SEVGİSİNİ GÖSTƏRƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
75433 | 2014-07-19 05:16
Son vaxtlar bilmirəm hansısa səbəblərdəndi, amma etiraf edim ki, hər halda bu yaxşı, ürəyimcə olan səbəblərin diktəsidi, mən daha çox özümə, iç dünyama, bir az da xəyalımda qurduğum dünyama uyğun olan insanlar barəsində yazmağa, hiss etdiklərimi, düşündüklərimi kağıza köçürməyə meyl edirəm. Məni qınamayın, ola bilsin bu həm də yaşın öz tələbidi. Bütün hallarda mən bu yazdıqlarımı könlümün rahatlığı, düşüncələrimin bir az qayğılardan çırpınıb çıxması üçün yazmağa da üstünlük verirəm. Və elə bilirəm ki, bilgisayara diktə etdiyim bu yazılar nə vaxtsa kimlərinsə söyləyəcəyi xatirələrin bir nüansı, bir hissəsi, lap elə bir sətri olacaqdı. Çünki insanın əbədiyyəti onun həm qalan izi, həm qalan sözü və bütövlükdə xatirələri ilə bağlıdı. Yaxşı ki, danışmağa, yazmağa xatirələr var...
Adətən hər hansı bir mövzuya baş vuranda ipucu axtarırsan. Hardan, necə başlayacağını, hansı sözdən sonra hansı fikrə keçəcəyini götür-qoy edirsən. Mən bu yazı üçün çox da götür-qoy etmədim. Ona görə ki, bu yazı özü özlüyündə hər gün, hər telefon zəngindən sonra, hər uğurlu xəbərin ardınca yazılırdı. Son vaxtlar isə bu yazılmanın tempi bir az da artmışdı. Bunun əsas səbəbi də dostumun ciyərparası olan oğlu Fəxrinin qazandığı uğur idi. Onun nailiyyəti bir insan kimi, bir azərbaycanlı kimi həmin ailəni istəyən vətəndaş kimi, nəhayət dost kimi məni çox sevindirmişdi. Təbii ki, sevinc də həmişə adamın ürəyini qubarlandırır, hisslərini, duyğularını dil-dil ötməyə həvəsləndirir. Bax elə həmin o həvəslə də nə vaxtdan bəri içimdə yazılan yazının üzə çıxarılmasının bir növü ilahi tapşırığı verildi. Bilmirəm, göylərdən gəldi bu tapşırıq, yoxsa yerlərdən... Bilmirəm zamanmı diktə etdi, yoxsa yaşadıqlarım... amma hər nə idisə, mən bu yazının sükanı arxasına keçəndə artıq nə yazacağımı, necə yazacağımı bilirdim və...
Hə, ağıllı adamlar, bir az pafoslu desəm, dünyanın altından-üstündən xəbərdar olan müdriklər buyurublar ki, dünya yaxşılardan xali deyil. Və əslində dünya elə məhz həmin o yaxşılarının çiyinləri üstündə bərqərar olub. Biz də zaman-zaman o yaxşılara baxıb öz sıramızı tutmağa, öz cərgəmizi nizamlamağa və nəhayət, öz yerimizdə olmağa çalışmışıq. Təbii ki, mən "çalışmışıq" deyəndə həqiqətən yerində olmaq istəyən adamları nəzərdə tuturam, onlara üz çevirirəm. Və beləcə, bu yaxşı adamlar kimlərəsə barlı-bəhrəli bağı-bağçanı, kimlərəsə bol sulu çeşmələri, kimlərəsə şəlaləni, kimlərəsə təbiətin müxtəlif möhtəşəmliklərini xatırladır. Mən isə öz payıma yaxşı adamları qocaman xan çinara bənzədirəm. Bu adamların kölgəsi də, duruşu da, nəfəs almağı da, bir sözlə, mövcud olmaqları da bütün mənalarda təmənnasızdı, səmimidi və xüsusilə iddiadan uzaqdı.
Gəlin etiraf edək ki, bu gün iddiası təkcə özündən yox, hətta bütün çevrəsindən böyük olan kifayət qədər bəndələr var. Həmin bəndələrin istənilən birinin iddiasına diqqət yetirəndə dəvənin qanadlı olmadığına bir daha şükr edirsən. Şükür edib Allahın böyüklüyü qarşısında baş əyirsən. Bax, bütün bu söylədiklərimin fonunda haqqında yazdığım dostumun ömür yolunu göz önümə gətirirəm. Baxıb görürəm ki, eni-boyu az qala bir əlçim boyda olan bu ömür yolunun sahibi əslində 70-80-i küləklərə verən neçə-neçə insandan maraqlı, mənalı, gərəkli və dəyərli barmaq sayı illər yaşayır. O illərin hər birinin arxasında isə kifayət qədər oturuşmuş, mübarizələrdən keçmiş və nəhayət seçdiyi yola, güvəndiyi əqidədaşlarına, könül bağladığı böyük şəxsiyyətə tükənməz sevgi dayanıb. Elə bir sevgi ki, onun azacıq duyumu olan hər kəs hiss edə bilər.
Mən elə bu məqamdaca son günlərdə yazdığım və ona ünvanladığım misralara üz tuturam. İstəyirəm ki, nə dediyimi, daha doğrusu, nə yazdığımı o misraların yozumunda daha açıq-saçıq bir şəkildə görəsiniz.

Səndən yazmaq
mənə
bəlkə də
asan olardı,
əgər
sənə
bu qədər yaxın olub
ürəyinin içini
görməsəydim!..
Bilmirəm
təəssüf edim,
yoxsa sevinim...
Amma
bütün hallarda
bir etiraf edim -
içini
və hətta
içinin də içini
gördüyüm ürəyin
bir parça münbit
Azərbaycan torpağıdı!-
gül-çiçək,
böyük sevgi,
ilham, inam,
sədaqət və qətiyyət,
duz və düz çörək,
nəhayət
bütöv şəxsiyyət
bitirib böyüdən
bu məmləkətin
sənin tək oğulları
göydən gəlməyib,
göydən!...
Sadəcə,
biz bəzən
bilmirəm nədən
gözümüzün önündəkiləri
görməyi bacarmırıq
ya da istəmirik
ona görə də
daha çox
özümüz özümüzü
üstələyirik!..

Hə, bilmirəm bu şeirdə yazdıqlarım, ifadə etdiklərim nəyisə sərgiləyə bildi, yoxsa yox, amma tam səmimiyyətlə deyim ki, mən bu şeir parçasının aurasında onu kifayət qədər yaxından görə bildim. Özü də onu bu cür görməyimin tarixi o qədər də böyük deyil. Bəlkə də yaşadığım, dərk elədiyim, ürəyimə köçürdüyüm mənada böyükdü. Amma illərin sayı baxımından bu çox yaxın zamandı. Və...
Onunla millət vəkili seçiləndən sonra tanış oldum. İş elə gətirdi ki, bir mətbuat adamı kimi bu gənc millət vəkili ilə söhbətləşdik. Danışığına, məntiqinə, xüsusilə təmsil olunduğu bölgənin və bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatına bələdçiliyinə tam səmimiyyətlə deyirəm, vuruldum. Başa düşdüm ki, təkcə yaşla, yaşanan illərlə hər şeyi bilmək, anlamaq, dəyərləndirmək iddiasında olmaq və bunu da təbliğ etmək doğru deyil. İnsan hətta gənc yaşında da hər şeyi görüb, dəyərləndirib ona çox ağıllı, mükəmməl bir münasibət də bildirə bilər. Bax elə həmsöhbət olduğum Anar müəllim də məhz bu qəbildən olan insanlardandı. Onunla söhbət etdikcə xalqa, torpağa, Azərbaycanın ictimai-siyasi həyatının bugünkü aparıcılarına və bu günün yaradıcılarına - xüsusilə həyatının idealı olan Ulu Öndərə böyük sevgisini görməmək mümkün deyil. Bu cavan oğlan öz fikirlərini o qədər səmimi, o qədər sadə və inandırıcı şəkildə ifadə edir ki, sən qarşında əyləşən insanın bütün iç dünyasını, bütün əxlaqını, bütün mənəvi keyfiyyətlərini görə bilirsən. Özündən asılı olmadan, özündən xəbərsiz onun yaratdığı, onun təbliğ və təqdim etdiyi dünyanın sakininə çevrilirsən. Zənnimcə bu keyfiyyət artıq insanın püxtələşməsindən, həyata kifayət qədər ayıq baxışlarından xəbər verir.
Mən həmin o tanışlıqdan sonra Anar müəllimin həyat yolunu, parlamentdəki fəaliyyətini, Milli Məclisdən kənardakı dünyasını bir jurnalist marağı ilə izləməyə başladım. İnanın ki, ona yaxınlaşdıqca, onun həyat yolunun səhifələrini çevirdikcə bu cavan oğlanın təkcə ağlına, düşüncəsinə, məntiqinə yox, həm də xidmətlərini gizlətmək, göstərməmək ustalığına da heyran oldum. Və bir dəfə də olsun onun dilindən, nə də hərəkətlərindən eşitmədim, oxumadım ki, o, təmsil olunduğu partiyada bütün varlığı ilə özünü aid etdiyi bugünkü iqtidar müstəvisində nə edib, hansı yolları keçib, hansı mübarizələrdən qalib ayrılıbdı. Bax, bunun ikinci bir parçası olan sevgini isə o, yaşamağı, yaşatmağı göstərməyi çox məmnunluqla büruzə verir. O sevgini ki, o hamıya aiddi, o, bu xalq üçündü, o, bu dövlət üçündü. Ona görə də:

Aç qapı-pəncərəni
Küləyə azadlıq ver!
Qopar fikrin yükündən -
Ürəyə azadlıq ver!
Meydanı geniş olsun
Sıxılan duyğuların...
Zaman-zaman çin olsun -
Arzun, həm yuxuların...

Götürülsün ortadan
Ürək - ağıl dramı...
Bir olsun, qoruyasan -
Səndən öndə duranı!..

Bu misraları elə-belə yazmadım. İndi həmin o ilk tanışlığımızdan keçib bu günə qədər gəldiyim yolun sağına-soluna arxayın bir şəkildə diqqət yetirib sonra ürəyimin və ağlımın diktəsi ilə yazdım bu şeiri. Ona ünvanladığım həm o gənc dostum demək olar ki, artıq parlamentdə deyil. Amma həyatda, cəmiyyətdə, ailədə, dostlar arasında, bir sözlə, var olduğu hər yerdə həmin o gözlə görünməyən və özünün də görünməsini istəmədiyi xidmətinin davamını gerçəkləşdirməklə sevgisinin boy artımını da qoruyub saxlayır. Onun üçün müqəddəslik parametrlərinin içərisində inam, sədaqət və sevgi xüsusi yer tutur. Məhz inamın, sədaqətin və sevginin işığında o, necə deyərlər, başını aşağı salıb zamanın ona ayırdığı qayğı yükünü daşıyır. Özü də bir dəfə də olsun dilinin ucuna dünənlə bağlı hansısa bir təəssüf gətirmədən. Əslində isə o, bununla kimliyini, nəyə qadir olduğunu səssiz, sözsüz ifadə edir. Sadəcə, bunu görmək lazımdır!
Hə, mən hər görüşümdə ziyalılığına, xüsusən böyük sözə, ədəbiyyata birmənalı vurğunluğunu zövqlə, ləzzətlə izlədiyim Anar müəllimin yerinə, mətləbinə uyğun söylədiyi şeirləri dinləyərkən həqiqətən dost kimi özümü çox rahat hiss edirəm. Görürəm ki, klassiklərdən üzü bəri bugünün də dəyərli poeziya yaradanları sevən, onları oxuyan və təbliğ edən Anar müəllim kimi insanla həmsöhbət olmaq insanı nə qədər daxilən müsbət enerji ilə yükləyir, ona qol-qanad verir, onu öz dərdlərinin, qayğılarının içərisindən çəkib çıxarır. Təbii ki, mən Anar müəllimin bir azərbaycanlı, bir ziyalı, bir vətəndaş portretini yaratmaq fikrində deyildim. Sadəcə, bu yazını ürəyimin istəyilə ona görə yazdım ki, onun cəmiyyətimizin istənilən yerində, həyatın istənilən müstəvisində bir dost kimi gözüm yerini axtarırdı. Bu, mənim bəlkə də ona olan dost sevgimin bir söz adamı marağımın və nəhayət, özümdən kifayət qədər yaşca kiçik olan bir cavan oğlana simpatiyam idi. Amma hər nə idisə, mən yenə etiraf edim ki, bu cür əqidəli, bu cür xarakterli, sabit, dinamik və son dərəcə də səmimi insanlara cəmiyyətimizin, onun da bir nümayəndəsi olan mənim çox ehtiyacım var. Yəqin ki, zaman bütün ehtiyacları ödədiyi, təmin etdiyi kimi mənim də duyğularımın, arzularımın və nəhayət ümid bəslədiklərimin gerçəyə çevrilməsinə yardımçı olacaq. Buna heç bir şübhəm yoxdu!

P.S. Gənc dostum sürprizlər etməyi xoşlayır. Mən onu öz-özlüyümdə hərdən SÜRPRİZ ADAM! - adlandırıram. İndi isə mən sürpriz etmək istədim. Onun icazəsi olmadan internet ünvanından şəklini götürdüm. Yəqin ki, üzürlü sayar.


Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV