adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Iyul 2014 19:36
4781
MƏMLƏKƏT
A- A+

Sahibkarlara görə qanunda dəyişiklik

Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respuublikası Prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli Fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Adalet.az "xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməlyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunurdu.

1 noyabr 2014-cü il tarixdən qüvvəyə minəcək qeyd olunan qaydalara Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2014-cü il tarixli, 223 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklərə və eyni zamanda paralel olaraq həmin tarixdə qüvvəyə minəcək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən kağız üzərində yazılı və elektron formada gömrük bəyannaməsi ilə birgə nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədlərinin və xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilənin və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin, yaxud istənilən digər sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin, o cümlədən gömrük sərhədindən keçirilən malların kateqoriyası, malları keçirən şəxs, ixrac ölkəsi və ya malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq gömrük bəyannaməsi ilə birlikdə qeyd olunan qaydalarda göstərilən digər sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdirlər.

Yuxarıda göstərilən tarixdən qüvvəyə minəcək qeyd olunan qanunvericilik aktlarının qəbulu idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasına şərait yaratmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin surətləndirilməsinə, gömrük rəsmləşdirilməsi və nəzarəti və müddətinin mümkün qədər qısaldılmasına, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına və ən nəhayət ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və sosisl-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına əlverişli zəmin yaradacaqdır.