adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Iyul 2014 03:46
7057
ƏDƏBİYYAT
A- A+

Son Məktub

-Salam, Arif Müəllim!
-Salam, salam, qardaş! Nə təhərsən? Uşaqlar necədi?...
....Bizim telefon danışığımız həmişə belə başlayardı - mən sənə "Müəllim" deyərdim, sən mənə "qardaş". Sonuncu dəfə də söhbətimiz beləcə başladı, sənin həmişəki həlim səsini eşitdim, o mehriban və səmimiyyət dolu səsində ağrı, kədər, inilti hiss eləmədim; xəstəhal olduğunu duymadım - sən heç vaxt özünə və əzablarına aid şeyləri deməzdin, bildirməzdin! Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya bilmədim?! Əvəzində, hal-əhvaldan dərhal sonra sənə bəd xəbər verdim.
-Arif müəllim, Zeydulla Ağayev rəhmətə gedib! Nekroloq vermək lazımdı...
Telefon bir anlıq susdu. Sonra səndən üzüntülü bir cavab eşitdim:
-Çox heyf! Bir nekroloq yaz göndər mənim kompüterimə, "Ədəbiyyat qəzeti"nə verək!
Vəssalam. Bu da bizim sonuncu söhbətimiz...
İndi mən bu sətirləri yazanda gözlərimdən yaş süzülür, qəlbim sızıldayır. Axı necə oldu ki, mən sənin də tezliklə gedəcəyini, bizi əbədi tərk edəcəyini duya bilmədim?!
Bilsəydim, nə edərdim? Axı mənim nəyə gücüm çatardı, Arif müəllim?
Məgər sənin kimi işıqlı ziyalımızın xeyirxah əməllərinin, nəsrimiz üçün, ədəbi tənqidimiz, elmimiz, mədəniyyətimiz üçün gördüklərinin əvəzini ödəmək olar? Məgər sənin kimi böyük hərfli Müəllimin təmənnasız və vicdanlı əməyini unutmaq olar? Məgər sənin kimi Dostun Dosta tən gəlməsinin, sənin kimi Qardaşın Qardaşla yol yoldaşlığının əvəzini çıxmaq olar? Məgər sənin əqidəli və dürüst Vətəndaşlıq mövqeyi nümunəsini sənin özün kimi yaşamaq olar? Məgər sənin düz və duz çörəyinin dadını-tamını kiminsə duz-çörəyi ilə qarışdırmaq olar? Məgər sənin İnsani dəyərlərinin qiymətini, ağlının, təfəkkürünün, sağlam düşüncənin işığına bələdiyin məmurluq mədəniyyətinin yerini kimsə verə bilərmi? Məgər sənin Şəxsiyyət bütövlüyünü, əzəmətini, iradəni, qüdrətini əvəz eləmək mümkündürmü?
Daha heç nə yaza bilmirəm...
-Əlvida, Arif Müəllim!
-Xoş gördük, Qardaş!..
...Xoş görüşə bilsək, səninlə yenə qürur duyaram!
Sənin Ruhuna dərin ehtiramla...