adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyul 2014 01:30
8486
ƏDƏBİYYAT
A- A+

E Ş AT O

Nəsrəddin kişi yaxşı bilirdi ki, eşşək ata tay ola bilməz. Yəni, onun kimi kişnəyə, qaça bilməz. Onun kimi idman və savaş meydanı aça bilməz. Heç duruşları, gözəllikləri də müqayisəyə gəlməz. At bütün hərəkətlərində ona tamaşa edənləri heyran etmək istedadına malikdir. Bədbəxt eşşəyin isə içini çəkə-çəkə anqırmaqdan başqa əlindən nə gəlir?!
Ağnamağı da lap əttökəndir. Təkcə dodaqlarının ucunda su içməyi mədəniyyət nümunəsi sayılır. Bu qabiliyyət atda da olduğundan müqayisədə heç olmasa bircə cəhətinə görə fərqlənə bilmir. Ona görə də at öz cəmiyyətinin elitarı, eşşək isə sıravisi hesab olunur. Ona görə də at öz dövrünün Qoç Koroğlusu, eşşək isə kasıb Nəsrəddin kişisi ilə bir yerdə olub. Elə indinin özündə də belədir.
Bütün bunlar müqayisədə belə görünür. Atalar deyib ki, qoyunu qoyun, keçini keçi ayağından asmaq lazımdır. Yəni, malı mala qatmaq düzgün deyil. Qatanda həsrətində olduğumuz ədalət meyarı pozulur. Belə olan surətdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur. Ən doğru yol: eşşəkləri öz aralarında yarışa qoşmaq, müsabiqələrini təşkil etmək gərəkdir. Belə sınaqlar onların qabaqcıllarını, liderlərini aydınlaşdırmağa kömək edər. Bundan sonra müxtəlif nominasiyalar üzrə təltifə təqdim etmək asan olar. Bundan sonra lap riskə varıb eşşəyi atla da müqayisə etmək olar. Nəticədən asılı olmayaraq seçmələrin yarışına tamaşa etməyə dəyər.
Kasıb Nəsrəddin kişinin var-dövlət sarıdan bir papağı, bir də eşşəyi vardı. Eşşək sahibini belinə, sahibi də papağını başına mindirərdi. Nəsrəddin kişi vaxtaşırı zəhmətkeş eşşəyini qayğı ilə qaşovlayar, qoyun dərisindən olan qıvrım tüklü papağını ehtiyatla çırtmalayıb tozunu alardı. Onlar bir-birini yaxşı başa düşür, tərcüməçisiz danışa bilirdilər. Dolanışıqları çıxmaza dirənmişdi. Bu ağır vəziyyətdən necə qurtulacaqdılar? İnsan insan, heyvan heyvan ağlı ilə elə hey bu barədə fikirləşirdilər. Bircə o aydın idi ki, çıxış yolunu birlikdə tapmalıydılar.
İnsanla ünsiyyətdə olan, bir-birinin ehtiyacını ödəyən heyvanlara rəğbət nişanəsi sayılan adlar qoyublar. İndinin özündə də bu adət davam edir. Bu adların əksəriyyəti əzizləyici məna daşıyır. Nəsrəddin kişi də adətin tələblərinə qəlbən qoşuldu və vəfalı, sevimli eşşəyinə dərindən-dərin fikirləşib Eşato adını yaraşdırdı. Bundan sonra kimi itinə Saymaz, kimi pişiyinə Məstan, kimi atına Kəhər, kimi inəyinə Mərcan deyən kimi, o da fəxrlə ağ gün arzulu - qara gün nəsibli eşşəyinə analoqu olmayan "Eşato" deyə səslənəcəkdi. Bu ad təxəllüsü ilə birlikdə daha təsirli olacaqdı - Eşato Qaragözlü!
Eşatonun nəsildən-nəslə keçən tərcümeyi-halı ağlı-qaralı bir şəcərə təşkil edir. "At igidin qardaşıdır" deyiblər. Amma eşşəyi elədən-elə, belədən-belə istismar edən, hər cür əşya ilə yükləyənlər yazıq, bəxtsiz eşşəyə qardaş deməyiblər. Bir tərifin qarşısında yüz təhqirlə mükafatlanıb. Zaman keçdikcə Allahdan qorxanlar, onun ölçülü-biçili yaradışına hörmət edənlər inkarçıları üstələyiblər. Qəbul ediblər ki, xəlq xaliqin yaratdığına qulp qoymaq, irad tutmaq qüdrətində deyil. Buna cəhd edən kəs günah qapısını öz üzünə açmış olur. Bülbül cəhcəhinin qarşısında qarğa qarıltısı, at kişnərtisinin müqabilində eşşək anqırtısı, fil hegemonluğunun o tərəfində qarışqa zəifliyi var. Bu rəngarənglik, bu şaxəlilik təbiətin bir-birini tamamlayan harmoniyasıdır. Onun qəbulunda subyektiv zövq - təklif edən, obyektiv ağıl isə qərar verəndir.
Aylar, illər ötdükcə dinc və zəhmətkeş eşşəyin kimliyi tanınmağa başlandı. Hətta o, bəzi məkanlarda hörmət pilləsinə qaldırıldı: adına mahnı yazıldı, bəzi partiyaların simvoluna çevrildi, bəzi dövlətlərin gerbində yer aldı, şərəfinə yarışlar, müsabiqələr təşkil edildi. Deməli, Eşatonun xəcalət çəkməyə, elə bir əsası yoxdur. Kimsə bu məsələdə inadkarlıq göstərsə, Tanrının işlərinə qarışmış sayılar və onun qəzəbinə düçar olar.
Bunların hamısı məlum. Yenə sinəsindən geri itələnməsi mümkün olmayan bir əmma ilə üz-üzə qalırıq. Gözlə görünəni necə danmaq olar? Kim nə deyir desin, pişik itdən, at eşşəkdən ağgünlüdür.
O qaragünlülük Eşatonun da alnına yazılmışdı. Dəyirmana dən, təndirə, sobaya odun, çırpı daşımaqdan beli yağır olmuşdu. Hələ yazığın tikinti materiallarının ağırlığı altında necə inildədiyini demirəm. Velosipedi, minik maşınını əvəz etməsi isə sanki əzəli öhdəliyi idi. Yeməyi də nə olsa yaxşıdır? Menyusunda üç yemin adı vardı: arpa, yonca, bir də saman. Onun da biri tapılanda o biri tapılmazdı. Doyumluq yemədiyindən günü-gündən Eşatonun gücü-qüvvəsi tükənirdi. Mal və maldar tez-tez baş-başa verib çıxış yolu arayırdılar. Görəsən, xilas yolu vardımı? Vardısa, bu yol nədən və ya haradan keçirdi?
Eşato:
- Ey insaflı sahibim, qarnımı doyurmasan, halıma yanmasan, tapşırığını yerinə yetirib üzünü ağarda bilməyəcəyəm. "Ölmə, eşşəyim, ölmə; yaz gələr, yonca bitər" təsəllisini elə mənim üçün deyiblər. Yaşıl Obadakı yoncalıq öhdəmdə olsaydı, səndən nə arpa umardım, nə də saman.
Nəsrəddin kişi:
- Ey vəfalı köməkçim, düşmən geri çəkilərkən Yaşıl Obanı başdan-başa minalayıb. Həftədə, on gündə bir televizor, radio bəd xəbər yayır: "...Bununla 17 məktəbli, 6 çoban, onlarla mal-qara minaya düşüb həyatlarını itirmişdir".
Eşato həsrətlə köksünü ötürdü:
- O torpaqda çox şirəli yonca bitir. Bir ağız alsam, yeddi dağ aşaram. Bəs bunun axırı necə olacaq?
Nəsrəddin kişi tozlu papağını ehtiyatla əlində hərləyib bir çırtma vurdu. Narın toz havada əridi:
- Başımız Ərzaq Komitəsinə bağlıdır. Komitə həm mənim, həm də sənin üçün minimum istehlak zənbilini müəyyənləşdirib. Cədvəldə bir ayda və ya bir gündə nə qədər ot-ələf, saman, arpa yeyəcəyin müəyyənləşib. Ona uyğun da hərəkət etməliyik. Qənaət bizim şüarımız olmalıdır. İsrafçılığa qurşansaq, tezliklə bankrot olarıq.
Eşato Ərzaq Komitəsinin istehlak zənbilindəki rəqəmlərə gözucu baxıb istehza ilə gülümsündü:
- Daha deginən sağ ikən gedib qəbrimizi qazıyaq... O istehlak zənbilinin çəkisi və çeşidi günü-gündən azalır.
Nəsrəddin kişi:
- Sənin bilmədiyin bir şey var - ona inflyasiya deyirlər. İnflyasiya çoxaldıqca məhsul azalır, qiymətlər qalxır.
Eşato həyəcanlandı:
- Sən insansan! Sənin başın mənimkindən yaxşı işləyir. Çıxış yolu tap.
Nəsrəddin kişi tozlu papağına bir çırtma da vurdu:
- Mən çıxış yolu barədə hər gün fikirləşirəm. Sənin bu həyəcan təbili çalan sözlərindən sonra daha dərindən götür-qoy edərəm.
Ertəsi gün Nəsrəddin kişi qara günün qardaşı (bu yerdə "qardaşı" sözü yerinə düşdü) sevimli Eşatonu muştuluqladı:
- Çıxış yolunu tapmışam! Gecə televizorda heyvanlarla bağlı maraqlı bir verilişə baxırdım. İradəmiz çatsa, bəxtimiz gətirsə, kasıblığın daşını ata bilərik!
Eşatonu maraq bürüdü, antena-qulaqları sağa-sola, aşağı-yuxarı fırlandı, müəmmalı xoş bir hisslə qəlbi döyündü. Sanki ağzına göy yonca dəymiş, ya da belinin yağırları sağalmışdı.
- Nədən ibarətdir şad xəbərin?
Nəsrəddin kişi sınayıcı nəzərlərini tərəf-müqabilinə dikdi:
- İlk növbədə mənzilin dəyişəcək! Daha sən zirzəmi-tövlədə deyil, bərkgedən atlara məxsus sər tövlədə yaşayacaqsan. Uşaqlar şəninə mahnı oxuyacaqlar: "Eşato, səni sər tövlədə bağlarıq; Ayağını qızıldan, gümüşdən nallarıq!"
Eşato uzun qulaqlarına dəyən bu qısa, lakin məstedici sözlərdən xoşhal oldu. Çox vaxt kədərin yuva saldığı ürəyi sevinic seli ilə doldu:
- Bu xoş günlərə nə vaxt qovuşacağıq?
Nəsrəddin kişinin sifətindəki işıqlı təbəssümü ciddilik əvəzlədi:
- Mən layihə verənəm, sən icra edən. Bu xoşbəxtliyin baş tutması əsasən səndən asılı olacaq. Bizim ehtiyat büdcəmiz yoxdur. Gördüyün kimi, biz təyin olunanla yaşayırıq. Ancaq bizə ehtiyat sərmayə lazımdır. Ruhdan düşmə. Mümkün olmayan şey yoxdur. Bir də əl-ələ verib müşkülü mümkün eləyə bilərik. Bunun üçün xeyli çətin sınaqlara hazır olmalısan.
Eşatonun antena-qulaqları şübhəli dalğalar qəbul edirdi:
- O hansı sınaqlardır elə? De, bilim. Bəlkə, öhdəsindən gələcəyəm...
Nəsrəddin kişi indiyədək gizli saxladığı məqsədini açıqladı:
- Sən heyvan, mən insan kimi istehlak zənbili civarında yaşamağa məhkumuq. Arzumuzu reallaşdırmaq üçün bizə kifayət qədər pul lazımdır. Pula doğru açılan yollar isə üzümüzə bağlıdır.
Cazibəli plan Eşatonun yaxasını buraxmırdı:
- Doğrudanmı bütün imkanlar tükənib? Ağlına bir az da güc ver, bəlkə, bir şey alındı.
Nəsrəddin kişi təəssüflə köksünü ötürdü:
- Təşəbbüs üçün çox gecikmişik. Girov qoyulası elə bir daşınmaz varımız yoxdur ki, əvəzində bolluca kredit götürək.
Eşato inad göstərdi:
- Ola bilməz ki, bütün imkanlar əldən çıxsın. Bir də fikir dəryasına baş vur.
Nəsrəddin kişi:
- Bütün variantları ələk-vələk eləmişəm. İşıq yeri görmürəm. Bax, kreditdən əlimiz üzülüb. İqtisadi blokadaya alınmışıq. Hər şey cirəynən verilir. Sənin, yolun qırağındakı otu da qırpmağa, qədərindən artıq su içməyə ixtiyarın yoxdur. Çünki hamısının sahibi var.
Nəsrəddin kişidən fərqli olaraq Eşato zülmətdə işıq axtarmaq inadını davam etdirdi:
- Bulaq, çay, artezian suyu olmasın, yağış suyu olsun. Yağış suyuna da qadağa qoyublar?
Nəsrəddin kişi eşşəyinin sadəlövhlüyünə acı-acı güldü:
- Ay yazıq, sənin dünyadan xəbərin yoxmuş ki?! Bəs bilmirsən ki, gözləri yer sərvətindən doymayanlar göydə buludları da özəlləşdiriblər? İndi qarın, yağışın ancaq icazə ilə yağmağa ixtiyarı var - özü də hara və nə qədər.
Eşato harın, acgöz tamahların qapsama ərazisinin miqdarına və genişliyinə heyrətləndi:
- Bu, başdan-başa haqsızlıqdır! Aşağı zümrəyə məxsus olanların hüququnun açıq-aşkar pozulmasıdır. Heç olubmu ki, belə haqsızlığa qarşı etirazını bildirəsən?
Tam şüurlu insan yarımşüurlu heyvan tərəfindən yaman yerdə yaxalandı. Nəsrəddin kişi kölgəli gözlərini aşağı dikib tükü qıvrım papağına yüngül bir çırtma vurdu. Astadan həmsöhbətinə dedi:
- Haqsızlığa qarşı etiraz cəsarət tələb edir. Yox! Olanımdan qaça bilmərəm! O barədə səndən yuxarı sinfə məxsusun dişi tayı kimi bir şeyəm.
Sahibinin xəcalətli etirafı Eşatonu çaşdırdı:
- Başa düşmədim...
Nəsrəddin kişi uzun yolu kəsə keçdi:
- Yəni, o barədə madyanam.
Vay!... Vay!... Vəziyyət erkəyi necə də dişiləşdirir!.. Görünür, bu da zamanın yaranmış paradoksa ironiyasıdır.
Araya üzücü sükut çökdü. Tez, lap tez araya girən bu xoşagəlməz söhbətdən uzaqlaşmaq lazımıydı. Heç bir şey olmamış kimi əvvəlki çək-çeviri davam etdirmyə başladılar.
Axırda Eşato təşəbbüslərinin çidarlanması ilə barışmalı oldu:
- Bunları bildim. Hər halda səndə vəziyyətdən çıxış yolu mövcuddur. Olmasaydı, məni muştuluqlamazdın.
Nəsrəddin kişi:
- Özünü ələ al, təklifimin mübarək lentini kəsirəm. Bəlkə də, təlaşa ehtiyac yoxdur. Əzabkeş, zəhmətkeş eşşək zümrəsi hər cür zülmə alışıqlıdır. Onu nə ilə təəccübləndirmək olar ki...
Dirənişli Eşato var gücünü topladı:
- Dözüm qalxanımı qaldırmışam. Sən arxayınca sınaq qılıncını endirə bilərsən.
Nəsrəddin kişi bu sözlərdən sonra qətiyyətlə dilləndi:

(Ardı var)