adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Sizə nə xalxın kometasından?!

SAMİRƏ ƏŞRƏF
37309 | 2014-07-19 04:13
O günləri qlamurlaşmaq üçün əldən-ayaqdan gedən bir qohumum bir ilə kreditini verib qurtara bilməyəcəyi planşetini modabaz əda ilə yellədə-yellədə məni tənqid etməyə cəhd edirdi. Bu qohumumun əri ayda dörd yüz manatı it zülmü ilə qazanır. Özü də evdarça xanımdı. Di gəl ki, arvad modasından, qlamurlaşmağa olan qarşısıalınmaz istəyindən qala bilmir. Həmin xanım haqqında təsəvvürünüz olsun deyə bir neçə açar söz yaza bilərəm: WhatsApp, planşet, Manqo, piknik, Aygün Kazımova və s.
Əlqərəz qlamurluğa meyilli qohumum məni qabağına qoyub xeyli danladı ki, bəs sən nahaq yerə bizim gül kimi televiziya kanallarımıza baxmaqdan imtina edirsən. Gərəkdir ki, sən gecə-gündüz deməyib ekranın qabağını kəsdirəsən. Dünyada və məmləkətdə baş verənlərə biganə qalmayasan. Sonra isə mənim qırılan könlümü almaq üçün krediti yeni başlayan planşetində bir musiqi səsləndirdi. İnsafən oxuyan pis oxumurdu. Bu səbəbdən kimliyini xəbər almaq istəyəndə qohumum planşetinin üzlüyünü şappıltı ilə nətər bağladısa, dedim sən öləsən bu qız qalxıb indi məni döyər. İncəvaran, döymədi. Dedi ki, ay qəriban, ay dünyadan xəbərsiz bu oxuyan elimizin, musiqi dünyamızın qiymətli xanəndəsi Roza Zərgərlidi. Dedim o, kimdi? Qohumum qurudu qaldı ki, necə ola bilər ki, sən bu məmləkətdə yaşayasan, amma öz əziz xələf müğənnini tanımayasan.
Nə isə, onu yola salandan sonra fikirləşdim ki, el-oba töhmət götürməz. Yaxşı deyil, açım televizoru görüm nə var, nə yox. Elə vaxta tən düşdüm ki, bütün kanallarda xəbərlər tüğyan edirdi. Xəbər aparıcılarımız da ki, maşallah elə bil telekanala yox, şadlıq sarayına gəlmişdilər.
Ay başınıza dönüm, əlinizdə məlumat əldə etmək üçün hər cür şərait var. Nə olar ki, çox uzağa yox elə qonşu Rusiya dövlətinin telekanllarına boylanın. Bir baxın görün onların aparıcıları efirə nə geyinirlər, necə çıxırlar, ənlik-kirşandan nə qədər istifadə edirlər. Axı sizin onlardan nəyiniz əskikdi?! İndi bu hava proqnozu xəbərliyənləri başa düşürük. Nə də olsa, onlar ekrana bədənnüma çıxırlar. Bəs sizə nə düşüb?! Nolar ki, makiyajdan, zər-zibadan az istifadə edəsiniz efirdə var olanda.
İnsafən bu məsələdə hələ ki, Aztv-nin aparıcıları özlərini formada saxlamağı bacarıblar. Belə ki, kanalı Aztv-yə çevirəndə özümü 2014-cü ildə yox, 1980-ci ildə hiss elədim. Necə deyərlər, Aztv 1980.
Əlqərəz bu fikirlərə giriftar olanda bir də eşitdim ki, bər-bəzəkli teleaparıcımız deyir: "Amerika alimləri göydən yerə gələn kometaları tutmaq üçün qarmaqlar hazırlayıb. İndi içi mən qarışıq hamınız rahatca yata bilərsiniz. Sağ olsun, Amerika və Avropa xalqı ki, kometanı da, onu tutan qarmağı da icad edib ortalığa çıxardı. Bundan o tərəfə bizim planetin ölümdən heç bir qorxusu yoxdu".
Adama deyərlər ay bacı, ay qardaş sizə nə xalxın kometasından, onu tutmaq üçün düzəldilən xarici qarmaqlardan?! Gücünüz çatır gedin, bir qarmaq da siz düzəldib atın kosmosa, tutun o, kometanı. Biz də şad olaq ki, tərəqqi edirik. Yox çatmırsa, onda oturun oturduğunuz yerdə. Arada meyxananızı deyin, plovunuzu bişirin, xarici ölkələrin tv verilişlərinin eybəcər imitasiyalarını edin.
Qədim əyyamlarda ağsaqqallar, ağbirçəklər bardaş qurub dünyanın gərdişindən söhbətləşəndə çoxlu atalar sözlərindən istifadə edərdilər. Onlar həmin atalar sözlərini sanki Quran ayəsi kimi sözlərinin sonuna bənd edib məclisə təqdim edərdilər. Təəccüblü və məəttəl qalınası işlər haqqında isə deyərdilər: "Qulaq gündə bir söz eşitməsə, kar olar".
Ümumiyyətlə mənə belə gəlir ki, bizim atalarımız bir çox məsələlərdə səhv ediblər. Ya da ki, onların sözləri bizim indiki zəmanə üçün ayaqlaşmır. Götürək elə bu qulaq məsələsini. Necə yəni qulaq gündə bir söz eşitməsə kar olar? Bu hesabla mənim qulağım indiyənə qədər nəinki kar olmaq, hələ desən lap yerindən qopub düşməliydi. Hələ mən gözlərimi demirəm. Bu gözüm görən pəstahları hansı gözlər görsə idi, gərək idi ki, həmin gözlər yerli-dibli yox olaydı. Bəlkə mənim gözlərimin və qulaqlarımın əhatə dairəsi çox genişdi, ya başqalarınkından fərqlənir. Nə bilim. Amma özünüz şahid oldunuz ki, yarımca saat televiziya qarşısında oturanda nələr eşitdim, nələr gördüm.
Durum gedim güzgüyə baxım. Görüm, gözlərim və qulaqlarım yerindədirmi...

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV