıq əliyalın idi. "Bu da son!" - deyərək əlini kəmərindən asdığı əl qumbarasına uzatdı: - Məni diri tuta bilməyəcəksən, Rantiq!" - deyib, əlini şplintə uzatdı.
Bu ara Mehdi Hüseynzadının son anları gözünün qabağına gəldi. O gözlədi ki, onu tutmaq üçün cəmləşən erməniləri də özü ilə birgə partlatsın. Odur ki, kəmərinə bənd etdiyi qumbaranı çıxardı, şplinti çəkib Rantiqin gəlməsini gözlədi. Tərləmiş bədənini axşamın ayazı ilan kimi dalamağa başladı. Qara-qançır olmuş sol sinəsində qan ləkələri görünürdü. O heç nə hiss etmirdi. Fikri-zikri camaatın yanında qalmışdı. "Görəsən camaatı o toya adlaya bildim? Görəsən sağlıq-salamatlıqdım?"i- deyə düşünməyə başladı.
Elə bu ara İşgə çayı tərəfdən atəş səsləri eşidildi. Bayramı mühasirəyə almış ermənilər yenidən yerə uzandılar. Bayram bircə an da gecikə bilməzdi. Əlindəki qumbaranı ermənilərə tərəf atdı və bir aslan çevikliyi ilə özünü evin sağ tərəfinə verdi. İki metrdən uca olan dəmir setqanın ustündən tullanaraq, İşgə çayına tərəf yuvarlandı.
Bu hündürlükdən başqa vaxt hec cür tullana bilməzdi. O hasardan tullanarkən ermənilər onun arxasınca güllələr yağdırdılar. Xoşbəxtlikdən güllələr onun yan-yörəsindən ötsələr də bir xəsarət verə bilmədilər.
Hamını heyrətləndirən bu idi ki, həmin anda PK-sını da özüylə gətirmişdi.
Bəşirriyə çatanda hava çoxdan qaralmışdı. Tək zolaqlı telnyaşqada oğlunu görən Gülənbər ana, onu sağ-salamat görəndə çox sevindi, Tanrıya şükürlər söylədi.
Oğluna baxdıqca ana ürəyi qövr eləməyə başladı. Qapqara yanmış sinəsinə təpitmə qoyaraq, oğlunun saçını-saqqalını sığallamağa, balaca uşaq kimi əzizləməyə başladı.
Uzaqdan yanan Sırxavəndin damlarından göyə burulan alav dilinləri gecənin qaranlığını işıqlandırır, kədərli baxışlarla bu mənzərəni seyr edən Sırxavəndlilərin gözlərini dağlayırdı. Məğlub edilməz Sırxavənd yanırdı...
Bayram yatağına uzanıb, Pulemyotu söküb-yığan balaca Xəyyamın hərəkətlərini seyr edərək dərin xəyallara getmişdi.
Həmin gün Sirxavənd işğal olundu. Buna baxmayaraq, 10 minlik orduyla, 300 nəfərlik muzdulu desantlarla, 27 ədəd ağır, zirehli texnikayla hücum əməliyyatı keçirən ermənilər 300-dən artıq çanlı qüvvə, 12 ədəd zirehli texnika itirirək Sırxabəndi ələ keçirə bildilər. Bunun müqabiləndə, bu döyüşdə bir nəfər də olsun itki verməyən Sırxavəndlilər, əsil kişi döyüşünün nə olduğunu düşmənə sübut etdilər. Qarbağ savaşında ilk dəfə olaraq, ermənilər 3 günlük matəm elan edərək, Sırxavənd döyüşündə ölənləri üçün yas saxladılar.
Mart ayının 12-si, Sırxavənd uğrunda gedən döyüş, Qarabağ müharibəsinə şanlı döyüş səhnəsi kimi yazılmış bir tarix olaraq qalacaq, Sırxavəndlilər əzmkar və cəsur insanlarıyla bu döyuşdə bir daha Türkün savaşını, məğlubedilməz ruhunun ölməzliyini sübut etdilər...

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV