adalet.az header logo
  • Bakı 13°C

DALAQSANCMALAR

OQTAY SALAMOV
21626 | 2007-07-03 04:14
Mən tibb işçisi deyiləm və dalaq xəstəlikləri haqda məlumatım sıfırdır. Amma xalq məsəlindən xəbərim var, bilirəm ki, sürüşkən bir söz olanda, nəyinsə üstünü malalamaq cəhdləri olanda və qarşı tərəf bunu başa düşəndə deyir ki, bunu eşidəndə mənim dalağım sancmışdı, yəni şübhələnmişdim. Zamanın elə kəsiyidir ki (ay can-ay, can ifadənə quzu kəsim, ayə), olanla təqdim olunan arasındakı fərqə görə adamın dalağı elə bir qıraqdan sancır. Tələsməyin, sübutalnı-dokumentalnı hamısını bircə-bircə yazacam. Bunlar hələ mənim dalağımı sancanlardır, görün sizdə nələr var.
   
   Təhsil nazirimiz bildirib ki, Bakı şəhərindəki 60 saylı orta məktəb söküləcək və yerində müasir tələblərə cavab verən orta məktəb tikiləcək. İlk baxışda qəribə heç nə yoxdur. Bəs mənim dalağım niyə sancır? Bəlkə məktəbin "Hyatt Recensi" mehmanxanalarının yaxınlığında yerləşdiyinə görədir, hə? Yəqin helə olar, heç ağlım kəsmir ki, orada təzədən orta məktəb tikələr. Oralarda indi torpaq kavdrat santimetrlə qiymətləndirilib satılır. Olsa-olsa, orada orta yox, qıraq məktəb tikərlər. Yəni, ya bizim xaricilərin, ya da xarici bizimkilərin balalarını əyləndirmək üçün, yüksək ixtisaslı kadrların cəlb edilməsi ilə lazımi məsələləri öyrətmək üçün gözəl, özəl bir qıraq məktəb. İnanmırsınız? Yaşayanlar görərlər...
   
   Təhsildən söhbət düşmüşkən, dalağımın sancdığı bir məqamı da söyləyim: "Təhsil haqqında" yeni qanun qəbul olunsa (şəkkaka lənət, yəni qəbul olunmaya da bilər?), Tibb Universitetini bitirənlərin mütəxəssis hazırlıq müddəti də ixtisasdan asılı olaraq uzadılacaq. Yəni indi Tibb Universitetini bitirənləri bir il müddətində mütəxəssisliyə hazırlaşdırırlar, yeni qanunla bu müddət 2 ildən 5 ilədək uzadılacaq. Dalağım iki məsələdə sancır: görəsən "Təhsil haqqında" yeni qanunla orta ömür həddini də uzadacaqlarmı? Çünki şagird 11 il məktəbdə oxumalıdır, hələ istəyirlər 12 eləsinlər, sonra tanış, borc-xərc - universitet. Buranın da təhsil müddətini artırmaq istəyirlər. 7 il tələbəliyin bütün yollarını keçəndən sonra 5 il də mütəxəssis hazırlığı, kişilər bu arada 1 il əsgər gedir, qadınlar analıq məzuniyyəti, bir sözlə 35-40 yaşında ixtisaslı gənc mütəxəssis, orta yaş həddi də hamınız bilirsiniz. Diplomu al, çıx pensiyaya... Dalağımı sancıdan ikinci məsələni lətifə ilə çatdırım: Ruslar beynəlxalq sərgiyə hər yerdə gəzə bilən (vezdexod) yeni bir maşın nümayiş etdirirlər. Hamı maşının parametrlərinə heyran qalıb - suda gedir, bataqlıqda gedir, dağda gedir, dərə-təpədə gedir... Təkcə yaponlar mat-mat çiyinlərini çəkib deyirlər: "Bu ruslar bu qədər xərc çəkib vezdexod düzəldincə yollarını düzəltsələr olmaz?".. Yəni ki, oxuyan vaxt tələbəni mütəxəssis kimi hazırlamaq olmaz? Dalağımızın şikayətini mütləq pensiyaçı həkimlərə eləməliyik?
   
   41-45 müharibəsində əsir düşənləri Sibirə göndərirdilər. Ömürlərinin qalanını da orada həbsdə keçirirdilər. Dünən daha bir əsir düşən Azərbaycan əsgərinə hökm oxundu. Yeni il günü (31 dekabr) erməniyə əsir düşüb 16 yanvarda əsirlikdən azad edilən Eldəniz Nuriyev dövlətə xəyanət maddəsilə 12 il azadlıqdan məhrum edilib. Dalağım 16 gün əsirlikdə qalan əsgərin 12 il iş almasından yana sancmır, xəyanətə aman yoxdur və olmamalıdır! Amma bu əsgərə nəyə görə bu qədər sirr etibar eləyiblər ki, cəzasını bu qədər ağır eləyirlər? Deyəsən əsir düşmüş digər əsgərimiz Samir Məmmədov ətrafında gedən söz-söhbət dalağıma nahaq təsir eləmir axı...
   
   "Turan" informasiya agentliyinin eksperti İlham Şaban İranda benzin satışına kvota qoyulması olayını şərh edəndə deyib ki, "İrandakı benzin qiyamı Azərbaycanda gözlənilmir". Səbəbini də belə izah eləyib ki, "məhdudiyyətlər qıtlıq zamanı qoyulur, bizdə isə qıtlıq yoxdur". Yəni İran BMT-nin sanksiyalarından çəkinərək ayda hər sürücüyə 100 litrdən artıq benzin satılmasını qadağan edir. Mən iqtisadçı deyiləm, amma dalağım sancır ki, İranda benzinin qiyməti çox ucuz olduğu üçün onu çıxarıb qıraqda baha satırlar. Azərbaycanda isə benzin o qədər bahadır ki,bu qiymətə onu heç amerikalılar da almaz. İrandakı benzin qiyamı Azərbaycanda əlbəttə gözlənilmir, camaat dəli-zaddır bəyəm?..
   
   Vardan Oskanyanın yenə mənim dalağımla qəsdi var deyəsən: deyib ki, "Əvvəl etimad əldə edilməlidir, əks təqdirdə güzəştlərə nail olmaq mümkünsüzdür". Ay el, ay oba, ay millət, mən başa düşmürəm, söhbət hansı güzəştdən gedir? Ay başınıza dönüm, 15 ildir torpaqlarımızı istismar eləyirlər, bizi yerimizdən-yurdumuzdan eləyiblər, urvatsız, itdəndüşmə olmuşuq, susuruq- bəyəm bunlar güzəşt deyil? Deyilsə, onda mənim dalağımın müalicəsi ancaq xaricdə mümkün olacaq, imkanlı adamlar...
   
   İtaliya prezidenti Corcio Napolitanonun arvadı, 72 yaşlı Klio xanımı maşın vurub. Mənim dalağım ona görə sancmır ki, niyə İtaliyanın birinci xanımı cangüdənsiz gəzir, heç ona görə də sancmır ki, 72 yaşlı arvadın maşın yolunda nə işi var. Dalağım ondan sancır ki, xanımı vuran maşının sürücüsü də qadın imiş. Sizin dalağınız sağlamdır?..
   
   Dünya Bankı da Azərbaycandan razı qaldığını bildirib. Deyir pensiya islahatlarını yaxşı keçirmisiniz. Dünya Bankı Əzrayıl kimi bir təşkilatdır, bizim balamıza dəyməsin, onun verdiyi balaya ehtiyacımız yoxdur. Qorbaçova da Sülhyaratma üzrə Nobel Mükafatı vermişdilər. Yazıq dalağım, gözümlə, qulağımla müqavilə bağla, səni ağrıdan xəbərlər verməsinlər, yoxsa məhv olacaqsan...
   
   
   
   

TƏQVİM / ARXİV