adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2014 14:23
9675
MƏMLƏKƏT
A- A+

Azərbaycanda yeni bayram – Duz bayrımı - Fotolar

Azərbaycanda bayramlar sırasına daha biri qoşuldu – Duz bayramı. Əslində ən böyük bayramlar məhsul adına olan bayramlardı. Qida insana lazım olan ən birinci vacibatdı.

Duz bayramı ideyası belə başlamışdı: "Göyçayda nar bayramı olur, Abşeronda duz bayramı niyə olmasın?”. "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov masazırlıları növbəti ziyarətlərinin birində dedi bu sözləri. Bir yerdəydik. "Azərsun Holdinq” tez-tez belə ziyarətlər təşkil edir, duz çıxaran əllərin sahiblərini yoluxur, dərd-sərlərini öyrənir. "Azərsun Holdinq”Şirkətlər qrupunun prezidenti Abdulbari Gözəlin sözləridi. Mətbuatdan oxumuşam: "Mən qabarlı əlləri öpürəm”.

Masazırlılar bu fikrin həqiqətdə nə qədər doğru olduğunu açıq ürəklə söyləyə bilərlər. Şahidi də oldum. Bir neçə ay öncə Afiq Səfərovun Masazır ağsaqqaları ilə göürüşündə iştirak etdim. Maraqlı adamlardı. Duz Zavodu tikilməmişdən əvvəl çəkdikləri əziyyətdən danışırdılar. Bu mənzərəni canlandırmağa ehtiyac yoxdu. Masazırdan Saraya, Novxanıya, Mehdiabada gedənlər, yaxud gələnlər illərlə iyrənc mənzərə ilə qarşılaşmalı olurdular. "Zülm çəkirdik, qardaşoğlu”. Çörəyi duzdan çıxan masazırlıların son cümləsi belə olurdu.

Doğrudan acınacaqlı durum idi. Heç bir təmizlənməyə məruz qalmayan, tərkibində yod olmayan duz natəmiz şəraitdə çıxarılıb bizim mədəmizə doğru yol gəlirdi. Yaddaşsızlıq, sonsuzluq, zob və başqa dəhşətli xəstəliklər o duz vasitəsi ilə ömürümüzə hakim kəsilirdi.

Keçmiş zamanda. Əlçatmaz uzaqlıqda. Dərdləri keçmişdə qalan insanlar niyə bayram etməsinlər? Afiq Səfərovdan təklif gəlir: hər il iyulun 21-i Azərbaycanda Duz bayramı keçirilsin. Çox sevinclə qarşılanır. Zülmlərdən qurtulan insanlar xilas günlərini bayram edirlər. Həmin gün zavodun açılışı olub. Həmin gün sağlamlığın təməli qoyulub. Həmin gün masazırlılar duz yükünün ağırlığından qurtulublar.

4 il əvvəl ölkə başçısı cənab İlham Əliyevin qayğısı və dəstəyilə istifadəyə verilən Masazır Duz Zavodunun fəaliyyətə başlamasından sonra həm ölkə əhalisinin keyfiyyətli və yodlaşdırılmış duz ilə təminatı, həm də duzçuluqla məşğul olan insanların maddi gəlirləri bir neçə dəfə artıb. Bayram deyil, bəs nədi?..

Bayrama jurnaılistlər də dəvət olunmuşdu. Tədbir Abşeron rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq” in birgə təşkilatçılığı ilə Masazır Duz Zavodunun ərazisində keçirilirdi. Möhtəşəm mənzərə vardı. Gözəlliyi ilə göz oxşayan gölün ətrafında, olduqca təmiz və xeyirli havası olan məkanda gənc rəssamlar şəkil çəkir, duzdan düzəldilmiş heykəllər nümayiş olunur, müxtəlif qablarda olan "Azəri Duz” məhsulları nümayiş olunur, qonaqlara görülən işlər barəsində ətraflı məlumat verilir.


Elmi konfrans ilə başlayan tədbirdə, millət vəkili Qənirə Paşayeva, "Azərsun Holdinq”in, Abşeron İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin, UNİCEF-in, Azad İstehlakçılar Birliyinin nümayəndələri, kənd ağsaqqalları çıxış etdilər.
Tədbirin əhəmiyyətindən bəhs edən millət vəkili bu bayramın gələcəkdə beynəlxalq səviyyədə qeyd edilməsinin və bunun çox uğurlu nəticələrə səbəb olacağını bildirdi.
Tibb Universitetində kafedra müdiri, Əməkdar müəllim İbrahim Əhmədov isə statistik göstəricilərə əsasən, bu müəssisənin fəaliyyətə başladığı gündən ölkədə yod çatışmazlığı xəstəliklərinin təxminən 10 dəfə azaldığını dedi. Belə nəticənin əldə olunmasında yodlu "Azərduz” markasının böyük rolu olduğunu vurğuladı.
UNİCEF-in nümayəndəsi Natiq Umarov yodlaşdırılmamış duzun insan səhhətinə böyük zərər verdiyini deyərək, Masazır Duz Zavodunun fəaliyyətinin bu problemin həllinə mühüm töhfə verəcəyini vurğuladı.

Demək olar ki, çıxışçıların hamısı Duz bayramının beynəlxalq səviyyədə keçirilməsinin vacibliyini bildirdilər. Haqlıdırlar. Əgər Azərbaycan dünyaya duz ixrac edirsə, onun xarici istifadəçisini bayramına çağırmalıdı. Onlara nə qədər sağlam qida qəbul etdiklərini göstərməlidi. Bu həm də Azərbaycanın şöhrətinin dünyaya daha geniş yayılmasına yardımçı olar.

Bayramda kənd sakinləri və digər qonaqlar üçün "Azərsun Holdinq” tərəfindən iftar süfrəsi açıldı. O cümlədən, gənc rəssamlara və heykəltəraşlara ilk Duz bayramında iştirak etdiklərinə görə sertifikalar təqdim edildi.

Atəşfəşanlıqla yekunlaşan bayrama qatılan masazırlıların üzündəki sevinc və məmnunluq hissi atəşfəşanlığın işıqları qədər parıltılıydı.

Ceyhun Musaoğlu