adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyul 2014 00:33
13488
GÜNDƏM
A- A+

ADİ ÇAY 3 MANATA...

Ürəyimiz yananda ya su içirik, ya da çay. Amma atalar deyib ki, çay insanın ömrünü uzadır, özü də xoruz pipiyi çayın başqa cür ləzzəti və dadı var. Tay indiki çaylar kimi rəngi qıpqırmızı olub, ətri yoxa çıxmış çayı demirlər. Çünki qabaqlar içilən çayın dadından və ətrindən doymaq olmurdu. Amma indi çay içirsən nə bundan ləzzət alırsan, nə də ətri hiss olunur.
Çayın keyfiyyətindən və dadından danışmaq istəmirik. Onsuz da hamı yaxşı bilir ki, indi içdiyimiz çay hansı gündədir. Ancaq kimliyindən asılı olmayaraq bir-biriylə görüşəndə, söhbətləşəndə istər-istəməz bu mövzunu rahat bir yerdə, məsələn, çayxanada davam etdirmək istəyir.
Bu yaxınlarda yaxın dostlarım - Azər və Elminlə metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığındakı Cavid bağında görüşdük. Elmin müəllim demişdi ki, bu parkda yaxşı kölgəlik var və həmin sərinlikdə oturub çay içmək adama ləzzət eləyir. Hər üç dost Ədliyyə Nazirliyinin qarşısındakı çayxanaya getdik. Həmin parkda iki çayxana var - biri Vergilər Nazirliyinin yaxınlığında, digəri isə xatırladığımız ünvanda.
Biz də elə Ədliyyə Nazirliyinin yaxınlığındakı çayxanada əyləşdik. İnsaf naminə demək olar ki, həmin yerdə səliqə-sahman və sərinlik vardı. Hündür ağacın kölgəsi altında əyləşib çay sifariş verdik. Təvəkkül adlı çayçı oğlan bir çaynik çay gətirdi. Sonra ikinci çayniki də gətirməsini xahiş etdik. O da eləmədi tənbəliik ikinci çayniki də gətirib stolun üstünə qoydu. Söhbətimiz uzun çəkdi. 2-3 saat ərzində o ki var ürəyimizi boşaltdıq. Dağı arana apardıq, aranı da dağa...g
Axırda çayçı oğlanı çağırıb soruşduq:
- Bizim nə qədər borcumuz var?
Təvəkkül adlı oğlan diqqətlə bizə baxdı və sonra da dilləndi:
- İki çaynikə altı manat!
Təəccübləndiyimizi görüb Təvəkkül dedi:
- Burda qəribə nə var ki, müdir bizə tapşırıb, biz də adi bir çaynik çayı üç manata veririk. Əgər bunun yanında mürəbbə olsaydı, ləbləbi qoysaydıq, yaxud da bir "Snikers" versəydik onda gərək on manatdan keçməliydiniz. Heç elə bil ki, bu şəhərdə yaşamırsınız. Allah köməyiniz olsun, qonşu stoldakı müştərilər iki çaynik çaya və mürəbbəyə 15 manat pul verdilər...g
Təvəkkülə bir şey demədik. Bircə onu dedik ki, yaxşı, altı manat pul çıxırsınız, əcəb eləyirsiniz, onda verdiyimiz pulun qəbzini göstərin. O isə yenə çiyinlərini çəkib yazıq görkəm aldı:
- Nə qəbz, nə zad?! Bizdə belə şey olmur. Kim gəlir çay içir, sonra da pulunu verib gedir...g
Bu gözəl parkda və sərinlik yerdə istirahət etmək adama ləzzət eləyir. Ancaq elə ki, bir stəkan çay içirsən, yaxud da stolun üstünə mürəbbə, şokolad qoyulur, bax onda istirahətin və içdiyin çay burnundan tökülür. Yaxın bir dostumuz dedi ki, bir neçə gün əvvəl mən də Cavid bağında siz olan çayxanada dostumla çay içdim. Balaca bir qabda qoyulmuş mürəbbəyə və bir çaynik çaya 10 manat pul ödədim. "Qəbz" - deyə soruşanda çayçının gözü bərəldi və qəribə cavab verdi:
- Bizdə qəbz olmur!
Düşünürük ki, Vergilər Nazirliyinin iki addımlığında yerləşən bu çayxanada vergidən yayınma halları baş alıb gedir. Çayxananın müdirinin kimə arxayın olub-olmadığını deyə bilmərik, amma bir onu deyə bilərik ki, Vergilər Nazirliyi heç vaxt qanun pozuntusuna göz yummayıb. Və Vergilər Nazirliyi yeganə nazirlikdir ki, KİV-lərdə dərc olunan tənqidi yazılara ən operativ və obyektiv cavab verir. Buna görə bir mətbuat əməkdaşı olaraq nazirliyə öz təşəkkürümüzü bildiririk və ümid edirik ki, bizim göstərdiyimiz ünvanda vergidən yayınma hallarının qarşısını alacaq və qanunu pozan çayxana rəhbərliyini məsuliyyətə cəlb edəcəkdir.