DAĞA-DAŞA DÜŞMƏYƏK

FAİQ QİSMƏTOĞLU
34950 | 2014-07-26 03:02
Elə bil iynənin üstündə oturmuşam. Nə yediyim-içdiyim canıma yatır, nə də gecələr rahat yatıram. Qohum-əqrəbada birinin başı ağrıyan kimi o dəqiqə mənə telefon açır. Deyirlər ki, Bakıda tanış-tunuşun çoxdur, ağır xəstəmiz var ora gəlirik, xahiş edirik bizə kömək elə...
g Kömək eləmək isə yaxşı insanların ən gözəl xüsusiyyətləridir. Mən demirəm ki, yaxşı insanam, bu işləri görə bilmərəm. Kim telefon açırsa, kim üz tutursa, bacardığımı əsirgəmirəm. Bir ay bundan əvvəl bibim oğlu Əhmədin vəziyyəti ağırlaşdı. Ölümcül halda Bakıya gətirdilər. Mənim dostum, tibb elmləri namizədi Müşfiq Həsənov onu ölümün pəncəsindən aldı. Yuxarıda Allah, aşağıda Müşfiq həkim Əhmədi xilas elədi. İndi evinə qayıdıb balalarının yanındadır, amma bir müddətdən sonra yenidən Bakıya gəlməli və üzərində əməliyyat olunmalıdır...
Bir balaca nəfəsimi dərmişdim ki, bacım Validənin vəziyyəti ağırlaşdı. Yeddi aydır ki, həkimlər onu ürəyindən müalicə eləyirdilər. Hətta yaxın dostum, kardioloq Rafiq Yusifli onu müayinə edəndən sonra dedi ki, bacınızı anju elətdirin. Anjudan sonra məlum olacaq ki, ürəyinin neçə damarı tutulub. Bir neçə gün bundan əvvəl Mərkəzi Klinik Xəstəxanada onu anju elətdirdik. Kardioloq-cərrah Firdovsi İbrahimov bildirdi ki, bacınızın bir damarı yüz faiz tutulub, vəziyyəti ürəkaçan deyil, mütləq stend qoyulmalıdır.
İndi bacım Mərkəzi Klinik Xəstəxanada yatır. Yazını bilgisayara diktə edəndə həkim Firdovsi İbrahimov mənə telefon açdı, əməliyyatın uğurla başa çatmasını dedi. Sevincimdən gözlərim yaşardı. Bacım əməliyyata getməmişdən öncə "Qurani-Kərim"dən beş surə oxumuşdum və Allah-Təaladan kömək istəmişdim. Şükür ilahinin mərhəmətinə, indi onun vəziyyəti yaxşıdır və palataya köçürüblər. Yazımı tamamlayıb onun yanına qaçacam. Telefonla danışdım, səsi yaxşı gəlirdi...
Bu gün Azərbaycanda kifayət qədər savadlı, təcrübəli həkimlər və cərrahlar var. Sadəcə olaraq, yaxşı həkimi axtarıb tapmaq və ora getmək, müayinə və müalicə olunmaq lazımdır. Üstəlik də bu gün Bakıda, eləcə də respublikanın digər şəhərlərindəki klinikalarda ən müasir aparatlar var. Yəni hər hansı müayinə üçün Avropa ölkələrinə və eləcə də qonşu İrana üz tutmağa ehtiyac qalmır.
Üç ay bundan əvvəl özəl klinikaların birində mənim ödümü çıxartdılar. Əməliyyatdan öncə çox həkimlə məsləhətləşdim, çox insanlarla ünsiyyətdə oldum və tanıdığım neçə-neçə həkimdən dəfələrlə məsləhət almağa ərinmədim. Axırda tibb elmləri namizədi Müşfiq Həsənov və cərrah-həkim Niyazi Əsgərov mənim üzərimdə əməliyyat apardılar. Əməliyyat uğurla keçdi və hər şey arxada qaldı...
gYadımdadır ki, əməliyyatdan öncə məni müayinə edən və aparatdan keçirən həkim Vüsal Əhmədov diqqətlə ekrana baxır, iri daşları və qum yığımını görüb təəccüblənirdi. Dedi ki, müəllim, belə bir vəziyyətdə hər an sənin ödün partlaya bilərdi. Qurd ürəyi yemisən, ya nədi, səhhətinə bu qədər biganə qalma. Həkimlərin dediyini dinlədim və əməliyyata gedib canımı o öd daşından qurtardım.
Amma bizim çoxlarımız həkimə və müayinəyə səhhətimiz həddindən artıq ağırlaşanda üz tuturuq. Onda da Allahdan və həkimdən şəfa istəyirik. Düşünmürük ki, ağır vəziyyətdə xəstəni xilas etmək o qədər də asan deyil. Şükürlər olsun ki, bu gün məmləkətimizdə ən ağır xəstələri savadlı və peşəkar həkimlər Allahın köməkliyi ilə ölümün pəncəsindən xilas edir. Artıq müxtəlif klinikalarda ürək əməliyyatları ilə yanaşı, böyrək köçürmələri, qara ciyər köçürmələri həyata keçirilir.
Bu günlərdə klinikaların birində çox ağır və nadir əməliyyatlardan olan ilik əməliyyatı da uğurla baş tutub. Sözümün canı odur ki, şükürlər olsun ki, məmləkətimizdə kifayət qədər savadlı, təcrübəli və bacarıqla həkimlər var. Həmin həkimlər heç də Almaniyada, Türkiyədə və digər Avropa ölkələrinin klinikalarında çalışan həkimlərdən geri qalmırlar. Çünki onların çoxu elə Avropada təhsil alıb və bu gün də məmləkətimizə qayıdaraq klinikalarda işləyirlər. Belə istedadlı həkimlərə "yaşıl işıq" yandırılmalı və onlar qorunmalıdır.
gÜmidimizi üzməyək və dağa-daşa düşməyək. Yaxşı həkimləri, savadlı və təcrübəli cərrahları məmləkətimizdə də tapmaq olar. Amma bir balaca əziyyət çəkməli, axtarmalı, soruşmalı və bundan sonra həkimin yanına müayinə və müalicəyə getmək olar. Allah bütün xəstələrə şəfa versin və hamını qorusun!..

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV