adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BULUDMU OLUM, YOXSA Kİ, GƏMİ?

MƏZAHİR ƏHMƏDZADƏ
65077 | 2014-07-19 03:57
... İstanbulda dəniz sahilində durub bütün bunları düşündükcə bir az rahatlanıram. Nə olub olub, kim cəfasını, kim səfasını çəkib, nələr nələrə qarışıb, Allah özü bilən məsləhətdir. Mənim Azərbaycan adlı doğma, müstəqil və əbədi Vətənim var. Və elə Azərbaycanım qədər bağlandığım doğma Türkiyəm və İstanbulum var. Qoynunda ola-ola yenə də həsrətini çəkdiyim İstanbulum...
Nədən belədir? Nəyə görə bu insanları, bu gəmiləri, bu martıları bir xəyal kimi hiss edirəm Boğaziçində? Durduğum yerdəcə bu sahillərin bir xəyal olmasını, ya bəlkə də mənim indi burada deyil, keçmişlərdə qaldığımı hansı zalım həsrət düzüb qoşub ki?.. Bu nə sirdir, Tanrım, bu nə şirin ölümdür? Həm yoxam, həm də varam, bəs nə çatmır, İlahi?
İndi bu gözəl, bu möcüzə sahildə durub hara baxıram, nəyin həsrətini çəkirəm ki? Yenə də keçmişləri, olub-keçənləri düşünürəm. Bəs məni kim addadar bu xəyallardan? Yenə bu səssiz harayıma o böyük insan, mavi gözlü div çatır. Və onun sular kimi ləpələnən bənzərsiz səsini eşidirəm pırıl-pırıl...

Dənizin üstündə ala bulud,
üzündə gümüş gəmi,
içində sarı balıq,
dibində mavi yosun.

Sahildə bir çılpaq adam
durub düşünür:
Buludmu olum,
gəmimi yoxsa?
Balıqmı olum,
yosunmu yoxsa?

Nə o, nə o, nə o.
Dəniz olmalı, oğlum,
Buluduyla, gəmisiylə, balığıyla,
yosunuyla!
Belə dahiyanə doğmalığın sığalına həsrət də öz sirli pərdəsini çəkib gedər bu yerlərdən. Həm də düşüncələrimdən, qarışıq xəyallarımdan...
Sovet dövrünün Türkiyə və İstanbul həsrətindən əvvəlki hissələrdə, bir az ətraflı şəkildə isə dördüncü hissədə yazıb diqqətə çatdırmışam. Bu sevdanın qarşılığı olaraq sevincimiz, qürurumuz da olub, acılarımız da. Ancaq heç bir səbəb bizi bu sevdadan uzaqlaşdıra bilməyib, bu əlçatmaz xəyallar heç zaman adiləşməyib. Eləcə bizləri öz ovsununda, cazibəsində çox, ama çox şirin bir nağıla çəkib aparıb.
...Dinc dayanmırdıq ki. Bir də görürdün Türkiyədən gələn incəsənət adamları ilə görüşüb söhbətlər edir, tanışlıq, münasibət quraraq gələcək məqsədlərimiz üçün üstüörtülü də olsa "nəfəslik" açırdıq. Əlimizə keçən Türkiyə çaplı kitabları, qəzet kəsiklərini, fotoları, musiqi lentlərini gəncliyin işıqlı dəstələrində, türk sevdalıları arasında paylaşırdıq. Görürsünüzmü, daha 20-25 ildən çoxdur ki, "pantürkist" ifadəsi yazı və danışıqdan tamam götürülərək unudulmuşdur. Bir vaxtlar isə rejimin əcaib siyasəti türk sevdalısını "pantürkist" adlandırıb boğmağa çalışırdı. Tam bir rəzalət və siyasi ədəbazlıq! Türk necə pantürkist ola bilərdi? O vaxtlar Aqil Abbasla bu mövzuda xeyli söhbətlərimiz olmuşdu. Əlində ən çox türk "materialı" olan dostlardan biri də Aqil idi. İstedadlı və gənc yazıçı, çalışdığı "Sovet kəndi"nə yeni nəfəs gətirən Aqil Abbası da, məsləkdaşlarını da "pantürkist" adlandırırdılar. Söhbətlərimiz zamanı biz bu cür tanıtıma həm gülür, həm də daxili bir qürur hissi ilə yanaşırdıq. Nə qədər paradoksal görünsə də.
Sonralar Vaqif Cəbrayılzadə ilə Aqil Abbas ayrıca olaraq bu istiqamətdə çox işlər gördülər. Bütün bunları indi tam yazmağa ehtiyac yoxdur. Tanıyanlar və maraqlananlar onsuz da çox şey bilirlər.
... Düşüncələrim o uzaq illərdən dönüb geri qayıdır. İstanbulun Boğaza açılan ən gözəl sahillərindən birinə. Orda ki mən dayanmışam, ətrafımdan keçən axın-axın insanlar nə məni görür, nə də xəyallarımın uzaq sahillərini.
... İndicə Aqil Abbası və İradə Tuncayı düşündüm, dünəndən bəri onları çox özlədim...
Mən bir zamanlar Qara dənizin SSRİ-yə aid olan sahillərində dayanıb bu tərəflərə saatlarla baxarkən bir möcüzə arzulamışam. Səbəb və bənzərlik çox uzaq görünsə də, general Xludovla bağlı epizod ona görə yaddaşımda bu qədər uzunömürlü olub. Hətta bir dəfə, 1978-ci ilin iyul ayında...
Batumi bir şəhər kimi Türkiyə sərhədlərinə daha yaxındadır. Coğrafiya dərsləri və xəritələr bir yana, bunu hələ uşaq yaşlarımda babamın söhbətlərindən eşitmişdim. Babam sovet dövründə, özü də Stalin rejimində ən nadir "peşələrdən" biri sayılan qaçaqmalçı olub. O, bərə ilə Türkmənistana, oradan da bələdçilərin köməyi ilə İrana gedib gəlirmiş. Başqa bir marşrutu isə Batumda (o, Batumiyə Batum deyirdi) düşərgə salıb ya Türkiyədən keçirilən malı qəbul etmək, ya da imkan yaradılanda özü Türkiyədən lazım olan şeyləri bu tərəfə daşımaqdan ibarət imiş. Türkiyədən gətirdiyi dünyaca məşhur Trabzon-Samsun tütününü Moskvada satırmış. Çox baha qiymətə satılan bu tütündən bəlkə də Kremldə oturanlar da istifadə edirmiş. Təbii ki, Stalinin qəlyanını tüstülədən ətirli "Zolotoy runo" istisnası ilə.
Babam bu "nadir peşəsinin" sayəsində həddən artıq varlanıb kənddəki bir çox ac-yalavacları doyursa da hökumət onun qədrini bilməyib. "Zərbəçi əməyinin" müqabilində o, yalnız iki dəfə uzunmüddətli "istirahətə" göndərilib. Müharibə başlayanda və 19 yaşlı böyük oğlu vətən uğrunda döyüşə gedəndə, kişi uzaqlarda, çukçalar yaşayan tərəflərdə "istirahətdə" imiş və bir lətifədə deyildiyi kimi, müharibənin başlanmasını ona bildirmədiyinə görə yaxşı tütünü qiymətləndirən Kobadan möhkəm inciyibmiş.
Nə isə. Çox axmaq hökumət imiş. İran və Türkiyə kimi ölkələrin sərhədlərini su yoluna döndərə bilən ibtidai təhsilli bir vətəndaşını sərhədi pozanda, malları qızıl onluqlara dəyişəndə deyil, evində oturduğu yerdə tutub həbsxanaya salır, ələ keçən var-dövlətini "müsadirə" edirlərmiş. Nə var ki, evində taxt qurub otururmuş. Müsadirə sözünü parantezlə yazmağım əbəs yerə deyil. Çünki evdən çıxan külli miqdarda qızılların beşdəbir hissəsi hökumətə təhvil verilirmiş. Məhkəmənin sonunda bunlar aydınlaşırmış və babam sonrakı taleyi üçün vəziyyətlə barışırmış. Əslində hökumətin ağlı olsaydı, onun "nadir istedadını" düzgün qiymətləndirərək, həbsxanaya deyil, kəşfiyyata göndərərdi...
...Babamın söhbətlərini, qəribə həyat tərzini, dörd arvad almasını, həbsdən qayıtdıqdan sonra da hökumətə işləməməsini, yalnız ovçuluqla dolanmasını unutmamışam. Və eyni zamanda təvəllüdündən azı 15-16 yaş cavan görünən 74 yaşlı qıvraq kişini o qısqaclı dəniz heyvanının "şərəfinə adlandırılmış" qorxunc xəstəliyin ikicə ayın içində nə günə qoyduğunu da unutmamışam. 1974-cü ildə...
Türkiyəyə daha yaxın olmaq üçün ilk dəfə babamın təsvir etdiyi Batumiyə getmişdim. Bu qədər yaxınlıqda yamanca darıxdım Batumidə. Sanki Türkiyə daha da uzaqlaşmışdı, daha əlçatmaz olmuşdu.
Əl çəkmirdim Qara dənizdən. Çünki o sahillərin suları bu sahillərə də nə vaxtsa gəlib çıxır deyə düşünürdüm. Növbəti dəfə Soçiyə getdim. Ancaq burada eninə bir dəniz məsafəsi mənə daha yaxın görünürdü. Mən Soçidə filmlərdən, fotolardan başqa heç vaxt görmədiyim Türkiyəni, ayrıca olaraq İstanbulu bir xəyal kimi də olsa tuta bilirdim. Soçini heç vaxt görmədiyim İstanbulun bir parçasına bənzədirdim. Yox, burada türklərin qədim tarixi, ucsuz-bucaqsız torpaqları, əfsanəvi döyüş yürüşləri və məhz yenə də əfsanəvi köçləri kimi faktlar bir elə rol oynamırdı. Sadəcə bu boyda Qara dəniz sahillərində axtarıb, axtarıb kiçik bir İstanbul qurmuşdum xəyal gücümlə.
Babamla mənim dünya görüşüm onsuz da heç bir istiqamətdə uzlaşa bilməzdi. Ancaq nə qədər qəribə görünsə də Bakıdan yığışıb mənimlə babamın dəfninə gələn səkkiz nəfər, o cümlədən adını heç vaxt çəkmək istəmədiyim həmin şəxs - hamımız "pantürkist" adlanırdıq.
...1978-ci il. İkinci dəfədir ki, Soçiyə gəlmişəm. Üç gün "Leninqrad" mehmanxanasında qaldıqdan sonra Qaqarin küçəsində ev tutub xaricilərə görə daim nəzarətdə olan, yalnız sovet vətəndaşlarına tətbiq edilən qeyri-müəyyən məqsədli "mədəni" yoxlamalar aparılan bu rəsmi yerdən uzaqlaşdım. Kiçik həyəti olan birmərtəbəli evlərin bir-iki otağı kirayə verilirdi. Pəncərəsi həyətə baxan otaqda qalırdım. Dənizə, tanışlarla görüşə, axşamlar restorana gedirdim, bəzən şəhəri piyada gəzirdim. Dəniz, dağ, meşə, çay, yaraşıqlı küçələr və binalar... Hər gün azı iki-üç saat dəniz kənarında tənha dayanıb o biri sahilə - Türkiyə tərəfə baxmağımın mənasını heç kəs duya bilməzdi. Heç kəsin ağlına gəlməzdi bu gənc adamın düşündükləri. Bəlkə xəstəyə, dəliyə oxşadırdılar, bəlkə melanxolikə, ya bəlkə də heç görmürdülər onu, görə bilmirdilər. Bəlkə də Herbert Uelsin "görünməz adamı" ədəbiyyatdan, romandan çıxaraq gerçəyə çevrilib? Və sonda nəyə görə bu adam, bu "görünməz adam" həsrətini çəkdiyi yerlərə keçib gedə bilmir? Nəyə görə Moskva televiziyasının məşhur səhayətçi-jurnalisti Yuri Senkeviçə acığı tutur. Və deyinir ki, "dünyanın hər yerini" gəzib dolaşan bu xoşbəxt insan bircə dəfə Türkiyəyə, İstanbula gedib nəyə görə ordan bizi salamlamır?
Yox, elə deyil, sadəcə heç kim bu adamı başa düşmür, anlamır, tanımır...
O, yenə də sahildə durub uzaqlara baxır. Bu dənizin, sonra da Trabzonun, Samsunun... üzərindən keçib İstanbulu görür, dünyanın mərkəzi bildiyi müqəddəs şəhərə can atır. Suya atılıb bir türk gəmisinə çatana qədər üzmək, üzmək istəyir. Ya da insan dilini bilən bir delfinlə qucaqlaşıb onu İstanbula aparmasını arzulayır. Bəlkə bir balıqçı toruna düşüb ov kimi "xilas olmaq?" Yox, ən yaxşısı İxtiyandıra çevrilməkdir. Sonra Qutteraya rast gəlmək, onu sevmək, sahilə yan aldıqda isə seçim etmək: Quttera, yoxsa İstanbulun mamırlı bir daş parçası?
Daş parçası! Bütün gözəlliklərə, sevgilərə xəyanət edib də İstanbulu seçmək...
Bu xəyallardan başım gicəllənib qəfil dənizə düşsəm əgər...
Kirayə qaldığım evdə tək olanda hərdən tranzistorumu qurdalayıb TRT-ni ya uzun, ya da qısa dalğalarda tutub xəbərləri dinləyirəm, türkülərə, şarkılara qulaq asıram. Qonşuluqda bir erməni ailəsi qalır. Ər-arvad və iki uşaq. Yerevandan gəliblər. Hərdən mənimlə salamlaşıb keçirlər, qonşuyuq axı. Mən bir neçə dəfə Türkiyəni dinləyərkən həmin erməni kişini ya evdən çıxan, ya da evə gələn görəndə tranzistorun səsini azaltmışdım. Bir dəfə həmin o erməni ayaq saxlayıb təmiz Azərbaycan dilində söylədi ki, buna ehtiyac yoxdur, mənim də türk musiqisindən xoşum gəlir. Sonra biz daha yaxından tanış olduq. Heç demə Sandro Behbudyan soyadlı bu şəxs nə az, nə çox, Ermənistan KP Mərkəzi Komitəsində şöbə müdiri işləyirmiş. Özü də ideologiya üzrə.
Onu Azərbaycanın yüksək təbəqələrində tanınan və içilən açıq Yalman konyakına qonaq etdim. İçdikdən sonra heyrətə gəldiyini dedi və gedib iki butulka "Axtamar" gətirib mənə pay verdi, zarafatla əvəzində bircə stəkan Yalman konyakı istədi. Bu erməni ziyalısı öz hərəkətləri ilə məni yaman təəccübləndirmişdi. Konyakımdan hələ 7-8 butulka qalmışdı. Üç butulkasını götürüb Sandro müəllimə verəndə min dillə etiraz etsə də, axırda birini tərəddüdlə götürüb xeyli təşəkkür etdi. Hətta Yerevan ünvanını, iş və ev telefonunu verib məni indidən qonaq çağırdı.
İki gündən sonra onlar heç görüşmədən (bəlkə də mən evdə olmaram zənniylə), çıxıb getdilər.
Onda bəs bu jest nəyə görə idi?
Bunu sonralar fikirləşmişəm, o vaxtlar mən belə bir araşdırıcı lüksə malik deyildim doğrusu.
... Ayaz həkimlə birlikdə gedib Çırağan tərəflərə çıxmışıq. Arada məndən ayrılıb uzaqlaşmağını da hiss etmirəm. Çünki yenə də sahildə dayanıb keçmişdə qalan o uzaq illəri, əhvalatları xatırlayıram. Və yenə də sanki harada olduğumu unudub İstanbulun həsrətini çəkirəm...
1978-ci ilin noyabr ayında "Başdaşında adın hanı?..." adlı bir məqalə yazmışdım. Uzun illər heç bir qəzet və jurnal o məqaləni verə bilmədi. Heç kim sovet senzurası ilə çiling-ağac oynamaq istəmirdi. Baxmayaraq, burada əsas mövzu inqilabdan əvvəlki illərə aid idi. Ermənilərin xəyanəti, türklərin xilaskarlığı... Dərc etmək mümkün olmurdu. O vaxtlar rayon qəzetlərini senzura birbaşa nəzarətdə saxlamırdı. Senzuradan kənar yazılar, yəni müəyyən "qanun pozuntuları" sonradan üzə çıxırdı və gizlin cəzalar verilirdi. Nəhayət, 1982-ci ildə Göyçayda çıxan "Yeni həyat" qəzetində redaktorun məzuniyyətdə və yəhudi millətindən olan veteran redaktor müavininin kəndə partiya iclasına getdiyi məqamda həmin məqaləni özüm üstündə durub səhərə "sağ-salamat" çıxmasını təmin etdim. Yeni ailə qursam da, heç nədən qorxmurdum, fikirləşirdim ki, nə olur olsun...
Əvvəllər heç nə baş vermədi. Sonradan isə gizlin şəkildə bir neçə istiqamətdən bu hərəkətimin cəzaları ilə "mükafatlandırıldım".
Mən nə yazmışdım axı?
Sonralar "Ədalət"də dərc olunan və "Uembli arayışı" kitabında yer alan həmin məqalədən bəzi hissələri ixtisarla xatırlatmaq istəyirəm. Yəni 1978-ci ildə qələmə alınmış nostalji bir elegiyanı. Türkiyədə, İsveçdə, Norveçdə, Hollandiyada, Şimali Kiprdə və başqa bir neçə ölkələrdə də kiçik auditoriyalarda oxunub bəyənilən bu ağrılı məqaləni...

***

"...Bu dərə, bu yamac, bu da başdaşı. Ardıc kollarının xoş qoxusundanmı, bir qaya parçasının mamırındanmı, çiçəklərin işığından, kəpənəklərin qanad-qanad azadlığındanmı - öncə inanmazlar, inanmazlar heç! Ancaq yolu düşən yan keçə bilməz, çəkər sükutuna, çəkər bu məzar...
... Burdan keçən ayaq saxlar. Dayanıb bu məzarın önündə tənhalığa qovuşar. Hərdən-hərdən canda-qanda oyanan bir kədərlə üz-üzə, nəfəs-nəfəsə qalar.
Dağlardı, ağaclardı, göylərdi, bir də tənha məzar... Gündüzlər bu məzarın keşiyini elə bu dağlar, bu ağaclar, bu sular çəkər. Göylərin yağışı göz yaşları tək göyərdər, oyadar qan yaddaşını... Gecələr ulduzlar qoruyar onu, Ay işığı çəkər keşiyini, Ay orağı biçər, biçər yuxularını... Aylı-ulduzlu gecələrdə bəyaz bir yuxu kimidir bu yerlər. Hərdən-hərdən bu bəyaz yuxuların telli qovaqları səksənər. Diksinər, uçunar telli qovaqlar: əlləri diksinər, gözü diksinər, dodaqlarındakı sözü diksinər - uzaq-uzaq illərin güllə səsinə. Düşmən gülləsinin pusqudan uçan səsini, bir ər oğulun çinar kimi qopmasını, o igidin son şərqisini bizlərdən çox bu dərə, bu yamac yadda saxlayıb".
"O ağrıları kim unutdurdu bizə? Kim unutdurdu o xəyanətləri? Onda erməni xainlərinin basqınları Şirvanı da bürümüşdü. Tayqulağın tör-töküntüləri bir gün də xilaskar türk əsgərlərinin qorxusundan qaçıb dağlara çıxıblarmış. Şəhərimi topa tuturlarmış. Fatehlər elindən köməyə çatan qardaşlarımız quldurları susduranacan şəhərə, adamlara nə qədər acılar gəlib, nə qədər qan tökülüb. Xainlərin yuvasını dağıtmaq üçün dağlara qalxan xilaskarlar qan qardaşlarının uğrunda neçə-neçə candan keçib şəhidlər veriblər. Onlardan biri də bax, o Əlvan dərəsindəki tənha məzarda uyuyan igiddir.
Biz o məzarı unuda bilərikmi?
Deyirlər bu yerlərdən hələ də güllə, mərmi gilizləri tapılır. Deyirlər o türk oğlunun ruhu bu dağları gəzib dolaşmaqdadır. Deyirlər bu məzarın başdaşına üz tutub gecələr bir qurd ulayır..."
"Uca-uca duruşundan, bəy boyundan, yıldırımlı baxışındanmı qorxdular, arkadaş? Kol dibindən, yosma-yoluq pusqulardan atdılar, eləmi? Atəşlər saçan köksündən, şarkılar axan ürəyindənmi vurdular? Yıxılanda gözlərini kim qapadı, qəbrini kim qazdı? Nə olur, adını, soyunu bir daş parçasına oyammazdılarmı? Ərzurumdanmı gəlmişdin, yoxsa Karamandan? Mərmərədə üzmüşdünmü, Kızıl irmakdan keçmişdinmi? Paşam, sultanım - ulu dağlarımın daşa dönmüş göz yaşı!"
"...Düşmən hiyləsindən, düşmən gülləsindən qorxmayan igid, bu məzarın tənhalığı ruhunu üşüdürmü? Üşüdürmü dünyanın biganəliyi, yüz cür sifəti o təmiz, o saf ruhunu?
... Ud çalınsın, ney səslənsin bu məzarın başında. Türkülər oxunsun... Yunus İmrədən, Qaracaoğlandan qoşmalar gəlsin aylı-ulduzlu gecələrdə. Bəlkə son sözü göyərə, bəlkə bağışlana günahlarımız..."

(davamı olacaq)

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV