adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2014 19:34
9039
İDMAN
A- A+

Paralimpiya Komitəsi hesabat verdi

Beynəlxalq mətbuat mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin 2014-cü ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirilmişdir. AMPK-nin vitse prezidenti Şaiq Həmidov çıxış edərək Milli Paralimpiya Komitəsinin 6 ayda gördüyü işlər haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Milli Paralimpiya Komitəsi yarandığı 1996-cı ildən 5 Paralimpiya Oyunlarında iştirak etmiş və bu dövrdə dinamik inkişaf mərhələsi keçmişdir. Qarşıdakı illərdə daha böyük uğurlara nail olmaq üçün 08 Fevral 2013-cü il tarixdə keçirilmiş Paralimpiya Komitəsinin konqresində Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) " Strateji Fəaliyyət Planı” təsdiq edilmişdir. Planda 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, təşkilatı idarəetmənin təkmilləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi öz əksini tapmışdır.
2013-cü il və cari ilin birinci yarım ilində planda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. 
Belə ki, respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə əhali arasında paralimpiya dəyərlərini geniş tətbiq edilərək bir sıra tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsi olaraq paralimpiya idman növləri 7 dən 12 yə çatdırılmış, gənclər arasında paralimpiya idmanına maraq artaraq idmançıların sayı xeyli artmışdır. Artıq yeni yaranan adaptiv avarçekmə, əlil arabasında qılıncoynatma, stolüstü tennis , kanoe, bossiya idman növləri üzrə komandalar formalaşaraq , bir sıra beynəlxalq yarışlarda iştirak etmişlər.
Ümumilikdə idmançılarımız 2014 cü ilin 6 ayı ərzində müxtəlif idman növləri üzrə 12 beynəlxalq yarışda iştirak edərək 7 medal qazanmışlar. Bundan əlavə komanda yarışlarında 1ci, 2ci və 3cü yerlərə sahib olmuşlar. 
Əgər 2013-cü il və cari ilin 6 ayı idmançılar üçün bir növ istirahət xarakterli yarışların, təlim məşq toplatnılarının və müxtəlif kateqoriyalı turnirlərin təşkili kimi xarakterikdisə, 2014-cü ilin ikinci yarısı və 2015-ci il tamamilə ciddi problemlərin həlli zamanıdır. Yəni bu dövr idmançıların 2016-cı il Rio-De-Janeyro Yay Paralimpiya Oyunlarına düşmək üçün lisenziyaların qazanılması ilə səciyyələnir. Bu oyunlarda daha çox idmançı ilə təmsil olmaq üçün lisenziyaların çox olmasına çalışırıq.


Bu yarışların ilk iştirakçıları carı ilin sentyabr ayında Cüdo üzrə milli komandanın Amerikada keçirilən dünya çempionatında iştirakıdır. Bu yarışa ciddi hazırlaşan komanda 15 nəfərdən ibarət idmançı heyyəti ilə bütün çəki dərəcələrində təmsil olunacaqlar. 
Eyni zamanda qeyd etmək istərdim ki Bakıda keçiriləcək birinci, Baku-2015 Avropa Oyunlarında Paralimpiya idman növlərində cüdo üzrə 2 çəki dərəcəsində hər ölkədən 1 qadın və 1 kişi idmançının iştirakı nəzərdə tutulur. 
Milli Paralimpiya Komitəsi fiziki məhdudiyyətli insanlar arasında idmanın kütləviyinin artırılması məqsədi ilə qeyri paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirilməkdədir. Artıq əlil arabasında idman rəqsi, boulinq idman növləri yaradılmışdır. 2014-cü ildə qarşıya qoyulmuş əsas məqsədlərdən biri də milli komandaların maddi texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Uzun illərdən bəri istifadə olunan bir sıra avadanlıq və ləvazimatlar istifadəyə yararsız hala düşmüşdü. Məlum olduğu kimi daim idmanımızın inkişafını diqqət və nəzərdən qaçırmayan paralimpiyaçıların yaxın dostu, ölkə Prezidenti cənab İlham Əliyev Paralimpiya İdmanının maddi texniki bazasının gücləndirilməsi və təkmiləşdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Milli Paralimpiya Komitəsinə vəsait ayırmış və artıq idmançılarımızın fiziki hazırlıqlarının səmərəli təşkili və yarışlarda uğurlu çıxışları üçün zəruri avadanlıqlar və digər ləvazimatlar alınmışdır. 
Milli Paralimpiya Komitəsinin şöbə müdiri, Uşaq Paralimpiya Komitəsinin idarə heyyəti sədrinin müavini-icraçı direktor Kamal Məmmədov çıxış edərək bildirdi ki, 2013-cü ilin avqust ayında Dünya ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılmışdır. UPK-nin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların hazırlanmasıdır. Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına geniş şərait yaradacaqdır. 
UPK-nin hüquqi bazasının yaradılması, beynəlxalq standartların hazırlanması, sağlamlıq imkanları məhdud uşağların tibbi təsnifatı sisteminin qurulması sahəsində UNİCEF-in Azərbaycan nümayəndliyi ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq ekspert 6 ay ərzində 3 dəfə Bakıda səfərdə olumuş və AMPK-nin mütəxəssisləri, UPK-nin idarə heyyətinin üzvləri, məşqçilər və İdman sahəsində fəaliyyət göstərən QHT rəhbərləri ilə görüşmüş və təlimlər keçmişdir. Bu təlimlərin davamı olaraq 2014-cü ilin sentyabr ayında UNİCEF-in dəstəyi ilə 10 nəfərdən ibarət UPK-nin nümayəndə heyyətinin Londona təlim səfəri gözlənilir.
Artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerlifting və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq profesianal idmana cəlb olunmuşdur. Stolüstü tennis idman növü ilə məşqul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil etmişdir. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olmuşdur. Hal hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur. Ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərof, UPK-si tərəfindən üzgüçülük idman növünə cəlb olunmuş və yaxın günlərdə ilk məşqlərinə başlayacaqdır.