adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyul 2014 00:41
4964
GÜNDƏM
A- A+

KOR DÜNYA...

Hər hası bir dərin haqsızlıq, geniş çaplı qətliam törədilərkən belə bir ifadənin şahidi oluruq: bu dəhşətlər (başqa cür də ifadə oluna bilir, fərqi yoxdu) dünyanın gözü qarşısında baş verir. Əlbəttə, bunların bir ifadə vasitəsi, jurnalist deyimi olduğunu mən də bilirəm, amma burada bir yanlışın olduğunu görürəm. Və mənə elə gəlir ki, həmin yanlış dəhşətli həqiqətlərin həmişə üzərinə bir pərdə çəkməkdədir...
Bu gün İsrail fələstin xalqına qarşı bir soyqırım əməliyyatı keçirir. Lakin dünyanın gözləri önündə deyil. Çünki dünyanın KOR EDİLMİŞ gözləri bunu görmür. Kor gözlər necə görə bilər ki...
On gündən çoxdur ki, İsrail bütün gücü, bütün hərbi arsenalıyla Qəzzəyə dənizdən, havadan və qurudan hücumlarını sürdürür. Şahidlərin ifadələrinə görə, dünyanın ən qədim şəhərlərindən olan Qəzzə artıq yerlə bir edilmişdir. İsrail əsgərləri uşaq, qadın, yaşlı, şikəst fərqi qoymadan öldürməkdədir. Sanki ordunun qarşsında belə bir əmr qoyulub: bacardıqca daha çox müsəlman, fələstinli qırın. Əldə etdiyimiz rəqəmlərə rəğmən artıq fələstində öldürülənlərin sayı 611- ötüb, yaralılarsa 3 min 720 civarındadır.
Rəqəmlər faciənin böyüklüyündən xəbər versə də, demək olmaz ki, hər şeyi özündə əks etdirir. Çünki əsl fəlakət ərəb dünyasının ən mərd, ən əyilməz xalqı olan fələstinlilərin içərisində yaşanır. Təsəvvür etmək belə qorxuncdur ki, Tanrını tanımayan bu insanlar (Tanrını qəbul edənlər əli silahsız insanlara bu dəhşəti heç vaxt yaşada bilməzlər) hətta Deyr Belahda Aksa Şəhidləri Xəstəxanasını belə vurub xarabazara çeviriblər. Lakin bununla da kifayətlənməyən İsrail təyyarələri şəhərdəki digər xəstəxanaları da gecə boyu bomba yağışına məruz qoyublar. Qəzzənin cənubunda yerləşən Rəfahdakı Şühəda Əl Cami məscidi belə yerlə-yeksan olunub.
Dünya güclərini arxasında hiss edən İsrail liderindən Benyamin Netanyahu bütün baş verənlərdə özlərini haqlı sayaraq bu kütləvi qırğına etiraz səslərini ucaldan insanlara bəyan edir ki, əməliyyatlar dayandırılmayacaq. Törədilən bu qətliamda öldürülən uşaqların parça-parça olmuş bədənlərinin, öz doğma evlərinin xarabalıqları altında qalaraq həyatını itirən qadınların, yaşlıların vidogörüntülərinə baxmaq, ümidsiz insanların fəryad dolu hayqırtıların eşitmək belə asan məsələ deyil. Bundan ötrü son dərəcə soyuqqanlı olmaq da bəs eləmir. Və istər-istəməz bir sual yaranır: bu vəhşəti törədənlər bunları necə bacarıb?!!
Bütün bu hadisələr insanlıq adına bir qara ləkə, bir ayıb, bir qəddarlıq aksiyası olsa da İsrail liderləri özlərini qalib komandanlar kimi göstərməkdədir.
İsrail hətta bütün bu görüntüləri, informasiyaları yayanları da cəzalandırır. Qətərin mərkəzi televiziya kanalı Əlcəzirənin yerləşdiyi binanın 11-ci mərtəbəsini də raket atəşinə tutaraq oraları da darmadağı ediblər.
Həmasın silahlı qanadının sözcülərinin bildirdiklərinə görə, İsrail ordusuna itkilər verməkdə davam edirlər. Belə ki, İsrailin 27 əsgəri, 1 "F-16" təyyarəsi, iki zirehli maşını məhv edili, bir əsgəri itkin düşüb, iki mülki vətəndaşı isə həlak olub.
Çox qəribədir, tarixin müəyyən məqamlarında böyük məhrumiyyətlər, soyqırımlar yaşayan, günahsiz cəzaların müxtəlif "növləri"nə məruz qalan yəhudilər bu gün keçmişlərini unudub eyni dəhşətləri qarşılarındakı, özlərindən zəif (zəif salınmış) fələstinlilərə qarşı törədirlər. Doğrudanmı, bir millət keçmişindən belə dərs ala bilər?!! Amma heç unutmasınlar, bu gün tarixin şansı onlara tərəf döndüyü kimi, bir vaxt gələr həmin şans üzünü indi əzab verdiklərinə sarı çevirər. Və onda dərsin ən çətin bölümü ilə qarşılaşarlar.
Dünyanınsa bir şey görməsinə lüzum yoxdu. Kordan nə mədət ummaq olar ki? Ümid təkcə qorxmaz, igid, 70 ilə yaxın əliyalın vuruşan fələstinlilərədi: dirən Fələstin! Dirən!.. Tanrı sizi zülmün atəşindən qorusun!

BABƏK YUSİFOĞLU
[email protected]