adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyul 2014 02:13
8329
ƏDƏBİYYAT
A- A+

LƏYAQƏT RƏMZİ

M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində ("İrani-nov", 1911) yazırdı: "Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində - yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir".
Vaxtilə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" ilk mətbu nəşr kimi bütün islam aləmini qaranlıqlardan çıxarmaq yolunda nə qədər faydalı iş görmüşdüsə, 1992-ci ildə nəşrə başlayan və yeni yaranmış mətbu orqanlar içərisində təkcə adı ilə deyil, elə məramı və məqsədi ilə də seçilən "525-ci qəzet" də xalqın ağır günlərində həm azadfikirli gənclərin, həm də təcrübəli qələm sahib-lərinin tribunasına çevrildi. İlk vaxtlar səhifələrində həm müxalif fikirli gənclərin, həm də tanınmış qələm sahiblərinin, yazıçı və şairlərin yazıları dərc olunan bu qəzet bir müddət insanlarda çaşqınlıq yaratsa da, sonra hər şey öz axarına düşdü. Söz demək istəyən hər bir qələm sahibinin üz tutduğu doğma ocağa çevrildi "525-ci qəzet"in redaksiyası. Çünki boş hay-küydən uzaq olan, insanlara hərtərəfli dəstək olmaq missiyasını gerçəkləşdirən bu qəzetin təsisçisi, çox gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli və istedadlı, bütün ziyalıların yaxşı tanıdığı və cəmiyyətdə kamil şəxsiyyət kimi nüfuz qazanmış Rəşad Məcid öz işini yaxşı bilirdi.
Rəşadı yaxından tanıyan bir insan, həmkar kimi bu sözləri deməyə haqqım çatdığına görə, 29 il əvvəl, 1985-ci ildə o vaxtlar respublikada yeganə elmi-populyar jurnal sayılan "Elm və həyat"ın redaksiyasında baş verən bəzi olayları tez-tez xatırlayıram. Rəşadı jurnala o vaxt İctimai elmlər şöbəsinin müdiri işləyən, tanınmış qələm sahibi Aqil Abbas gətirmişdi. Ümumiyyətlə, yanına gəlib-gedən istedadlı gənclərə dəstək olan Aqil Abbas Rəşadı işə gətirməklə ən uğurlu seçimini etmişdi. Çünki Rəşad ilk günlərdə olduğu kimi, redaksiyada çalışdığı 5 il ərzində öz istedadı, mədəniyyəti, zəhmətkeşliyi və ən çox da insanların qəlbinə yol tapmaq bacarığı ilə hamının sevimlisinə çevrilmişdi. Bütün bu müsbət cəhətlərinə baxmayaraq, atası Müseyib müəllim Bakıya yolu düşən kimi, mütləq redaksiyaya gələr, hamı ilə görüşər və Rəşadın özünü necə aparması barədə suallar verərdi. Hamının razılığını eşidən ata, yenə də "Xahiş edirəm, gözünüz üstündə olsun, çox cavandır, təsir altına düşməsin", - deyirdi. Ən maraqlısı isə o idi ki, Rəşad atası ilə danışarkən onun üzünə baxmaz və atasına "siz", - deyə müraciət edərdi.
Rəşadın yaşına uyğun olmayan ağayana hərəkətləri ilə yanaşı, "Elm və həyat"da və eləcə də digər tanınmış qəzet və jurnallarda çap olunan yazıları onun istedadlı qələm sahibi olmasından xəbər verirdi. O vaxtlar tez-tez redaksiyaya gəlib-gedən həmkarları Yaşar Əliyev və Yusif Rzayevin qəzet yaranandan bu günədək Rəşadla birlikdə olmaları isə onun dostluqda da etibarlı insan olduğunu təsdiq edir.
Fizika-riyaziyyat təmayüllü məktəbi əla qiymətlərlə bitirmiş Rəşadın jurnalistikanı seçməsi bu sahəyə olan sonsuz istəyinin nəticəsi idi. Hələ uşaq yaşlarından şeir yazmağa başlayan Rəşadın şeirlərindəki fəlsəfi fikirlərin arxasında 8-10 yaşlı uşağın yox, sanki yaşa dolmuş müdrik bir insanın dayandığı hiss olunurdu. Rəşad gözəl şeir oxumaq bacarığı ilə də insanların ürəyini ovsunlayırdı. Hərdən iş otağımızda bizim xahişimizlə Məmməd Araz və Ramiz Rövşəndən oxuduğu şeirlərin təsirini indi xatırlayıram.
Hamıya məlum olan 1990-cı il hadisələri bir çoxları kimi Rəşadın da həyatında köklü dəyişikliklər yaratdı. 1990-cı ildə jurnaldan uzaqlaşan Rəşad Məcid bir-birinin ardınca müxtəlif vəzifələrdə - Azərbaycan Tərcümə Mərkəzində sədr müavini, "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun müavini, Azərbaycan Mətbuat Yayımında sədr vəzifələrində çalışsa da, sanki öz əsl yerini tapa bilmirdi. Nəhayət, 1992-ci ildə təsis etdiyi və baş redaktoru olduğu "525-ci qəzet" R.Məcidin məqsədlərinin gerçəkləşdiyi doğma məkana çevrildi. Hələ lap gənc yaşlarından ailə quran və üç oğul atası olan Rəşad qəzetin ətrafına istedadlı və zəhmətsevər gənc-ləri toplamaqla böyük bir kollektivə rəhbərlik etməyə başladı. Özünün də dəfələrlə etiraf etdiyi kimi, 90-cı il hadisələrindən sonra bir müddət əlinə qələm alıb ədəbi yaradıcılıqla məşğul olmasa da, yazıb-yaratmaq həvəsli gəncləri və Azərbaycanın tanınmış yazıçı və şairlərini "525"-in ətrafına toplamağı bacardı. Onun bütün uğurlarına sevinənlər sırasında olan bizləri - "Elm və həyat"ın öz əqidəsinə sadiq əməkdaşlarını isə Rəşad heç vaxt diqqətdən kənarda qoymadı, ailə ocağına qırılmaz tellərlə bağlı övlad qayğısı ilə jurnalın problemlərinin həllində daim yanımızda oldu.
İş elə gətirdi ki, 1997-ci ildə R.Məcid rəhbərlik etdiyi böyük bir kollektivlə birlikdə müvəqqəti olaraq "Elm və həyat"la eyni ünvanda - Adil Babayev-5 ünvanında fəaliyyətini davam etdirməli oldu. Bizdən ayrıldığı 7 il ərzində çox şey dəyişmişdi, amma bizim tanıdığımız Rəşad dəyişməmişdi. Qəbuluna gələn tanınmış insanların yanında yenə də özünü şagird kimi aparır, hətta haqsız danışanların çoxunu da etik qaydalar çərçivəsində elə yola verirdi ki, heç kəs ondan incik getmirdi. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi (hamımızın müəllimi), professor Şirməmməd Hüseynov müsahibələrinin birində deyir ki, "əgər məndən soruşsalar ki, bu dünyada nə qoyub gedirsən? - deyərəm ki, jurnalistika fakültəsini. Çünki orada riyakarlıq yoxdur, rüşvət yoxdur, aldatmaq yoxdurg"
Çəkinmədən deyərdim ki, hörmətli müəllimimizin istinad etdiyi fakültənin yetirmələrindən ibarət olan "525-ci qəzet"in rəhbərliyi də bu ənənəni uğurla, ləyaqətlə davam etdirir. Yəqin ki, 1992-cı ildən fəaliyyətə başlayan və öz məsləkinə, məramına sadiq qalan bu qəzet azad sözün əsl tribunasıdır.
Təkrarən bir yerdə olduğumuz zaman "525-ci qəzet"in gənc əməkdaşlarının da Rəşad məktəbi keçdiyinin canlı şahidi olduq. Hər kəs öz hərəkətinə cavabdeh olduğunu başa düşürdü. Çünki Rəşad məsuliyyətli bir ailə başçısı kimi, onların bütün hərəkətlərinə göz qoyar, işi vaxtında görməyi tələb etdiyi kimi, onların hər birinin problemini həll etmək üçün də əlindən gələn köməkliyi əsirgəməzdi. Hətta onların elə redaksiyada nahar etmələri üçün (əlbəttə ki, Rəşadın hesabına) lazımi şərait yaradırdı.
Çox qəribədir ki, Rəşad kiməsə etdiyi xeyirxahlığı barədə heç vaxt danışmazdı. Bunu yalnız sonralar başqalarından eşidərdik.
Yəqin ki, 10 il əvvəl R.Məcidin Yazıçılar Birliyinin Gənclər üzrə katibi seçilməsini də ən uğurlu addımlardan biri saymaq olar. Çünki sovet dövründə yazıb-yaratmış yazıçı və şairlərlə yanaşı, məcrasına sığmaq istəməyən və öz yazılarında yeri gəldi-gəlmədi, açıq-saçıq, etik normadankənar ifadələr işlədən, özlərindən yaşca böyük yazarların yaradıcılığına ironiya ilə yanaşan müasir yazarların arasında tarazlıq yaratmaq həmişə mümkün olmasa da, ümid etmək olar ki, Rəşad Məcid bu problemləri heç vaxt alovlanmağa qoymayacaq, necə deyərlər, bəzi məsələləri zamanın ixtiyarına verməklə, sülh yaratmağa çalışacaqdır.
Bilmirəm nədənsə, Rəşad haqqında fikirləşəndə, 1988-ci ilin avqust ayında olan bir hadisə yadıma düşür. Həmin vaxt Azərbaycan Tibb İnstitutuna qəbul imtahanı verən qızım üçün nə qədər həyəcan keçirdiyimi əlbəttə ki, iş yoldaşlarım daha çox müşahidə edir, mənə dəstək olurdular. Ona görə də mən qızımın İnstituta qəbul olmaq xəbərini eşidən kimi, elə birinci olaraq küçədən, avtomat telefonla zəng edib redaksiyaya xəbər verdim və işin axırı olduğuna görə, daha işə qayıtmadım, sevinc içində evə getdim. Evə çatandan az bir vaxt keçmişdi ki, qapımızın zəngi çalındı. Qonşunun gəldiyini zənn edib qapını açanda, əlində böyük bir gül dəstəsi tutmuş və üzündən nur yağan, kollektivimizin sevimlisi olan Rəşadı gördüm. Onun dediyi "Gəldim ki, Sizi birinci mən təbrik edim", - cümləsi yaddaşımda pozulmaz izlər qoyub.
Hər kəsin sevincini öz sevinci hesab edən, tanıdığı insanlara öz doğmaları kimi qayğı və diqqət göstərən, lap gənc yaşlarından Özünün və Sözünün yerini bilən istedadlı şair, yazıçı, publisist, 4 kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi kimi tanınan və öz çıxışlarında - "Mənə ən çox zövq verən iş qəzetçilikdir" və "Hesab edirəm ki, bu gün qəzetlər daha çox hadisələrə cəmiyyətin fərqli mövqeyini əks etdirən yazılara yer verməlidirlər", - deyən əzizimiz Rəşada bütün istəklərinin gerçəkləşməsini arzulayır, 50 yaşın və baba adın mübarəkdir, - deyirəm.

Maral POLADOVA