SÖZ SAHiBiNiN QULU OLMALIDIR

ƏBÜLFƏT MƏDƏTOĞLU
32173 | 2007-07-04 03:47
Məşhur bir ifadə var, nə qədər ki, sözü deməmisən sənin qulundur, elə ki dedin sən onun quluna çevrilirsən. Bunu mən demirəm, bunu atalar deyib, özü də çox-çox əvvəl. Yəni, hər kəs eşidib, hər kəs bilir ki, deyilən söz ünvanına dəqiq çatmayanda, dəqiq toxunmayanda, ən azı onu yaralayıb keçməyəndə havadan asılı qalır və sözün sahibi sözün quluna çevrilir. Bu heç də filosofluq deyil. Mənim bir anın içində yaşayıb illərdən bəri tanıyıb, sayğı göstərib hörmət və simpatiya bəslədiyim insanın nəyəsə, kiməsə görə müəyyən bir mühitdə, müəyyən bir ampluada çıxış eləməsi məni çox ağrıtdı və həmin gün bir tikə qismət kəsdiyim süfrə mənim üçün əslində özümü və onu yenidən tanımağım oldu...
   
   "Azərbaycan" nəşriyyatının binasında burda çalışan insanlar üçün yeməkxanalar da var. 4-cü mərtəbədə əyləşib nahar edirdik, bu zaman heç dəxli olmadığı halda qələminə, şəxsiyyətinə, azadlıq hərəkatındakı xidmətlərinə görə böyük hörmət bəslədiyim Natella Asena namus və qeyrət mövzusunda ortaya bir sual atdı. Sual da konkret mənim məktubu ünvanladığım şəxsə yönəlmişdi. Çox filosofsayağı bir cavab eşitdim:
   
   - Namusun tərifini deyə bilmərəm, qeyrət də ki...
   
   Xeyli dolaşıq cümlələrlə guya qeyrətin tərifini dedi, hava limanında başladı Dubayda qurtardı. Bəlkə də sorğu-sual, yəni, nəyisə öyrənmək istəyi burda başa çatardı. Lakin Natella xanım ikinci bir sualı da ünvanladı, burda oturanlar arasında reket (jurnalist) var? Cavab da gözlənilməz oldu, elə buradakıların hamısı reketdi. Məsələ bununla qurtarsaydı, dərd yarı, bəs kişi necə? Yenə cavab çox gözləmədi, burda kişi yoxdur.
   
   Artıq dözə bilmədim. İllərdən bəri tanıdığım həmin o həmkarıma elə süfrə başında bildirdim ki, nahaq hər şeyi öz bildiyin kimi cavablandırdın. Cavab da bu oldu ki, Natellanın əsəblərini sakitləşdirmək üçün deyirsən. Bəlkə də sakitləşdirdin. Amma bununla çox şeyi itirdin. İlk öncə mənim bir jurnalist kimi, bir qəzetçi kimi reket olmağımı nə görən, nə eşidən, nə bilən yoxdu və ümumiyyətlə, bu söz mənə heç cür yaraşmır. İkincisi, o ki qaldı kişilik məsələsinə, evimdə, elimdə, bölgəmdə, məmləkətimdə az-çox tanınıram. Bu barədə də indiyə kimi mənə qüsur tutan olmayıb. Ona görə də hamının əvəzinə və hamıya yamaq vurmaq, hamını bir sıraya düzmək ən azı insafsızlıq, yumşaq desəm...(yumşaq deyə bilmirəm-Ə.M.) Özün yəqin ki, başa düşdün nə demək istəyirəm.
   
   Biz bir qazanda qaynamış insanlar kimin kim olduğunu, kimin nəyə qulluq etdiyini, kimin nəylə, necə nəfəs aldığını çox gözəl bilirik. Ona görə də sənin kiminsə əsəblərini sakitləşdirmək üçün hamını bir rəngdə, bir qiymətdə dəyərləndirməyin, görməyin heç sənə yaraşmadı. Və sən həmin an sözünün quluna çevrildin. Belə etmə, axı səni başqa cür görüb, başqa cür tanımışam. Çox şey yazmaq istədim və sonda sənin kiminsə əsəbini cilovlamaq cəhdin yadıma düşdü, ona görə də sözümü elə burda kəsdim. Qorxdum ki, mən də sonra sözümün quluna çevrilim. ə
   
   
   
   

TƏQVİM / ARXİV