adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Iyul 2014 19:51
4230
GÜNDƏM
A- A+

“Sovetski”dən köçmək istəyənlərin sayı açıqlandı

Bakının "Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb. Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. Onun sözlərinə görə, indiyədək 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Komitə sədri qeyd edib ki, artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb. S. İslamov bildirib ki, hazırda köç davam edir, komissiyaya müraciətlər daxil olur: "İlkin mərhələdə nəzərdə tutduğumuz yəni, inventarlaşma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni, hansı ünvanlarda ki, biz ölçü və inventarlaşma işləri aparmışıq, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıblar. Bütün bunlar komissiyanın məqsədyönlü işlərinin, proseslərin şəffaflığı və vətəndaşların birbaşa iştirakı ilə ölçü, qiymətləndirmə işlərinin aparılmasının nəticəsidir. Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir”.

Qeyd edək ki, "Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.