adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Iyul 2014 16:22
5301
MƏMLƏKƏT
A- A+

Nazirlik uşaq ölümündə valideynləri günahlandırdı

"İlkin məlumata görə, uşaqların xəstəxanada qalmasına valideynlər özləri razı olmayıblar”.  

Bunu Modern.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Ağdam rayonunda baş verən körpə ölümü ilə bağlı deyib. Onun sözlərin görə, xəstəxanada uşaqlara tibbi yardım göstərmək üçün hər cür şərait var: "Ağdamda, eləcə də ona yaxın rayonlarda uşaqlara ilkin tibbi yardım göstərilməsi üçün bütün şərait var. Ağdam Mərkəzi rayon Xəstəxanasında, ona yaxın rayonlardakı beynəlxalq mərkəzlərdə də küveyzlər var. Amma nədənsə valideynləri elə qərar veriblər ki, uşaqlar Bakıya gətirilsin. Məsələ ilə bağlı araşdırmalar davam edir və bu barədə açıqlama verəcəyik”.

Qeyd edək ki, iyulun 19-da 24 yaşlı Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi rayon Xəstəxanasına yeləşdirilib. Atası Fikrət Səfərov APA-ya  açıqlamasında deyib ki, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: "Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.

F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: "Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.

F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.