adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Nə ilə yaralayım onun acımasız qəlbini?

SAMİRƏ ƏŞRƏF
34712 | 2014-07-26 02:45
Bəzən insan gedə biləcəyi yerə, görüşmək istədiyi adama yarımca saat vaxt ayıra bilmir. Bunun üçün aradan uzun-uzadı illər keçir, amma sən yenə də gedə bilmirsən. Məsələn, çox az insan tutaq ki, iyirmi ildən sonra oxuduğu orta məktəbə gedir. Ordakı yaşlı müəllimləri ilə görüşür. Və ən əsası nəhəng xatirələrin girdabına düşür.
Mənim getmək istədiyim yerlər az olub. Bəlkə də heç olmayıb. Həmişə özümü yeri-yurdu olmayan adam kimi hiss etmişəm. On üç yaşıma qədər havasını udduğum başaçıq, ayaqyalın gəzdiyim o torpağa internetdən, şəkillərdən boylanmışam.
Hərdən yuxularımda evimizi uçulmamış, dağılmamış görürəm. Halbuki o vaxtı rayon çıxaçıxda olanda bir tanış əsgər atama demişdi ki, bizim evin üstünə qradın düşməsini öz gözləri ilə görüb. Atam bunu çox-çox sonralar bizə demişdi. Atam həm də mənim ayaqyalın qaçdığım küçədə ayağıma batmasın deyə badamlı şüşəsini kəhrizin içinə atmasını da mənə uzun müddət demədi. Çünki, həmin şüşə elə suyun içərisində ayaqlarımı yuyanda mənim ayağıma batmışdı.
Nə gizlədim. İndi biri deyəndə ki, rayona getmişdim. Ürəyimdən gizli bir sızıltı keçir. Rayon, mənim rayonum, elim-obam...
Ancaq Bakıda həmişə getmək istədiyim bircə yer olub. İlk dəfə məskunlaşdığımız qaçqın yataqxanası.
Çətin, əziyyətli, məşəqqətli günlər idi. Amma həmin günlərin bir gününü belə unutmamışam. Hələ də o günləri xatırlayanda qüssələnirəm. Dərindən fikirləşəndə görürəm ki, uğurlu bircə günümüz də olmayıb orda. Amma bir-birimizi sevmişik. Ağrılarımıza hörmətlə yanaşmışıq. Atamın gecə səhərə qədər yatmayıb bizi sancmaq istəyən ağcaqanadları qovmasını necə unutmaq olar?! Və ya anamın bişirdiyi bir qazan şorbadan yeyə bilməyib hamısını bizim boşqablarımıza tökməsini, sonra isə iştaham çəkmir deməsini necə unudum?
Bütün bunlar getmək istəyib də, gedə bilmədiyim o yataqxananın bircə otağında baş verib.
Aradan iyirmi ilə yaxın vaxt keçsə də, mən hələ də həmin yataqxanaya gedə bilmədim. Halbuki ora getmək üçün mənə yarımca saat kifayət edərdi.
Lakin müdriklər demişkən, həyat çox amansızdı! Ötən həftə öz ayaqlarımla həmin yataqxananın həyətindən içəri girdim. Ayların, illərin mənim üçün heç bir fərqi olmadığını həmin an daha dərindən anladım. Bu qədər vaxt ərzində o kasıb, əldən düşmüş bina öz yerində yırğalanmağa davam edirdi.
Məni isə həyat açıqürəkliliklə mükafatlandırırdı. On beş yaşlı sağlam, qıynaqlı, yeniyetmə kimi çıxdığım yataqxananın həyətinə otuz üç yaşlı ağrıdan ikiqat olmuş xəstə kimi girirdim. Və bu girişimin yönü yataqxanaya yox, onun qarşısında ucaldılmış xəstəxanaya doğru idi.
Gedə bilmədiyim yerlərə etdiyim etibarsızlıq üçün həyat məni belə cəzalandırırdı. Xəstəxananın pəncərəsindən bir vaxtlar yaşadığın binaya baxmaq lakin, həmin binaya girə bilməmək.
Elə isə bəs mən iyirmi bir ildə gedə bilmədiyim yerlərin, torpaqların acısını həyatdan necə çıxım? Nə ilə yaralayım onun acımasız qəlbini? Onun şax qamətini necə sındırım? Öz ağrı-acılarımızın, çəkdiyimiz əziyyətlərin intiqamını necə alım. Necə?!

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV