adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyul 2014 00:06
39122
MÜSAHİBƏ
A- A+

Tarixdə Azərbaycan xalqının qürür duyacağı böyük fatehləri olub

Azərbaycanın şərəfli tarixi haqqında daha bir kitab işıq üzü gördü. Bu tarix ona görə şərəfli hesab edilir ki, bəhs edilən dövr dünya fatehi, Səfəvilərdən sonra Azərbaycanın ərazilərini dəfələrlə böyüdən və ölkəyə inkişaf gətirən Nadir şah Əfşarinin həyat və döyüş yolunu əhatə edir. Kitabın müəllifi, Milli Məclisin sabiq deputatı, istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, Qarabağ müharibəsi veteranı Cahangir Hüseynovdur. Müəlliflə müsahib olub kitabın yazılma səbəbini soruşduq.
-Cahangir müəllim, ötən ay sizin müəllifi olduğunuz "Azərbaycan Nadir Əfşar dövləti" kitabınızın ictimai təqdimatı keçirildi. Belə bir kitabın sizin tərəfinizdən yazılmasına nə səbəb oldu?
-Əvvəla deyim ki, Əfşarların bizim söy-kökümüzlə bağlılığı var. Sovet dövründə Azərbaycan tarixi haqqında, xüsusən də Nadir şah Əfşari barədə geniş danışmaq qadağan olunmuşdu deyə, ortaya bu barədə obyektiv yazı materialı çıxartmaq mümkün deyildi. Müstəqillik qazandıqdan sonra isə tariximiz araşdırılmağa, xalqımızın həqiqi dostlarını və düşmənlərini, eyni zamanda, fatehlərimizi tanımağa nail olduq. Sovet dövrünün kitablarında Nadir İran şahı kimi tanıdılırdı və o erməni, rus və fars tarixçiləri tərəfindən azərbaycançılıqdan, türkçülükdən kənarlaşdırılmışdı. Nadir şahın həqiqi dəyərini vermək üçün bu kitabın yazılmasını istədim. Həmçinin bu böyük fatehin 325 illik yubileyi yaxınlaşır və bu münasibətlə də bu kitabın yazılmasını özümə borc bildim. Nadir şah haqqında xarici ölkələrdə - Almaniyada, İngiltərədə, Amerikada, Rusiyada, İranda, Türkiyə və sairədə yüzlərlə əsərlər mövcuddur. Kitabı yazanda həmin əsərlərlə də tanış olaraq onlara istinad etdim. Bu tarixi yazanda bir daha fəxr etdim ki, mən azərbaycanlıyam və xalqımızın belə bir böyük şəxsiyyəti olub. Ona görə ki, araşdırma zamanı məlum oldu ki, 18-ci əsrdə Yer kürəsində Nadir şah Əfşar qədər əzəmətli, böyük şəxsiyyət olmayıb.
-Nadir Əfşarın tarixi şəxsiyyət və böyük sərkərdəliyi barədə konkret tarixi faktlar nədən ibarətdir?
- Qeyd edim ki, 16-cı əsrdə Səfəvilər kimi böyük bir imperiya mövcud idi və o dövrdə Azərbaycan tamamilə birləşdirilərək vahid dövlət halına gətirildi. Paytaxtı da Təbriz şəhəri oldu. Səfəvilərin 250 illik hakimiyyətləri zəifləyəndə bu imperiya demək olar ki, ruslar, əfqanlar, osmanlı və ərəb şeyxləri tərəfindən tamamilə dağıdıldı. Onların paytaxtı İsfahana köçürülmüşdü. İsfahan isə əfqanlar tərəfindən tutuldu və hətta şahın anası başda olmaqla hərəmxanası da əsir götürüldü. Şah Hüseyn qaçdı və onun oğlu İkinci Şah Təhmasib Mazandaranda özünü şah elan etdi. Bu dövrdə artıq Birinci Pyotr bütün şərqi Azərbaycanı-Dərbəndi, Salyanı, Bakını tutaraq Gilana çatmışdı. Rus çarı ikinci Şah Təhmasibə şərt irəli sürdü ki, sən bu torpaqları bağışlamalısan Rusiyaya və buradakı Azərbaycan əhalisi köçürülməklə ermənilərə həmin ərazidə çarlıq verilməlidir. Şah Təhmasib bu şərtlərə razılaşmaq məcburiyyətindəykən 1722-ci ildə Nadir Əfşar başına ordu yığır və öz doğulduğu yeri özbəklərdən, Məşhədi əfqanlardan azad edir. Şah onun gücünü görüb özünə ordu komandanı təyin edir. Ordu komandanı olan Nadir qısa müddətdə osmanlılarla müqaviləni ləğv edib onları geri oturdur, sonra Rusiyaya ultimatum verir ki, torpaqları qaytarmasanız sizinlə müharibə edəcəm. Bu artıq Pyotrun ölümündən sonrakı çariça Yelizavetanın dövründə idi. Ruslar anlayırlar ki, onlar Nadirlə bacarmayacaqlar. Ona görə də tezliklə Bakını, Dərbəndi azad edib, Gilandan geri çəkildilər.1732-ci ildə Təhmasibin Osmanılı dövləti ilə müharibədə uğursuzluğa düçar olması, müqavilə ilə Azərbaycanın qərb hissəsini Osmanlılara verməsi Nadiri məcbur edir ki, onu hakimiyyətdən salsın. Təhmasibi hakimiyyətdən kənarlaşdıran Nadir onun iki yaşlı oğlunu şah elan edib özü də onun naibi olur. Məhz 1736-cı ildə Azərbaycanın bütün ərazisi işğalçılardan təmizlənir. Eyni zamanda, Nadir ruslara elə bir dərs vermişdi ki, ondan sonra ruslar 70 il Azərbaycana girməyə cəsarət etməmişdilər.
Bu təmizləmədən sonra 1736-cı ildə bütün İran əhlinə məktub göndərib Muğanda-Şirvanla Muğanın kəsişdiyi Suqovuşanda, yəni indiki Sabirabadla Saatlının ərazisində böyük bir qurultay keçirir. Dünyanın bir çox yerindən qurultaya nümayəndələr dəvət edilir. 12 min çadır qurulur və qurultayda iştirak edən 100 min insana burada xidmət edilir. Qurultayda o özünü şah elan edir. Sonra o İranı dörd bəylərbəyliyinə bölür: Burada Azərbaycan bəylərbəyliyi, Fars bəylərbəyliyi, İraq bəylərbəyliyi və Şərqi Xorasan bəylərbəyliyi. Bunlardan ən böyüyü və güclüsü Azərbaycan bəylərbəyliyi olur və qardaşı İbrahim xanı bəylərbəyi təyin edir. Azərbaycan bəylərbəyliyinə Gürcüstan, Şimali Qafqaz, Dağıstan, Cənubi Azərbaycan və İranın xeyli hissəsi tabe idi. Bu qüdrətli bəylərbəyliyinə məhz qardaşını rəhbər təyin etməklə bir daha nümayiş etdirir ki, Azərbaycan ətrafında İran dövlətini birləşdirir. Paytaxt da Məşhəd şəhərini seçir. Məşhəd şəhəri də o dövrdə İmam Rzanın məqbərəsi ilə bağlı şiələrin dini mərkəzi idi. Mən burada digər bir faktı da qeyd etmək istəyirəm ki, heç bir Türk sultanı və İran şahı başqa xalqların dini inanclarına qarşı olmayıb, əksinə məscidlər kimi kilsələrin də fəaliyyətinə şərait yaradılıb. Bu isə onların tolerantlığının bariz nümunəsi idi.
Nadir gücünə və hərbi istedadına güvənən bir şəxsiyyət olmaqla yanaşı, həm də təəssübkeş bir türk oğlu idi. O özündən əvvəlki türkdilli şahların hakimyyətinə yaxşı bələd idi və öz fəaliyyəti ilə ululardan miras qalmış ərazilərin hamısını geri qaytara bildi. Nəticədə doğma Azərbaycan da Nadirin yaratdığı nəhəng dövlətin tərkibinə daxil olmaqla onun nüvəsini təşkil etdi.
Nadir sox güclü hafizəyə malik olmuşdur. O bütün sərkərdələrinin, ünsiyyətdə olduğu döyüşçülərinn adlarını, onların yaxşı xidmətlərini yaddında saxla bilirdi.
Nadirin məşhur bir sözü də onun böyüklüyndən xəbər verir. O deyirdi: "Əgər mən Singiz xan və Əmir Teymurla birgə yaşasaydım Çingiz xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı olsaydım, bütün dünyanı biz üçümüz fəth edərdik".
Ümumiyyətlə, Nadir şah haqqında, onun böyüklüyü, məğlubedilməzliyi haqqında günlərlə, aylarla danışmaq olar. Onun qəhrəmanlıqlarını nəinki bir yazıya, hətta kitablara belə sığdırmaq mümkün deyildir. Ona görə də mənə elə gəlir ki, Nadir Şah Əfşarın böyüklüyünü anlamaq üçün onun haqqında yazılmış kitabları oxumaq lazımdır.
-Cahangir müəllim, siz ixtisasca hüquqşünassınız. Amma tarixlə bağlı yazırsınız və tarixi araşdırmalar aparırsınız. Bəs peşəkar tarixçi alimlərimiz sizin bu araşdırmalarınız haqqında hansı fikirdədirlər?
-Mənim atam da hüquqşünas olub və 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1952-ci ildə yenidən universitetin tarix fakültəsinə daxil olub. Bu dövrdə atam Ulu Öndərlə bir fakültədə oxuyub. Mən atamdan soruşanda ki, sən hüquqşünas idin, nə üçün yenidən tarix fakültəsinə daxil oldun. O deyirdi ki, oğul, hər bir vətəndaş ölkəsinin, dövlətinin və xalqının tarixini dərindən bilməlidir. Atam uzun müddət respublikanın müxtəlif rayonlarında hakim işləyib. O, məni həmişə tarixi öyrənməyə, tarixi faktlardan səmərəli istifadəyə çağırırdı. O, tez-tez bu məşhur bir deyimi mənə xatırladırdı: tarixini bilməyənin gələcəyi olmaz.
Mən özüm də uzun müddət hüquq-mühafizə orqanlarında çalışmışam, amma tarixi öyrənməyi də unutmamışam. 2005-ci ildə isə siyasi fəaliyyətimə son verdikdən sonra tarixi araşdırmalarımı davam etdirmək imkanı qazandım. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi işlər üzrə direktor müavini və Elmi Şuranın sədri oldum. Burada tarixi araşdırmalarımı məqalələr və kitablar şəklində hazırladım. Xüsusən Nadir şah Əfşar ilə səcərə bağlılığım məndə onun fəaliyyətini araşdırmağa maraq yaratdı. Sanki onun dövrü bir ağzıbağlı, ancaq içərisi daş-qaşla dolu zəngin sandıq idi. Araşdırdıqca xalqım və ölkəm adına qürur duyacaq, fəxr ediləcək tarixi faktlarla qarşılaşdım. Mən bu institutda türkün 4 min illik tarixini oxudum, böyük fatehlərimizin həyat və siyasi fəaliyyətləri ilə yaxından tanış oldum.
Mənim Nadir şah Əfşara həsr etdiyim kitabımın ictimai təqdimatında iştirak edən ölkə tarixçilərinin və ziyalılarının kitab haqqında müsbət fikirləri söyləndi. Eyni zamanda, mən bu kitabımı AMEA-nın Bakıxanov adına Azərbaycan Tarix İnstitutuna, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqogi Universittetinin Azərbaycan tarixi kafedralarına təqdim etdim. Tarixçilərimiz ktiabı oxuyub böyük və müsbət rəy yazaraq mənə zəng edib minnətdarlıqlarını bildirdilər. Həmçinin onlar araşdırmalarımda yeni faktların olduğunu söyləyərək onun davamlı olmasını da təklif etdilər. Bu gün tarixçilərimiz ölkə mətbuatında mənim bu kitabımla bağlı öz xoş ürək sözlərini yazırlar ki, bu da məni qürurlandırır.
Mən bir mühüm faktı da qeyd etmək istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyev tariximizin yenidən, həm də tarixi gerçəkliyə uyğun yazılması və tariximizin saflaşması barədə alimlərimizə dəyərli göstərişlər veribdir. Artıq tarix institutumuz türkiyəli tarixçilərlə birlikdə Azərbaycan tarixini yenidən araşdırır və yazırlar. Bizim həqiqi tariximizə qovuşmağımız üçün diqqət və qayğısını əsirgəməyən cənab Prezidentə minnətdarlığımı bildirirəm.

Elçin Zaman