adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Vətəndən vətənə...

XURAMAN HÜSEYNZADƏ
28349 | 2014-07-19 05:31
Son günlər şəhər və kənd ədəbiyyatı haqda polemika aparılır. Elə bu yazını yazdığım vaxtda Çexovun hekayələrini oxuyurdum. Şəhər və kənd mühiti o qədər peşəkarlıqla qələmə alınıb ki, müəllifin Çexov olduğunu bilməyənlər şəhər və kənd ədəbiyyatı arasındakı sərhəddin necə peşəkarlıqla qaldırıldığına mat qalarlar.
Kəlbəcərə gedən soydaşlarımız Həsən Həsənovun öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi xəbəri hamımızı sarsıtdı... Dilqəm Əsgərovun facebokda profillərdən boylanan o dəhşətli fotosuna saatlarla baxdım... Nələr yox idi o simada, o gözlərdə? Vətən torpaqlarına qorxmadan ayaq basan o qorxmaz kişilər kimi obrazlar yaratmaq üçün də şəhərli, yaxud kəndli təfəkkürünə sahib olmaq lazımdımı? Belə gərəksiz polemikalara buna görə qoşulmağa dəyməz...
Bir dəfə Daşburundakı dördyoldan üzü Bakıya dönmək əvəzinə səhvən yuxarı-Füzuliyə tərəf getmişdik. Başımız söhbətə qarışmış, yolu itirmişdik. Qəfil qarşımıza çıxan hərbçilər dəhşət içərisində hara getdiyimizi soruşdular. Yolu itirdiyimizi bildilər. Hərbçilərdən biri "əsir düşmək istəyirsiniz deyəsən" dedi. Elə ağrılı anlar idi ki. Uzaqdan durub uşaqlığın keçən yerlərə baxmaq, üstəgəl o yerlərdə əsir düşmək təhlükəsi... Və düşünmək ki, sən oralara gedə bilmirsən, o yerlərə elə beləcə-uzaqdan-uzağa tamaşa etməyə məhkumsan... Köndələnçayı elə ürəyim istəmişdi ki onda.
Arzu etdik, gözlədik, xəyallarla yaşadıq, talehdən yardım istədik, amma olmadı.
Mümkün olmayan heç nə yoxdu. Kəlbəcərli soydaşlarımız bunu sübut etdi.
İndi ermənilər Kəlbəcərə gedən yolları minalayır. Qorxaq köpəklər! Hər an hamımızın Həsən, Şahbaz, Dilqəm olacağımızdan qorxurlar.

***
Çexovun "Sürgündə" hekayəsində qoca Semyon Vasili Sergeiçə dediyi sözləri xatırlayır: "...Xoşbəxt olmaq istəyirsinizsə, hər şeydən əvvəl heç nə arzu etməyin. Bəli... Taleyimiz bizi o qədər incidib, daha ondan yardım istəməyə və onun qarşısında diz çökməyə dəyməz; onu ələ salmaq lazımdır, yoxsa o özü bizi ələ salar... "
Həsən, Şahbaz, Dilqəm bütün qadağalara qarşı çıxdı. Ələ saldılar talelərini. Son verdilər vətən həsrəti çəkməyə.
Buna həm də cəsarət lazımıydı.
Ən böyük xoşbəxtliyimiz individual yox, kütləvi şəkildə görə biləcəyimiz günlər olacaq. Məsələn, öz vətənində yolu azıb... öz vətəninə getmək kimi...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV