Rəhmətlik... futbol

ETİBAR CƏBRAYILOĞLU
33278 | 2014-07-19 03:11
Heç kef çəkməli əyyam deyildi. Yuxusuz gecələr, həyəcan, əsəb, bəzən də yüngülvari, bir balaca sevinmək kimi bir şey. Dünya Çempionatı başlamazdan öncə hamının öz çempionu var idi, hərə azarkeşlik etdiyi millinin futbol, kofe və karnavallar ölkəsində qalib gələcəyini düşünürdü. Çoxları da favorit kimi Braziliyanı göstərirdi, uzaq-uzaq yolar keçib Pelenin vətənindən kubok alıb aparmaq asan əmələ gələn işə oxşamırdı axı.
Çempionat başlayan ərəfədə Məzahir Əhmədoğlu ilə gündəlik axşam gəzintisində binamızın başına dolana-dolana az qala riyazi dəqiqliklə hesablama aparır, Braziliyada top götürüb qovacaq yığmaların durumunu müzakirə edirdik. Təxminlərimiz futbola hörmət gətirən Braziliya xalqının xeyrinə idi. Bizim düşüncələrimizə görə, çempionatın ev sahibləri hamını yola salıb kubokla baş-başa qala bilərdilər. Sonra ekzotik çimərliklər boyunca qaçıb sevinmək, ölkədəki irili-xırdalı sosial problemləri müvəqqəti də olsa unutmaq olardı. Belə problemlər dünyanın hər yerində var, bəs Dünya Kuboku necə? Onu ki, hər yerdə tapmaq olmur...g
Neymarın belindən zədələnməsi bizim mülahizələrin də belini qırdı. Parlayan ulduzun sıradan çıxmasının ardından futbol mövzusundakı müzakirələrimizin birində Məzahir Əhmədoğlu "Ədalət"in baş redaktor müavini kimi az qala tapşırıq verdi - təcili yeni dünya çempionu tapmaq lazımdı!
Almaniya millisi braziliyalı futbolçuları yeddi dəfə yerə çırpandan sonra XX Dünya Çempionatının dadı-duzu da qaçdı. Gündəlik gəzintimizdə futboldan danışmağa söz tapmırdım, elə bil Braziliya yığmasının üzləşdiyi faciəyə görə Skolari yox, mən günahkaram. Suçlu olanda söz tapmaq həmişə çətin olur. Məzahir bəy isə mövzuya yekun vurdu sanki: "Braziliya hansısa mistik qüvvələrin köməyi ilə məğlub edildi, kimlərsə bu ölkədən qisas aldı. İdmanın şahı futbol daha öldü, onun yerinə indi fikirləşib başqa bir idman növü tapacaqlar ki, şahın yeri boş qalmasın". Sonrakı günlərdə deyəsən futboldan heç danışmadıq, hər halda mən xatırlamıram. Məzahir bəy rəhmətliyin ruhuna toxunmaq istəmədi yəqin.
Dörd il həsrətlə gözlədiyim, bir ay sərasər həyəcanla izlədiyim Dünya Çempionatının belə dadsız sonluqla bitəcəyini düşünməmişdim. Almanlar sovetlərin acığını Braziliya camaatından, bu ölkənin dünyadakı bütün azarkeşlərindən çıxdılar. Bir zamanlar məğlub edib iki yerə böldüyümüz Almaniya hamıya meydan oxudu. Dünya Kubokunu və 35 milyon avro pul mükafatını da götürüb Braziliyadan getdi. Messi və onun yığmadakı oyundaşları da almanları saxlaya bilmədi.
Di gəl indi bundan sonra Berti Foqtsun qarşısına çıx. Vallah, hərdən mənə elə gəlir ki, çempionatın finalında almanlara qələbə gətirən topu Argentinanın qapısından Foqts vurdu. Azərbaycana gətirdiyimiz gündən "Burda mənəm, Bağdadda İŞİD" - deyən Berti müəllimin bundan sonra heç nə vecinə olmayacaq. Nə yığmamızın məğlubiyyətləri, nə də mətbuatın, idman cameəsinin tənqidi onun halını poza bilməyəcək. Kimdi bundan sonra alman məşqçiyə gözün üstə qaşın var deyən? Adamın ölkəsi Dünya Çempionu olub e, özü də düz Braziliyada, "Marakana" stadionunda...
Milli komandamızın oralara ayaq basacağını görmək bizə nəsib olacaqmı? Futbolun rəhmətə getməyi heç yerinə düşmədi. Alman Berti Foqtsun illərdən bəri söküb-yığdığı, yığıb-sökdüyü millimiz Braziliyadakı kəlləmayallaq vəziyyətdən istifadə edib FİFA reytinqində xeyli irəlilədi, 73-cü oldu. Futbolun yaxşı vaxtlarında heç 100-cü sıraya da çıxa bilmirdik, indi tərslikdən...
Hələ bu harasıdı, növbəti Dünya Çempionatı dörd ildən sonra Rusiyada keçiriləcək. Rusiyada, qapımızın lap ağzında... Biz Dünya Çempionatına gedə bilməsək də, çempionat özü bizə tərəf gəlir. Qədim xalq mahnımızın sözləri yadınıza düşdümü

Sən gəlməsən, özüm gəlləm...

Vallah, hamısı işin tərsliyindəndi, nahaq mahnıdan söz saldım. İdmanın o boyda Şahı rəhmətə gedib, heç oxumaq vaxtıdı...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV