adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MÜƏMMALARIN İNSANI...

BABƏK YUSİFOĞLU
30488 | 2014-07-15 01:43
Tanrı bu dünyanı bizim təsəvvür edə bilməyəcəyimiz həddə rəngarəng yaratmışdır. Mövcud olanların oxşarı, bənzəri, təkrarı var, lakin heç bir halda tam ideal şəkildə eynisi yoxdur.
Digər yaradılmışlar kimi elə insanlar da zahirən bir-birinə nə qədər bənzər olsalar da mahiyyətcə haradasa fərqsiz deyillər. Hətta onlar görünüşcə tam eyni olsalar belə məzmunca, mahiyyətcə eyniyyət təşkil etmirlər. Bəlkə də elə buna görədir, bəşər övladının fərqlilik istəkləri, fərqlilik axtarışları bitib-tükənmək bilmir: seçilmək üçün yarışır, axtarır, yaradır, səyahət edir, düşünür, bir sözlə dayanmır. Və görünür ki, əbədi hərəkətin bir stimulu da buradan başlayır.
Əlbəttə, bəzən insanların oxşarlıqları kimi onların fərdi xarakterlərindəki bənzərsizlikləri elə bir səviyyədə təzahür edir ki, ardınca təbii şəkildə uzun illər sürən fərqlilikləri ardınca çəkib gətirir. Hamıya qəribə görünən hallar ortaya çıxarır. Yaradıcı insanlar yaratdıqlarıyla hər kəsə fərqli nələrsə çatdırmaq üçün çaba göstərməyiblərmi?..
Elə Kastaneda və onun kimilərin... qəribəliyi özlərindən sonra bənzərsizlik aləminə çevirilmədimi? Hələ indi də belə rəngarəngliklərin dəqiqləşdirilməsi aparılmırmı? Dünyanın, elə həyatın İlahi özəlliklərindən biri də elə bu deyilmi? Məncə bütün hər şeyi Allah belə istəmişdir...
Bəs xatırladığım Kastaneda kimdi?..
Tam müəmmaya dönmüş bənzərsiz bir gerçək...

(Əvvəli qəzetin 8 iyul sayında)


Budəfəki səyahəti0 vaxt baxımından əvvəlki qədər davamlı olmasa da bir xeyli çəkdi. Və 1971-ci ildə şəhərə gələn Kastanedanın ikinci kitabı - "Fərqli reallıq" işıq üzü gördü. Amma Karlos Sezar Arana o qədər material toplamışdı ki, onları bir-iki kitabda ifadə etmək mümkün deyildi. 1972-ci ildə çap olunan "İkstlana səyahət" də böyük əks-səda doğurdu. Əsərlərində maraqlı dillə bəhs edilən hadisələrin, obrazların gerçək, yaxud əfsanə, uydurma, olduğunu anlaya bilməyən pərəstişkarlarısa Kastanedanı oxumaqdan yorulmur, qeyri-adi hadisələrin təsvirinin, mistik yorumların təsirindən qurtulmağı bacarmırdılar. Yeri gəlmişkən, onun tenseqrit təlimləri dütün dünyada məşhurlaşmışdı...g

NÖVBƏTİ ELMİ DƏRƏCƏ VƏ CƏMİYYƏTDƏN ÇƏKİLMƏ...

"İkstlana səyahət" əsərindən sonra Sezar Arana doktorluq dərəcəsini də aldı. Bir qədər sonra bu qeyri-adi yazarın həyat tərzi daha da dəyişdi. Onsuz da başqalarını təəccübləndirəcək, heyrətləndirəcək formada ömür sürən Kastaneda daha sirli bir obyekt olmağa başladı.
Kahinlərə, şamanlara xas ritualları yerinə yetirən yazıçının artıq özünəməxsus həyat fəlsəfəsi, fərqli dünya görüşü formalaşmışdı. Hətta onu bir qədər yaxından tanıyanların çoxu iddia edirdi ki, Kastaneda magiya ilə də məşğul olur, insanları sehrləyir. Bəziləri isə onda ilahi bir vergi olduğunu deyirdi. Elələri də vardı onların iddiasına görə, Karlos Kastaneda hindu şamanların daim işlətdiyi narkotik tərkibli otlar və bitkilərdən daha çox istifadə etdiyi üçün real düşünmə qabliyyətini itirib. Hətta 1965-ci ildə keçirdiyi psixoloji stressin bu səbəbdən baş verdiyini isarar edənlər də vardı.
Onun sürəkli olaraq insanlardan kənar durmağa başlaması, jurnalistlərlə görüşdən qəti imtina etməsi, özü haqqında, məşğuliyyəti haqqında hər şeyi qapalı saxlaması Kastanedanı əsl müəmmaların insanına çevirmişdi. Bioqraflar da yazırlar ki, o hətta şəklinin çəkilməsinə, səsinin lentə yazılmasına belə yasaq qoymuşdu.
Amma görünür bütün bunlar da kifayət etməmişdi. Çünki 1970-ci ildən başlayaraq Karlos Kastaneda ümumiyyətlə özünü bütövlükdə cəmiyyətdən təcrid elədi. Bütün ətraf mühitlə əlaqələrini qəti şəkildə kəsən müəllif ən zəruri məqamlarda yalnız vasitəçilərin köməyindən yararlanırdı.
Bəzi insanlar yazıçının bu davranışlarla ictimaiyyətin diqqətini daha çox çəkmək istədiyini söyləsələr də sonradan məlum oldu ki, belə iddialar kökündən yanlışdır. Çünki bu özünütəcrid bir ay, bir il yox, hardasa 10 il çəkdi. Və etiraf etmək lazımdı ki, belə uzun zaman diqqət çəkməkdən çox unudulmağa səbəb olardı. Oxucularısa onu yaddan çıxarmadılar. Axı o, Kastaneda idi. Qəribəliklərə, fərqliliklərə bürünmüş Kastaneda...

YENİ ƏSƏRLƏR VƏ KASTANEDA FƏLSƏFƏSİ

Yazıçının don Xuan Matusla olan təlimləri davam edirdi. O öyrənir, yazır, müəlliminin mənsub olduğu "dəstə" ilə çalışırdı. Əsərlərinin pərəstişkarları, çoxsaylı oxucuları isə intizarla ondan yeni əsərlər gözləyirdilər. O da yorulmadan yazırdı. 1974-cü ildə növbəti kitabı - "Güc haqqında nağıl"ı işıq üzü gördü. Üç il sonrasa "Gücün ikinci təkəri"ni, "Qartal hədiyyəsi"ni (1981), "Daxili alov"nu (1984), "Səssizliyin gücü"nü (1987) və digər əsərlərini yazdı.
Kastanedanın əsərlərindən də aydın bilmək olur ki, onun mənsub olduğu dünya bizimkindən çox fərqlidir. Daha çox hindi mifologiyasından qaynaqlanan bu həyat fəlsəfəsində İnsanın daxili gücü, ona verilmiş ağıl və iradə, həyatın ilahi qanunlara bağlılığı... təsvir olunur.
Yazılarında istifadə etdiyi Naqval - Qoruyucu Ruh bütün canlılarda, İnsanda, ən çox da Şamanlarda var ola bilər. Müəllifə görə, Naqval mahiyyətcə Tonalyanın əks mənasındadır. Tonal vaxt, Naqval əbədiyyətdir, Tonal - həyat, dərrakə, Naqval - xarabalıq, ölümdür. Kastaneda yazırdı ki, əslində təklikdə Naqvalın nə olduğunu təsəvvür etmək mümkün deyil. Çünki Tonaldan Naqval törəyir. Onlar birlikdə mövcuddur. Əşyalar Tonal, hərəkət Naqvaldır.
Kastaneda naqval (Naqvalı müasir dillər ifadə etsək naqvalizm nəzəriyyəsi) haqda yazırdı: - əcəl zamanı insanın yalnız tonalı ölür, lakin onun naqvalı qalır; - İnsanın iki bağı - tonalı, yəni ağlı və naqvalı, yəni iradəsi var. Və "yol göstərən" olan daxili bioenerji bu energetik strukturun başqa bir elementidir. Bütün bu və ya digər fəlsəfi baxışlar Kastaneda transçendensizminin əsasını təşkil edirdi...
Ömrünün sonunadək yaradıcılığını davam etdirən Kastaneda 1977-ci ildən 1997-ci ildədək daha 8 kitabını nəşr etdirdi. Bioqraflarınn yazdığına əsaslansaq, həmin dövrlər Sezar Arana aktiv şəkildə magiya təlimləri ilə də məşğul olmuşdir. Və o, aktiv sosial həyata qayıtdıqdan bir neçə il sonra, 1990-cı ildə Koliforniya Universitetində işləməyə, mühazirələr deməyə başladı. Bundan başqa, maraqlananlar üçün pulsuz açıq seminarlar keçirirdi. Lakin arzu edənlərin sayı o qədər sürətlə çoxaldı ki, Kastaneda Birləşmiş Ştatların və Meksikanın müxtəlif şəhərlərində həmin seminarları ödənişli olaraq təşkil etməyə məcbur qaldı.

O ÖLDÜ...

Artıq bu məşhur antropoloq və filosofun səhhətində yaranan ciddi problemlər onu bəzi işlərinə ara vermək zorunda buraxdı. Amma onu da qeyd edim ki, yaradıcılığından tamam əl çəkdiyini demək doğru deyil. Çünki ölümündən bir qədər əvvəl - 1998-ci ildə iki kitabını çap elətdirdi. Əcəl onun hüzurundaykən belə Kastaneda söylədiyi fikirlər özündən sonra uzuzn diskussiya mövzusuna çevrildi. Müəllimi don Xuan Matusun digər insanlar kimi ölmədiyini, onun "daxilən yanaraq yox olduğunu" iddia edən yazıçı öz ölümü haqda belə demişdi: "Hər necəsə öləcəyimə inandığım üçün mən axmağam. Bu dünyanı eynən onun (Xuan Matusu nəzərdə tutulur. - red.) üsulu ilə tərk etmək üçün çox istərdim ki, mən də bir bütövlük qazanaydım. Təəssüf ki, buna da heç bir zəmanət yoxdur..."
Elə həmin ilin aprel ayının 27-də bu qeyri-adi insan əbədiyyətə qovuşdu. Amma qəzetlərdə onun ölümü haqqında xəbərlər təxminən iki ay sonra - iyunun 18- dərc olundu. Özünün istədiyi kimi, meyiti yandırıldıqdan sonra külü Meksikaya aparıldı. Bəli, Karlos Kastaneda öldü, amma ondan dünyanın 17 dilinə tərcümə olunaraq ümuni tirajı 8 milyonu ötən kitabları, təlimləri, ideyalarını davam etdirən tələbələri, "Cleargreen" kompaniyası, anlaşılmayan müəmmaları qaldı...g
Bir də yazıçının oğlu olduğunu iddia edərək məhkəmələrə baş vuran, lakin uzun çabalara baxmayaraq heç cür tamamlanmayan məhkəmə prosesləri qaldı. Deyilənə görə, bu cür təşəbbüslərin hamısı Karlos Sezar Arana Kastanedaya məxsus bir milyon dollardan artıq bir əmlaka sahiblənmək istəklərindən doğurdu.
Əslində onun haqqında kim əsl həqiqətləri bilirdi ki?..

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV