ÖZüNü REKLAMIN BiR FORMASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
27494 | 2007-07-09 15:18
Bir atalar sözü var, deyir ki, "ilan vuran ala çatıdan qorxar". Amma başqa bir atalar sözündə də deyilir ki, "qurddan qorxan qoyun saxlamaz". Maraqlıdır, bu məsəlin hər ikisini atalar deyib. Birinicisi, pessimist təsiri bağışlayır, haradasa adamın qorxusuna, daxili sıxıntısına, pərişanlığına müəyyən haqq qazandırır. İkincisi, əksinə ümid verir, adamın özünə inamını artırır, mübarizəyə, döyüşkənliyə, bir sözlə, yaşamağa həvəsləndirir. Bu müqayisəni elə-belə aparmadım. Amma əslində heç elə- belə də deyil. Çünki hər müqayisədən nə isə doğur.
   
   Təbii ki, mənim yazdıqlarım və yaxud deyəcəyim, əstəğfürullah heç də Quran ayəsi deyil. Ümumiyətlə, mən bunu heç xəyalıma da gətirmirəm. Bu bir yaşantımın, görüb-götürdüklərimin sözlə ifadəsidir. Yəni, bəzilərinin irad tutduğu "iç dünya" deyiminin qəbul olunmuş, hamının başa düşdüyü ürək dünyamın bir anın içərisində mənə söylədikləridir...
   
   Həyatımız elə bir nöqtəyə gəlib çatıb ki, bu nöqtədən hansı səmtə baxırsan bax, mütləq qəti qərar vermək üçün böyük risk tələb olunur. O riski etmək və o addımı atmaq da insana elə-belə başa gəlmir. Ən azı əsəblər və ürək "ayaq üstə" olur. Bu heç də yuxusuzluğun, üzüntülərin, narahat anların yaratdığı psixoz deyil. Əksinə, həyatın diqtəsidir. İstər məişətdə, istər özəl həyatda, istər sosial durumda, istərsə də iqtisadi müstəvidə. Təbii ki, siyasətin bizlərə, yəni mənim qəbilimdən olan adamlara yanaki dəxli var. Biz o siyasətin içərisində qaynayanlardan, bişənlərdən deyilik, onun istisində ütülənənlərdənik...
   
   ... Yayın isti keçəcəyi xəbəri reklam bazarında əməlli-başlı iş gördü. Kondisioner satanların çiçəyi çırtladı. Kreditli-kreditsiz millət axışıb gücü daxilində kondisioner almaqla məşğuldur. Hətta qəribə bir reklam da var telekanallarda...
   
    Kişi əlində vintelyator (ha fikirləşdim Azərbaycan dilində bu sözün qarşılığını tapa bilmədim) sevincək evə gəlir, xanımı qapını açanda sevinməyə macal tapmamış sanki zəlzələ baş verir. Vintelyatorun təpəsinə bir kondisioner düşür!
   
   Hə, bu bizim reklamlarımızdır. Səviyyəsi göz önündədir! Bu yerdə "reklamnıy pauza". Bir neçə gün buludlu keçən havalar deyəsən həmin o vəd olunan istilərdən xəbər gətirib. İki gündür tıncıxmağa başlamışam. Amma zəhrimara qalmış "revmatizm" kondisionerə yaxın getməyə macal vermir. Bu da bir bəladır.
   
   Düşünəcəksiniz, bütün bunların bu mövzuya nə dəxli var. Əgər xatırlayırsınızsa mən əvvəldə yazmışdım ki, atalar sözünün birincisi pessimistlikdən xəbər verir, ikincisi mübarizlikdən. İndi özünüz fikirləşin də... istilər canımı sıxır, məni tıncıxdırır, bu biri tərəfdən də ortaya kondisioner gəlib çıxır. Deməli, ümid yeri var. Hər gecənin bir səhəri olduğu kimi. Bəs sizin necə, ümidiniz tükənməyib ki?..
   
   ... Həyatın indiki anında bu yazdıqlarımın kimə necə təsir edəcəyini düşünmədən reklam bazarına icazəsiz daxil oldum. Doğrudur, müəyyən mənada mən də iddiaçı ola bilərəm. Çünki istilərlə bağlı kondisionerdən söz açmışam. Deməli, reklam etmişəm. İndi pulsuz reklam yoxdur. Əgər pulsuz reklam mövcud olsaydı, bir para yazı-pozu adamları dəstə yaradıb özləri-özlərini təbliğ etməyi bir kənara qoyub ədəbiyyatı düşünərdilər. Baxmayın, mətbuat səhifəsində bir-birinə "göz ağartmaq" da elə reklamdır.
   
   P.S. Mən bu yazının nöqtəsini qoymaq istəyəndə qəflətən ağlımdan gəlib keçdi ki, görəsən özümü reklam etmədim ki? Axı, yazının yuxarı küncündə yaraşıqlı olmasa da şəklim, yanında da imzam olacaq. Hər halda "Ədalət"in oxucuları görəcəklər. Bu da belə... ə

TƏQVİM / ARXİV