adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"KEçMiŞ

OQTAY SALAMOV
17575 | 2007-07-11 03:07
Mən elə bilirdim ki, əndrabadi vəzifələr, əndrabadi təşkilatlar ancaq Azərbaycanda olur. Məsələn, müşavirin müşaviri vəzifəsi məncə ancaq bizdə ola bilər. Yəni, kiməsə görə, nəyəsə görə gətirib qoyurlar vəzifəyə, maaşını alır, bir müəssisəyə "prikrepit" eləyirlər, oradan "konvert"ini alır və heç nəyə də cavabdeh olmur. Amma indi bilirəm ki, belə vəzifələr, belə təşkilatlar dünyanın hər yerində var. Onlar bir növ "toy generalı" kimi şeylərdir, çağırırlar, süfrənin başında oturdurlar ki, qoy desinlər filankəsin toyunda general da var idi.
   
   Rene van der Linden Bakıdadır. Avropa Şurası Parlament Assambleyasının sədrini deyirəm. Əla təşkilatdır, əla da vəzifədir. Hara gedirsən prezidentdən tutmuş bütün sayılan təşkilatların rəhbərləri ilə görüşürsən, burada bunun, orada onun xoşuna gələn, işinə yarayan sözlər deyirsən, şərəfinə qəbullar düzənlənir, ziyafətlər verilir, hədiyyələr alırsan, sonra bir də belə. Özün də öhdənə heç nə götürmürsən və bütün "razborka"larda "prav" çıxırsan, beşdə alacağın var, üçdə verəcəyin yox..
   
   Rene müəllim bu dəfə də ütülü danışıb yaxşı kişi olmaq istədiyini sübut elədi. Deyir, "Avropa Şurası tərəflərdən hər hansı birini nəyəsə məcbur edə bilməz. Biz sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edərək tərəfləri yaxınlaşdıra bilərik". Bunu sırf Azərbaycan dilinə tərcümə eləyəndə belə alınır ki, yengədilər, şamtutandılar, iş bəylə gəlindən asılıdır. Lap əla, lap gözəl. Amma yengənin yengə yeri var, işini görər, nəmərini alar, işində qüsur olarsa "cəzalanar" və gedib oturar xarabasında. Amma biz bu yengələri qudalardan da , gəlindən də, bəydən də... yekə tutub qalmışıq onların əlində əsir-yesir.
   
   "Sadəcə olaraq vasitəçilik eləyib tərəfləri yaxınlaşdırmağı" öhdəsinə götürən AŞPA sədri sonra başlayır naxış vurmağa və deyir ki, onların bu münaqişə ilə bağlı qəti mövqeyi var: işğal olunmuş torpaqlar azad olunmalıdır. Canım-gözüm, bizim də qəti mövqeyimiz belədir ki, işğal olunmuş torpaqlar azad olunmalıdır. Erməninin qəti mövqeyi belədir ki, işğal olunmuş torpaqların qiyməti Qarabağı verməkdir ki, ondan sonra qalanları qaytarmaq haqda bəlkə düşünə. Belə çıxır ki, AŞPA ilə bizim mövqeyimiz üst-üstə düşür. Bəs onda niyə araba xaraba yerindən tərpənmir?..
   
   

TƏQVİM / ARXİV