adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2014 00:41
16172
ƏDƏBİYYAT
A- A+

Ölüm, qurtar gordan məni

Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb "babı"dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.


Ay gedən, əylən

Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar,
Gümandı, ay gedən, əylən.

Gülə can verən arıyıq.
Yönu sevdaya sarıyıq.
Ölüm heç nədi, ayrılıq,
Yamandı, ay gedən, əylən.

Açıb yasəmən kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən, əylən...

***

Zər ilə qoşa atıldım,
Nərdi başa düşmədim.
Namərdi başa düşdüm,
Mərdi başa düşmədim.

Nə ağırmış söz işi,
Söz işindən göz işi,
Sevinc qaçdı öz işi,
Dərdi başa düşmədim.

Yolları daşa düşdüm,
Bir ömür qışa düşdüm,
Eh... birdə başa düşdüm,
Birdə başa düşmədim.

***

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

***

Gedəsiydim bu şəhərdən vaxtında ,
Ürəyimi bada verdim, getmədim.
Arzuların qanadında uçurdum,
Qanadları oda verdim, getmədim.

Üzə durdum, qürbət eldə ölmədim,
Ölmədimsə, ürəkdən də gülmədim.
İşıq gələn div eviymiş, bilmədim,
Səs gələnə səda verdim, getmədim.

Ayrılıqmı, aydınlıqmı qoxur dan?
"Dilqəmi"mi, "Ruhani"mi oxur dan?
Məndən ötrü göz yaşları axıdan,
Yurd yerini yada verdim, getmədim.


MƏN BAKIYA OXUMAĞA
GƏLMİŞDİM

Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.
Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.
Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.
Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda -
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.

***

Bir ömür yaşadıq qalsın ağlara,
Yarısı ehtiyac, yarısı sərxoş.
Dastanlar uydurduq qoca dağlara -
Çiçəyi havalı, arısı sərxoş.

Dağlar dözəmməyən dağlara dözdük,
Haqqı özümüzdən qıraqda gəzdik,
Tufanlar addadıq, dənizlər üzdük,
Bərisi nəşəli, anrısı sərxoş.

Müsəlman, çay yatıb, çırman, yeri di,
Çınqıllı yoxuşdu dırman, yeri di.
Bizim Azərbaycan xırman yeridi,
Bildirçini səydi, darısı sərxoş.

***

Şəhla gözlərin tufanı,
Buludu adam öldürür.
Bütün mürvəti, insafı
Unudub adam öldürür.

Bülbülü oyadır səsi
Gülü titrədir cilvəsi
İşi-gücü, vəzifəsi
Uludu - adam öldürür.

Gül öldü arıdan deyil,
Gül yara sarıdan deyil.
Bir kəsi yarıdan deyil -
Umudu adam öldürür


Arxadaş

Məmməd Dəmirçioğluna

Bütün yollar dolanıban dünyanı,
Kəndə dönür, kəndə dönür, arxadaş,
Üz çevirməz bəndəsindən yaradan,
Bəndə dönür, bəndə dönür, arxadaş.

Yanar ocaq birdəfəlik ha sönmür,
Kül altında qor illərlə görünmü,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür, gündə dönür, arxadaş.

Qara qoçun sabahı yox, sabahı,
Qara acın pənahı yox, pənahı.
Qara sacın günahı yox, günahı,
Kündə dönür, kündə dönür arxadaş.

Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi, nə saya.
Yer fırlanmır, nə Günəşə, nə Aya,
Səndə dönür, səndə dönür, arxadaş.

Nə yatıbsan bu sərində, kölgədə,
Səni gəzir Ağrı dağı bəlkə də,
İmanlısı Akif olan ölkədə
Din də dönür, din də dönür, arxadaş.


"Şuşaya gedə bilmirəm"

Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm....

Akif Səməd