adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ZÜLEYXA DƏLİDİ?!..

VƏSİLƏ USUBOVA
25746 | 2014-07-26 02:00
Kimdi dəli?! Yüzlərin, minlərin içindən başını qaldırıb düz gözümüzün içinə baxanmı? Ürəyi yananda bir bardaq suyu qurtum-qurtum deyil, gözlərini yumub birdəfəlik başına çəkənmi? Üstəlik, artığını da boyun-boğazına, sinəsinə dağıdıb vücudunu sərinlədənmi? Ağlındakını dilinə gətirən, hər şeyi öz rəngində görüb, öz adıynan çağıranmı?
Hələ sayımmı?..
Kimdi, axı, bu dəli?..
Deyəsən, duyğuları anlatmağa sözlərin gücü yetmir daha...
Hamımız dəliyik. Sadəcə çoxumuz ağıllı görünməyi bacarırıq. Bu da bizdən əvvəlkilərdən miras qalıb. Onlar nəinki ağıllı görünməyi bacarıblar, hətta bizdən ötrü xüsusi "təlimlər" də qoyub gediblər. Kütləni aldatmağa nə var ki... Bir həya niqabı tax, bir az başqalarını qına, özündə olmayanları ondan tələb elə, həqiqəti yox, sənə sərf edəni danış-vəssalam, hər şey hazırdı. Sən ağıllısan! Hətta etalonsan. Vay yan-yörəndəkilərin halına...
Yox, biz hamımız ağıllı deyilik. Sadəcə, içimizdəki dəliliyi yaxşıca ört-basdır eləməyi bacarırıq. Ta o günə qədər, bu dəliliyi üzə çıxaran birisi qarşımıza çıxır. Və həmin andan qalan hər şey anlamını itirir. Ağlın kəsəndən beyninə yeridilənlərin saxtalığı, gərəksizliyi ürəyini bulandırır...
Sən demə, insana çox az şey gərəkmiş bu dünyada. Geyimin yaxşısı, yeməyin dadlısı, yaşamın cah-cəlalı baş aldatmaq, günləri yola vermək, ömrün sönüklüyünü ört-basdır etməkçinmiş. Bunların yerinə... arada ürəyin döyüntülərini çaşmalıymış, yerindən oynayıb boğazında vurmalıymış. Yuxuların pozulmalı, iştahın kəsilməliymiş. Bircə O lazımmış sənə. İndiyəcən Onu gözlədiyini, Onun varlığından xəbərsizliyini belə anlamamısan. Yeyib-içirdin, yatıb-dincəlirdin, gəzib-dolanırdın. Səni barmaqla göstərir, yuxarı başa çəkir, qarşında baş əyirdilər. Sən də elə bilirdin yaşamaq budu, insanlıq budu. Bütün bunların gərəksizliyi ağlının ucundan da keçmirdi. Bunlar gərək idimi, bilmirdin. Heç bilmək də istəmirdin. Öyrəşmişdin buna. İşıqlı gündüzlərin ardınca zülmət gecələrin düşməsinə öyrəşdiyin kimi...
***
Onun da həyatı beləydi. Bundan fərqlisini ağlına belə gətirmirdi. Həyatından məmnundu. Ərini sevirdi. Yaşadığı çevrədə ən gözəl xanım sayılırdı. O, hətta ilahi Amonun da zövcəsi sayılırdı...
Gün gəldi, dövran döndü...
Sevimli əri öz əliynən saraya qul adıynan gözəl, ağıllı bir oğlan uşağı gətirdi. Onu sevdilər, əzizlədilər, övladlığa belə götürmək fikrinə düşdülər. İllər ötdükcə bu ağıllı oğlandan çox faydalandılar. Sadə adamlardan tutmuş Fironadək onun işıqlı, müdrik məsləhətlərindən, yuxuyozumlarından xeyir gördülər...
Tək bir nəfər hər şeyini itirdi. Cəmiyyətdəki mövqeyini, zadəganlığını, ərinin sevgi və inamını, kütlənin rəğbətini...
Sahib olduğu hər şeyi...
Hətta ağlını, qürurunu da...
Bu vüqarlı qadın bütün kübar vərdişlərini unutdu, "sarayın künc-bucağında pusquda durub Yozarsifi güdməyə başladı... Hər şey əhəmiyyətini itirmişdi. Haqqında danışılanlar belə vecinə deyildi. Kədərli olmuşdu, dalğın olmuşdu... Əri, saray xidmətçiləri əvvəlki Züleyxanı geri qaytarmaqçın hər şeyə hazırdılar...
...Onu Nil çayında qayıq gəzintisinə çıxarıblar. Qəvvaslar dəridən-qabıqdan çıxırlar. Suların təkindən ən iri, ən gözəl mirvariləri çıxarıb ona verirlər. Təki bu məğrur xanımın ürəyi şad olsun, gözəl çöhrəsi bir anlıq da olsa açılsın...
Amma...
-Əvvəllər siz mirvari görəndə çox heyrətlənərdiniz...
-Axı, əvvəllər Ondan gözəl mirvari görməmişdim...
Hə... Hamımızın sevinci, təəccüb və heyranlığı bir nöqtəyə qədərdi...
Ancaq hamımıza o "nöqtə"yə çatmaq nəsib olmur...
***
O, indiyədək tanıdığımız qadın obrazlarının heç birinə bənzəmir. Nə tarixdəkilərə, nə də ədəbiyyatdakılara. Onun göz yaşları da acizlikdən, ümidsizlikdən axmır. Xarakterində hər şey var. Qəddarlıq da, hiylə və xəyanət də, sadizm də. İstədiyi yerdən kəsməyi bacarır. Hətta "uf" da demədən. Elədiyindən də əsla peşiman olmur... Bəzən inanmaq istəmirsən: adam sevdiyini necə cəzalandıra bilər, ona əzablar verilməsini necə istəyər? Hətta buna tamaşa etməyə də özündə güc tapar?!.
Bu sualların cavabını verə bilmərəm. Ancaq sevdiyinə başqasıynan xoşbəxt olmağı arzulayanların səmimiyyətinə heç zaman inanmamışam...
Sovet dönəmində özbək şairə ərinin ölümünə təxminən bu məzmunda şeir yazmışdı: "Kaş məni atıb başqa qadına gedəydin, ancaq ölməyəydin..." O zaman çox cavan olsam da, bu fikirdəki səmimiyyətə şübhə eləmişdim. Canının odlu vaxtında yazıb, deyə düşünmüşdüm...
Sevgi iztirabları heç nəyə bənzəməz. Bəlkə bu səbəbdən də indiyədək kimsənin Züleyxanı qınadığını görməmişəm...
Eşq yolunda hər şeyindən keçən nadir obrazlardandı Züleyxa...
Onun sevgisi Yusifin Tanrısını da öz qərarını dəyişməyə vadar etdi...

***
Züleyxanın taleyi qadınlığın tarixən keçdiyi yolları öyrənməkçin, bu mövzuda istənilən qədər xəyallara dalmaq üçün çox zəngindi... Ərli qadın hər şeyi göz altına alaraq övladı yaşında oğlana vurulur. Bütün cəmiyyət çaşqınlıq içində olsa da, xəlvətdə-aşkarda onu qınasalar da, əzə bilmirlər. Yenə əvvəlki hökmündədi (bir az da artıq), heç kəs ondan hesab tələb eləməyə, bir sözünü iki eləməyə qadir deyil...
Əsrlər keçəcək... Və həmin torpaqlarda bir yeni din yaranacaq. Bu din kişilərə hədsiz hüquqlar verəcək, dünyanın yarıdan çoxunu bürüyüb kişiləri qadınların üstünə ayaqlandıracaq... Gün gələcək yaşlı hacılar, kərbəlayılar motal papaqlarını doqquz yaşlı qız uşaqlarına tullayıb özlərinə adaxlı seçəcəklər...
Bu din züleyxaları leylilərə çevirəcək...
Züleyxa ah-nalə etməyi sevmirdi. Dərdini Aya, şama, uçan quşlara söyləmirdi...
Leyli ruhu əzilmiş Züleyxadı...

***
Doğrudan da, əxlaq normaları çox sürüşkənmiş...
Və Züleyxa cəmiyyətə meydan oxumaqda haqlıdı. Tolstoyun Anna Kareninası deyirdi ki, mənim başqalarından fərqim, onların xəlvətdə elədiklərini aşkarda eləməyimdir. Ancaq Züleyxa Annadan da güclüdü. O, intihara cəhd göstərib özündən qat-qat natəmiz olanları sevindirmir...
Tanrı da güclüləri sevir. Və yardım edir. Ruhən güclülərin xatirinə möcüzələr də göndərir Yer üzünə...
Və bir də... Deyirlər, Tanrı da kişidi, axı... Kişilər də dəli sevgilərin və dəli qadınların dəlisidirlər...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV