adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SIRXAVƏNDLİ SAQQAL BAYRAM

MƏMMƏD DƏMİRÇİOĞLU
38473 | 2014-07-12 03:42
Bəhmən ani olaraq nələrin baş verdiyini anşıra bilmədi. Güllənin zərbəsi onu yanı üstünə tulladı. Ayağa durmağa cəhd etdi. Müvazinətini itirib aşağı yuvarlanaraq, Qüdrət kişinib yanəndakı kolluğa ilişib qaldı. Qüdrət kişi onun başını qucaqladı. Qan aparırdı Bənməni. Tez cib yaylığını çıxarıb yanağından açılmış deşiyə soxdu ki, qanı dayandırsın. Başının arxa tərəfindən çıxan güllənin yerindən axan qan ovcunda göllənmişdi. Qüdrət kişi köməyə gələn döyüşçülərlə Bəhməni təhlükəli zonadan götürdülər.
- Dayanın, məni yerə qoyun - Bəhmənin səsi zəifləmişdi. O, özünü toparlayıb zarımamağa çalışırdı. Qüdrət kişi onu yerə uzadıb, başını ehmallıca dizinin üstünə qoydu. Bəhmənin rəngi ağarmışdı. Yanağından açılmış güllə yerinin ətrafı göyərmişdi. Əldən gedirdi Bəhmən.
- Möhkəm ol, Bəhmən! Qorxulu bir şey yoxdu, səni tezcə Bakıya çatdıracağıq... - Gözləri dolmuş Qüdrət kişi, onu yenidən xərəyə uzatdı.
Həmin gün Qardaşxanı da vurmuşdular. Eynən Bəhmən kimi. Güllə Qardaşxanın sağ gözündən girib, sol qulağının arxasından çıxmışdı.
Neyro Cərrahiyə xəstəxanasının əməliyyat otağının qabağına xeyli Sırxavəndli yığışmışdı. Bayramın beli bükülmüşdü sanki. Mən ona təskinlik verirdim ki, Bəhmən ölməyəcək. O, lal baxışlarla üzümə baxıb susurdu. Lal baxışlarıyla "Allah ağzından eşitsin" - demək istəyirdi sanki.
Qardaşxan ölmədi. Ağır əməliyyatdan sonra gözünün birini itirsə də onu həyata qaytara bilmişdilər.
Saqqal Bayram həkimə yaxınlaşıb Bəhmənin vəziyyətini soruşdu.
-Həkim, Bəhməni xilas edin, o öləsi oğul deyil - deyib, həkimdən cavab gözlədi. Həkim sakitcə Bayramın üzünə baxdı.
-Onun vəziyyəti cox ağırdı. Allaha dua edin, - deyib cərrahiyə otağına girdi.
Bəhməni xilas edə bilmədilər. Oraya yığışan Sırxavəndlilərin arasına çaxnaşma düşdü. Bəhmən ömründə birinci dəfəydi ki, məğlub olmuşdu.
Amma Sırxavəndlilər məğlub olmamışdılar. Həmin gün, Kamilin, Rizvanın, Hamletin, Oktayın, Mikayılın, Adilin, Sehran müəllimin, Vaqifin və digər Sırxavəndlilərin igidlikləri sayəsində Güney postu alındı. Düşmən 30 nəfər döyüşçü itirərək postü tərk etmək məcburiyyətində qaldılar. Bu döyüşdə 14 yaşlı Ələmdarın igidliyini də xüsusi vurğulamaq lazımdı. O, güllə yağışının altında döyüşçülərə sursat və ərzaq daşıyırdı.
SIRXAVƏNDİN SÜQUTU

Ağdamdan gələn Məcidi, Əliağallı yolunun sol tərəfində, Xaçın çayının üstündəki dəyirman tərəfdən atəşə tutdular. Kəndin sədri, təəccübləndi ki, erməni bura haradan gəlib. O, maşının sürətini artırıb, özünü kəndə yetirdi. Maşının arxa baqajı və oturacaqları silah-sursatla dolu idi. Məcid ölkədə gedən özbaşınalıqları, hərci-mərcilikləri görürdü və bilirdi ki, özləri özlərinə çarə qılmasalar, heç kimdən fayda olmayacaq. Ona görə istənilən yollarla, pul-para ilə silah sursat alıb, kəndi silahlandırırdı.
Ortalığa yığılmış camaata söylədi ki, Əliağallı yolunda ona atəş açdılar. Qüdrət kişi bu sözə bənd imiş kimi sözə başladı.
-Mənim fikrimi qəribçiliyə yozmayın. Gecə sakitliyində bir neçə dəfə Vəng tərəfdən tank, BTR səsləri eşitmişəm. İnanın ki, ermənilər Fərrux, Qazançı tərəfləri ələ keçirib, bizi mühasirəyə salacaqlar. Ayıq olmalıyıq. Onlar Vəng, Kiçan tərəfdən zirehli texnıkalar yeridəcəklər. Əlağallı yolunu kəssələr, bir it küçüyü də bu kənddən salamat çıxmayacaq.
Saqqalına sığal çəkən Bayram Qüdrət kişinin sözünə qüvvət verdi.
-Mən heç şübhə etmirəm ki, sabah Sırxavəndə hücum olacaq. Amma Kiçan tərəfdən arxayınam. Oraları elə minalamışam ki, bir texnika bu həndəvərə adlaya bilməyəcək. Amma minalı sahəni qorumaq lazımdı ki, ermənilar onları zərərsizləşdirməsinlər.
Sırxavəndin qanlı savaş günü yetişmişdi. Odur ki, Sırxavəndin özünü müdafiə dəstələri tam döyüş vəziyyətində idi. Bir an belə gecikmək olmazdı. Kəndi boşaldıb qaçmaq heç ağıllarına belə gəlmirdi Sırxavəndlilərin. Onlar qərar vermişdilər ki, son damla qana qədər vuruşacaqlar.
Kənd mühasirəyə düşməsin deyə ağsaqqal, qarasaqqal, gecəykən döyüşün planını hazırladılar. Saqqal Bayram, bir qrup döyüşçüylə Kiçan tərəfdən gələn hücumun qarşısını almalı, Qüdrət, İldırım kişi dir başqa dəstəylə Kəndin ayaq tərəfini, Xaçının sağ cinahını, Qazançı tərəfdən gələcək hücumu, bir başqa dəstə isə kəndin ayaq tərəfdən sol cinahını, Fərrux tərəfdən ediləcək hücumları dəf etməliydilər.
Döyüş şiddətlənərsə, arvad-uşağa Qaraşdar və Bəşirri kəndlərinə getməyi tapşırdılar. Bu kəndlər Sırxavəndə nisbətən təhlükəsizs yerdə idi.
Gecə çox aydın idi. Ara-sıra atılan güllə səsləri də qeyb olmuşdu bu gecə. Xaçın çayının qıjıltısı bir az da çoxalmışdı sanki. Səs-səsə vermiş çaqqalar bu sakitlikdən ürəklənmiş kimi, səs-səsə verib ulaşırdılar. Qanlı səhərlə açılacaq bu aylı gecə çox aydın və səssiz sirlərlə dolu idi.
Səhəri gözləmək olmazdı. Gecəykən Qüdrət kişininin dəstəsi Dağdağannı dərədən keçib, Dəyirmanın yanında döyüşçüləri yerləşdirdi.
Mahir atıcılıqda, qorxmazlıqda və dönməzlikdə ad-san qazanmış Kamil, Adil, İldırım kişi Xaçının yarğanlarında özlərinə mövqe seçdilər. Qürdət kişi isə,Şəmşiri, Oqtayı, İxtiyarı, Arzumanı Dəyirmanın ətrafında yerbəyer edib, tapşırıqlarını verdi.
Bəşirri tərəfi isə Rəhman, Həsən, Saleh, Xanlar, Elburus, Mahir və digər döyüşçülər müdafiə edirdilər.
Mart ayının 11-idi. Bayram öz dəstəsiylə əməliyyatdan qayıdırdı. Onlar Qum qazılandan Doyşannı ərazisini, Cıldıranla Vəng, Kiçanla Qaznçı arlarını minalamış, köhnədən minaladığı əraziləri yoxlayıb, geri qayıdırdı. Şər qarışmışdı. Ağ paltar geydiklərindən onları uzaqdan seçmək olmurdu.
Qəfil qarşılarına çıxan erməni silahlılarını görüb, uşaqlara aşağı yatmaq işarəsi verdi. Postdan qayıdan erməni yaraqlıları onları gördülər. Amma Bayran onlara aman vermədi. Çiynindən əskik olmayan PR avtomatı qaqqıldadı və erməninin üçü də qarın içinə yıxılıb qaldılar. Dayanmaq olmazdı. Özlərini dərəyə verib, bir anın içində görünməz oldular.
Kəndə çatanda hava qaralmışdı. Evinə girib, nigaranlıqla yolunu gözləyən balalarının başına sığal çəkdi. Kiçik oğlu Xəyyam adəti üzrə PK pulemyotunu atasının əlindən alıb, sökməyə başladı. Heç bir dəqiqə çəkmirdi ki, pulemyotu söküb, təzədən yığırdı. Bayram fəxirlə oğluna baxıb: "Heyf ki, özün pulemyot boyda deyilsən, yoxsa verərdim sənə, anasını ağladardın bu murdarların" - deyərək fikrə getdi.
Bilirdi ki, sabah qanlı döyüş olacaq. Amma bilmirdi ki, sabahkı döyüşdə nələr baş verəcək. O balalarına baxıb xəyala getmişdi. Sabah çox şey ola bilər... Yox, heç nə düşünməlidi. Sabahı da belə rahatlıqla gözləmək olmaz.
O, həyat yoldaşına yaxınlaşıb astadan dedi:
- Ay çörək itirən, (Zarafatla Cəmilə xanımı həmişə belə çağırırdı) Sabah ağır gün olacaq. Uşaqlar əmanəti. Görsəniz ki, vəziyyət çox pisdi, camaata qoşulb, Bəşirri kəndinə gedərsiniz. Axşamacan mən qayıtmasam...
- Sənə güllə dəyməz. Heç nə olmayacaq sənə! - deyərək, Cəmilə onun sözünü ağzında qoydu.
Çox danışmağı sevməyən Bayram süfrəyə oturdu. Saçı-saqqalı çox uzanmışdı. Cəmilə xanım kənardan onun hərəkətlərini seyr edir, ürəyinə dolmuş qorxunu-ürkünü özündən uzaqlaşdırmağa çalışırdı. Görkəmi çox zəhimli olsa da, ürəyi çox nazik idi Bayramın. Bir dəfə də olsun evdə səsini ucaltmaz, nalAyiq hərəkət etməzdi. Uca boyu, enli kürəyi, onu bu qiyafədə daha da yenilməz göstərirdi. Etdiyi igidliklərin birini də dilinə gətirməz, başqaları söyləyəndə isə gülümsünərək əlini yelləyərdi ki, boş şeylərdi. Ondan sözü kəlbətinlə qopardardı, Cəmilə xanım. Xasiyyətini bildiyindən çox zaman heç sorğu-sual da etməzdi. Elə indi də heç nə söyləmədən ayağa durdu, PK -nı çiynindən aşırdı. Sinəsindən çarpaz bağlanmış güllərin darağını düzəltdi. Belinə bağladığı patrondaşdan azalmış güllərin yerini doldurdu. Sonra iri çəmadana bənzəyən güllə yeşiyini götürüb qapıya yaxınlaşdı. Bu qiyafədə o, Amerika filmlərindəki əfsanəvi döyüşçüləri xatırladırdı. Dinməz baxışlarla Cəmilə xanımı bir də süzdü, maddım-maddım baxan oğlanlarının, Ömərin, Orxanın, Xəyyamın, gözlərinin içinə baxıb, baxışlarıyla onlara nəsə söylədi. Balaca qızı Gülmirə yaxınlaşıb qarşısında diz çökdü, gözlərinin içinə baxıb, yumru yanağından bir çimdik götürdü. (Uşağı əzizləmək, öpmək onun xasiyyətində yox idi). Sonra oğlarının başını bir daha sığallayıb evdən çıxdı.
Bayram kəndin başına tərəf yollandı. Gecə o qədər aydın idi ki, göymusoy qarın üzərinə düşən kölgəsi arxasınca irəliləyirdi. Həmişə belə olub. Ölü sükutun arxasında dəhşətli hayqırtılar gizlənir.
Ermənilər Sırxavəndliləri ürkütmədən, qəfildən hücuma keçmək niyyətində idilər. Ona görə heç bir cinahdan güllə səsi gəlmir, hətta gecənin belə bu sükutdan əti ürpənirdi. Bayramın ayağı altında xırpıldayan qar, soyuqdan donaraq qum dənələrinə dönmüşdü.
Şirinin evinin yanına çatanda Nağını, Barisi, Ələmdarı tanıdı. Onlar Bayramı gözləyirdilər. Seyran müəllim tədbirli ağsaqqal olduğundan onun məsləhətini dinlədilər. Ermənilərin əsas həmlələri kəndin baş tərəfindən, Kiçan istiqamətindən olacaqdı.
- Bayram, - deyərək, Seyran müəllim yavaşdan söhbətə başladı.- Sən arxayaınsanmı ki, minalara toxunmayıblar. Kəşfiyyatın verdiyi xəbərə görə sabah ermənilər iri maştablı əməliyyata başlayacaqlar. Çox güman ki, kəndin aşağı tərəflərini də gizlindən mühasirəyə alıblar.
- Bu yüzə-yüzdü, Seyran müəllim. - Bayram güllə yeşiyini yerə qoyub üstündə oturdu. - Aşağı tərəfi Qürdət əmi gil qoruyacaq. Bəşirri tərəfdən də arxayınam. Əsas bizim mövqeyimizdi. Düşmənin texnikası buradan soxulamağa çalışacaq. Ancaq çətin ki, mənim minalarımdan salamat ötüşə bilələr.
Nağı söhbətə qarışdı:
- Onların bir texnikası minaya düşən kimi, o ərazilərdən minaları təmizləməyə çalışacaqlar. Biz gərək elə edək ki, minanı təmizləyə bilməsinlər.
Bayram:
- Bə biz ölmüşük ki, onlar minanı təmizləsin?
Seyran müəllim sözünə davam etdi:
- Fazil də burdadı. Qardaşı Səmədin qisasını almayınca dincəlməyəcək. İxtiyarla BMP-ni idarə edəcəklər. Bu gün hazırlıq işləri görürdülər. - Seyran müəllim sözünə azacıq ara verib, əlavə etdi: - Uşaqlar, əsas odur ki, özünüzü qoruyun. Bu murdarlar bütün igid oğlanlarımızı snayperlə vurdular. Bayram, onların əsas hədəfi sənsən. Özünü yaxşı qoru, bala.
1992-ci il martın 12-si. Səhərin açılmasına az qalmışdı. Şaxta sümüklərə işləyirdi. Uzaqdan uğultu səsləri eşidilməyə başladı. Bu göy gurultusu ola bilməzdi. Vəng çökəyindən gələn uğultu səsi getdikcə artır, ağır tırtırların səsi aydınca eşidilməyə başlayırdı.
Vəng, Çıldıran, Kiçan tərəflərdən göyə fişənglər atıldı. Bu aydınca döyüşün başlanmasına işarə idi.
Bayramgil Şirinin tikilib tamamlanmamış evindən çıxıb üzü yuxarı qalxdılar. Kiçan tərəfdən 3 ədəd BMP göründü.
Artıq qanlı döyüşə start verilmişdi. Şəfa, Rizvan, Rəhbər, Famil Mehdi müəllimin tapşırığıyla sağ cinaha səpələndilər.
Nağı, Baris, Əlamdar və digər döyüşçülər sol cinahda yerlərini bərkitdilər. Uşaq vaxtı müharibəli kinolarda gördükləri səhnələri canlı olaraq yaşayan igidlər artıq ölüm-dirim savaşana hazır idilər.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV