adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

CƏDDİNƏ QURBAN OLUM...

FAİQ QİSMƏTOĞLU
68895 | 2014-07-12 05:47
Dünyada elə insanlar var ki, Allah-Təala onlara öz nurunu, işığını və qeyri-adi mükafatlarını bəxş edir. O adamlar heç kimin yanında gözü kölgəli olmurlar. Allah-Təala o adamları yaradanda onlara böyük ürək, böyük qəlb bəxş edir..g
Bir neçə gün bundan əvvəl qardaşım mənə zəng elədi ki, bəs Seyidəli əmim bərk xəstələnib. Sözün düzü xəbər mənim qanımı qaraltdı. Çünki bu o Seyidəli kişidi ki, beş minillik tarixi olan Böyük Bəhmənli kəndində hamı onu el ağsaqqalı kimi tanıyır. Bir dava olanda, kimsə barışmaq istəməyəndə, nə qədər adam gedib bu davanı yatıra bilməyəndə, axırda deyirlər ki, Seyidəli kişi olmasa və o qapıya getməsə, qan davası yatan deyil. Seyidəli kişi də o qapıya gedir, ağsaqqalıq edir və qanı su ilə yuyur. Yəni bir-birinə düşmən olan hər iki şəxs barışır və qan davasını yaddan çıxarır...
...Seyidəli əmimin böyük oğlu Əbdürrəhimə zəng vurdum, kişinin vəziyyətini soruşdum. Dedi ki, bir aya yaxındı özünü yaxşı hiss eləmir, Bakıya gətirmişəm, bütün həkimlərə göstərmişəm. Mədəsində müəyyən problem var. Onu da bir müddət müalicə ilə aradan qaldırmaq mümkün olacaq. Əvvəl bizdə qalırdı, indi Əsgərgildədi. Əsgər müəllim də Seyidəli əmimin ortancıl oğludu. Mənimlə orta məktəbi bir sinifdə oxuyub. Çox təvazökar, mehriban və gözəl bir ziyalıdı.
Axşamüstü Əsgər müəllimgilə getdik. Həyat yoldaşım da Seyidəli əmimi çox istəyir. Həmişə nəzir deyəndə, çətində düşəndə onun cəddini çağırır və nəziri də qəbul olunur. Qızıma toy edəndə ocağın başına mənim balamı o fırlayıb, xeyir-duanı da Seyidəli kişi verib. İndi iki nəvəm var, ailədə də mehribanlıqdı. Axşamüstü onlara çatdıq. Qapıda bizi Seyidəli əmimin gəlini qarşıladı. Nəvələri qabağıma qaçdı. Hər ikisinin alnından öpdüm. Sonra içəri keçib Seyidəli əmimlə görüşdük. Məni və yoldaşımı görəndə elə sevindi ki, sanki dünyanı ona bağışladılar. Bir kəlmə də xəstəliyindən danışmadı. Amma baxıb gördüm ki, şükür Allaha, rəngi-rufu lap yaxşıdı. Özü də yataq xəstəsi deyil. İftar süfrəsi açılana qədər söhbət elədik, dərdləşdik. Sonra da babalarımdan, atamdan danışdı. 80 ildən çox qonşu olmağımızı xatırladı. Dedi ki, bizim yaşadığımız yerlər sənin babalarının həyəti olub. İndi orda o qədər adamlar məskən salıb ki...
O danışdıqca sanki çöhrəsindən nur yağırdı. Hərdənbir deyirdi ki, Əsgərgilin həyət-bacası geniş olsa da, Bəhmənlinin yerini vermir. Kənd üçün elə darıxıram ki?! Möhübbətin dəlləkxanası və ordakı dostlarım yadıma düşür. İrəvanla, Pənahla, Möhübbətlə, Mənsum həkimlə domino oynayırdıq. Elə burda da nəvələrimlə domino oynayıram. Ancaq onun yerini heç nə vermir.
...Bir azdan Əsgər müəllim gəlir. Süfrəyə elə əvvəldən mer-meyvə, müxtəlif çərəzlər düzülmüşdü. Anam-bacım olsun, Seyidəli əmimin gəlini də çox zəhmətkeş xanımdı. Bir göz qırpımında xörəkləri də stolun üstünə düzdü. Hərəmiz bir qismət çörək kəsirik. Badımcan, bibər və pomidor dolmasının ətri aləmi götürüb...
...Dərindən nəfəs alıram. Çünki Allahın sevdiyi insanlardan biri olan Seyidəli əmimin ocağındayam. Onunla qarşı-qarşıya oturmuşam. Söhbətindən doymaq olmur. Yenə tez-tez rəhmətə gedənlərimizi xatırlayır. Deyirəm ki, sənin kimi ağsaqqallar çox azdı. O da özünəməxsus bir qürurla bildirir:
- Bəhmənlidə həmişə ağsaqqal olub. Ona görə də o kəndin sözü heç vaxt böyüməyib. Mən də bir Bəhmənli kimi həmişə çalışmışam ki, özümdən əvvəlki ağsaqqalların yolunu gedəm. Tay gedə bilmişəm, bilməmişəm bunu camaat yaxşı bilir......
Nurlu, işıqlı və Allaha yaxın olan Seyidəli əmimdən ayrılıram. Sanki özümün və həyat yoldaşımın çiynindən ağır yük götürülür. Çünki o kişini ziyarət etməklə bu Ramazan ayında bir daha Allaha yaxın olduq. Bir daha hiss etdim ki, Seyidəli əmimi çox böyük, çox işıqlı və çox da ürəyi yumuşaq ziyalıdı. Mən ona ziyalı deyirəm. Çünki çox akademiklərdən, çox professorlardan o daha nüfuzlu, o daha sanballı və ağayana bir insandı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV