adalet.az header logo
  • Bakı 18°C

HANSI DOĞRUDUR?..

BABƏK YUSİFOĞLU
37461 | 2014-07-17 00:19
Bir çoxlarımız sürəkli olaraq dünyadakı islam ölkələrinin hansı səbəblərə görə xristian dövlətlərindən inkişaf, tərəqqi baxımından geri qaldığını düşünürük. Uca Tanrı xəlq etdiyi İnsanların hamısını eyni, bərabər yaratdığı halda müsəlmanlar niyə hər hansı problemini yüz illər boyudur həll edə bilmir? Əgər onu da nəzərə alsaq ki, islama tapınan xalqlar digər dinlərə aid millətlərin bir çoxundan daha zəngin, daha münbit torpaqlara malikdir, onda indiki halımız daha açınacaqlı görünər.
Əlbəttə, bu geniş mövzunun haqqında cild-cild kitablar yazıla bilər. Və səbəbləri haqqında fəlsəfi, məntiqi təhlillər aparmaq da olar. Və əslində bu vacibdir də. Amma indi qəzet səhifəsində məhdud imkanlar üzündən mövzunun yalnız bəzi məqamlarına diqqət yönəltməklə kifayətlənirəm.
Bildiyimiz kimi hazırda ayların sultanı kimi dəyərləndirdiyimiz ayın içərisindəyik və müsəlmanların çox böyük əksəriyyəti oruc tutur, Allaha ibadətlərini daha sıx, daha mükəmməl yerinə yetirmək üçün hər kəs çaba göstərir. Bəzi din xadimlərimiz də, bu mübarək ayın mahiyyətini hər kəsə anlatmağa çalışırlar. Və mən də dua edirəm ki, Haqqı-Təala heç bir alt məqsədi olmayan bütün insanların tutduqları orucu qəbul eyləsin. Amma niyəsə XXI əsrin müsəlmanı yenə də oruc kimi müqəddəs bir ayinin böyük, ilahi mahiyyətini anlamağa cəhd göstərmək əvəzinə elə şeylərlə maraqlanır ki, heyrətlənirsən.
Qəribədir, XX1 əsrin bir çox müsəlmanları bilmək istəyirlər: ağlamaq orucu pozur, yoxsa pozmur? Ağızı suyla yaxalamaq, ağıza tozun getməsi, asqırmaq, öskürmək, möhürü öpmək... orucu batil edir, ya etmir? Hətta elələri də var ki, yuxuda yemək yeməyin, su içməyin də oruca xələl gətirbi-gətirmədiyinin təhlilini, müzakirəsini aparır. Və kimlərsə uzun-uzadı bu məsələlərdən danışılaraq insanların hər il dönə-dönə eşitdiyi söhbətləri təkrarlayırlar.
Bu günlərdə həm özümüzün, həm də Türkiyə KİV-inin bununla bağlı bir çox verilişlərini, aparılan müzakirələri dinləmişəm. Və niyəsə əksər din xadimləri orucluğu nəfsin sınağı, il boyu insan orqanizmində yığılıb qalmış nələrinsə təmizlənməsi və s. kimi dəyərləndirməyə çalışırlar. Yeməklərdən daha çox bəhs edilir. Hətta bu cür təbliğatlar bəzən orucluq qidalarının reklamı həddinə belə gətirilir. Bəzi başbilənlər hər hansı bir ibadətdən bəhs edərkən hətta hansısa məlum və ya qeyri-məlum dini kitab müəlliflərinin adını çəkərək dediklərinə elmi məzmun da verməyə çalışırlar. Yəqin siz də bilirsiniz, indi bir çoxları namaza həm də idman kimi baxmaqdadır.
Tanrıya ibadəti, müqəddəs dini ayinləri, müsəlman üçün vacib sayılan hərəkətləri belə izahlarla adiləşdirmək doğru deyil. Əgər bilmədiyimiz məqamlar varsa özümüzün məntiqinə uyğun yorumları digərlərinə sırımaq məncə günah sayılır. Niyə biz 1400 ildir müqəddəs Kitabımız "Qurani-Kərim"də insanlara elmin öyrənilməsi, haramın günah olması, bərabərlik fəlsəfəsi, insan azadlığı, qadın hüquqlarının müdafiəsi, xeyirxahlıq ideyaları, Tanrıya sevgi... haqqında buyurulanları, fikirləri, tezisləri öyrətmək və öyrənmək əvəzinə, yalnız hürafatı təbliğ etmişik? Niyə İslam həyat, yaşamaq, gələcək, doğruluq, bərabərlik, ümid, inam, xeyirxahlıq dini olduğu halda, biz onu yalnız qəbiristanlıq işləri, ölüm ayinləri... səviyyəsinə endirmişik?
Əslində isə oruc tutmanın və eləcə də bütövlükdə müsəlman üçün vacib sayılan bütün dini ibadət aktlarının mənəvi, dini, ilahi dəyərlərindən daha çox məlumat verilməli, insanlara "Qurani-Kərim"in işığı, elmliyi, Allah kəlamlarının nuru, İnsan oğlunun harada və necə daha rahat, doğru yaşayacağına dair göndərdiyi ayələrin mahiyyəti anladılmalıdır. "Dini biz daha yaxşı bilirik" deyən dinçi alimlər, "Qurani-Kərim"i daha çox oxuduqlarıyla öyünən insanlar Tanrının Məhəmməd peyğəmbər vasitəsiylə göndərdiyi müqəddəs dinimizi məzhəblərə bölmədilərmi? Böləndən sonra cürbəcür kitablar yazaraq özlərinə haqq qazandırmadılarmı? Elə isə Allahın göndərdiyi dini təriqətlərə bölmək ağır günah sayılmırmı? Məgər mömin bəndəlik təriqət yaratmağın lisenziyasıdırmı?
Türkiyənin ən məşhur ilahiyyatçı alimi, filosofu Yaşar Nuri Öztürk bir dəfə televiziya vasitəsiylə Quranı, islamı anladarkən təxminən belə demişdi. "Min illərdi dini özlərinə uyğunlaşdıran "dinçilər" müsəlmanlara "Qurani-Kərim"i yox, hurafatı öyrədiblər".
Bir tamaşaçının - "Hocam, öncə kitabları öyrənmək lazımdı, yoxsa Quranı?" sualını o, tərəddüd etmədən belə cavablandırmışdı. "Öncə kitabları" (elmi öyrədən kitablardan söhbət gedirdi). Bu cavabdan hətta teleaparıcının şaşırdığını görən Öztürk əfəndi sözlərinə çox sadə bir izah vermişdi: "Cahil bir adamın Quranı anlamadan yüz kərə oxumasından nə fayda ola bilir ki? Onlar (yəni, Qərb dünyası) əvvəl kitabları, sonrasa "İncil"i öyrəndiyi üçün belə inkişaf ediblər, bizsə kitabları deyil, 1400 ildir anlaya bilmədiyimiz Quranı oxuduğumuz üçün bu gündəyik". O, haqlı deyilmi?..
Bəlkə, biz dırnağımızı kəsərkən hansı barmaqdan başlamağımızın, tozun ağıza daxil olmasının orucu pozub-pozmayacağının, namaz qılarkən əllərin yanda, yaxud öndə tutulacağının, namazda alının möhürə möhkəm sıxılıb və ya sıxılmamasının vacibliyinin...g müzakirələrini aparmaqdansa hər birimiz yalnız Orucluqda deyil, yaşamımızda, gündəlik həyatımızda çalışmalıyıq ki, halalı harama qatmayaq, haqqı nahaqqın ayağına verməyək, doğrunun qarşısını kəsib yalana yol açmayaq, cahilliyə yenilərək kamilliyə, elmə xor baxmayaq, nəfsimizin qulu olub şükranımızı axsatmayaq, bütün nemətlərin Allah tərəfindən bizə bəxş edildiyini bir an belə unutmayaq. Əsas olan bunlardı...g
Və onda tozun ağıza daxil olaraq tutulan orucu pozub-pozmayacağını düşünməyəcəyik. Tanrının yaratdıqlarının əşrəfi sayılan İnsan kimi var olacağıq...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV