BİR RƏHİM RƏVAN VARDI...

VAQİF YUSİFLİ
54915 | 2014-07-12 03:00
Onu yaxşı tanıyırdım. Bir vaxtlar təhsil aldığım BDU-nun jurnalistika fakültəsində oxuyurdu. Səmimi, istiqanlı, hamıya qaynayıb-qarışan tələbə yoldaşımız idi. Şeir yazdığından, mətbuatda hərdən şeirləri dərc edildiyindən hamı ona "şair" deyirdi. Şeirləri xoşumuza gəlirdi. Sadə yazırdı, amma o şeirlərin obrazlı təfəkkürün məhsulu olduğunu hamı hiss edirdi.
Universitetdə təhsilimizi başa vurduq. Hər kəs öz təyinatı üzrə rayonlara güzar etdi. Və mən ondan sonra Rəhimi görmədim. Amma hər hansı ucarlı görürdümsə, ondan Rəhimi soruşurdum, deyirdilər rayon qəzetində işləyir.
Rəhim Rəvan Ucarın Yuxarı Şilyan kəndində doğulmuşdu. Bizdən yaşca 7-8 il böyük idi (təvəllüdü 1941). Amma özünü o qədər sadə aparırdı ki, yaşı hiss olunmurdu. Yazıq heç atasının üzünü görməmişdi. Atası Kərim kişi Böyük Vətən müharibəsinə yollanmış və bir daha geri dönməmişdi. Onu və bacı-qardaşlarını anası böyütdü. Fədakar bir ana...g
Rəhim orta məktəbi yaxşı qiymətlərlə bitirdi, arzusu bu idi ki, jurnalist olsun. Amma hər il o fakültəyə sənəd verir, arzusuna çata bilmirdi. Buna baxmayaraq yazıdan-pozudan ayrılmır, kitabxanalardan, Bakıda keçirilən şeir tədbirlərindən qalmırdı. Artıq onu gənc şair kimi tanıyır, o tədbirlərdə Rəhim Rəvan da öz şeirlərini oxuyurdu.
Nəhayət, səkkiz illik inad öz bəhrəsini verdi. Bakıda fəhlə işləyən Rəhim BDU-nun jurnalistika fakültəsinə daxil oldu. Universitet illərində də poeziya yanğısı sönmədi. Şeirləri mərkəzi mətbuatda dalbadal çap olundu, özü kimi cavan şairlərlə şeir gecələrində, universitetin tədbirlərində odlu-alovlu ürəyinin çırpıntıları, ona rahatlıq verməyən duyğuları ilə oxucuların rəğbətini qazandı. Yadımdadır, bu şeir gecələrinin birində Rəhim "Məhəbbət" şeirini oxudu:

Dağ duman yeridir, yurd güman yeri
Məhəbbət ürəyin gülən dan yeri
İlk eşq periksə də qayıdar geri
Dil verər gözündən lala məhəbbət.

Yenə hisslərim göz-göz olaydı
Qəlbimi ovlayan bir söz olaydı
Yenə mən olaydım, o qız olaydı
Dönəydi şeh dolu gülə məhəbbət.

Rəhim Bakıda qalıb işləyə bilərdi, deyilənə görə, hətta onu Dövlət Radio və Televiziya şirkətində işə də götürmüşdülər. Amma o qalmadı. Doğma kəndinə, rayona qayıtmalı, onun yolunu gözləyən anasını sevindirməliydi. O zaman Ucarda "Yeni söz" qəzeti fəaliyyət göstərirdi. Rəhim Rəvan düz iyirmi il o redaksiyada çalışdı, məsul katib kimi qəzetin maraqlı və oxunaqlı olmasına səy göstərdi. Ucarda hiss elədilər ki, rayon qəzetində bacarıqlı, öz işini bilən bir jurnalist çalışır.
O, şair idi. Şairlik təkcə şeir yazmaq deyil, həm də onu təbliğ etmək, istedadlı gənclərə yol göstərmək, onlara qanad verməkdir. Təbiətən zərif, kövrək insan olan Rəhim Ucardakı istedadlı cavanları başına yığdı. Redaksiyanın nəzdində "Çinar nəğmələri" ədəbi məclisi təşkil etdi. Bəli, məhz ədəbi məclis, dərnək yox. Çünki bu məclisin şöhrəti qonşu rayonlara da yayıldı. Həftənin bir günü o məclisə təkcə Ucarın özündən deyil, Göyçaydan, Şuşadan, Qəbələdən, Zərdabdan, Ağsudan, Kürdəmirdən, Ağdaşdan, Əli Bayramlıdan da şeir oxumağa gəlirdilər. Sonralar "Çinar nəğmələri"nin iştirakçılarından İsa Şuşalı, Şərif Tahirli, Kərəm Kürqıraxlı bir şair kimi tanındılar, sevildilər. "Çinar nəğmələri"nin səsi-sədası Respublika miqyasında eşidilməyə başladı.
Budur, mən indi Rəhim Rəvanın "Dünya, səndən keçməliyəm" şeirlər, məqalələr kitabı ilə üz-üzə, göz-gözəyəm. Bu kitabı mənə həmkarım, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy verib. Doğrusu, çox kövrəldim. Tələbəlik illərində dostluq etdiyim, lakin sonralar heç üzünü görmədiyim Rəhim Rəvanın şeir dolu ürəyinin döyüntülərini eşitdim. Düzdür, indi o ürək daha döyünmür, amma o ürəkdən qopan misralar canlıdır. Deməli, Rəhim yaşayır. Kitabın redaktoru və naşiri, həm də gözəl bir ön və son sözlərin müəllifi "Ziyalı" qəzetinin baş redaktoru Əli Əhmədoğludur. Elə bu yazıda Rəhimlə bağlı bir sıra faktları da onun yazılarından əxz etmişəm. Sağ olsun ki, mərhum dostumu unudulmağa qoymayıb. Rəhimin on yeddi bölmədə təqdim olunan şeirləri və məqalələri ilə tanış oldum. Bu sözü deməyə tam haqqım çatır ki, Rəhim Rəvan əyalətdə yaşamağına baxmayaraq əyalət şairi deyildi. O, Bakıda yaşasaydı, bir şair kimi daha çox tanınardı, bəlkə daha gözəl şeirlər yazardı. Amma elə bu kitabdakı şeirlər də Rəhimi istedadlı bir şair kimi dərk etməyimizə kifayətdir.
O, müxtəlif mövzularda şeirlər yazıb. Yəni sovet dövrünü yaşamış, müstəqilliyin də azca dadını görmüş bir şair kimi həyatı, insanları, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri, ana məhəbbətini, doğulduğu kəndi, təbiəti öz şeirlərində təsvir edir, çalışırdı ki, bu ənənəvi mövzularda təzə söz deyə bilsin. Vətən haqqında yazırdı:

Vətəndir, - bir ovuc vətən torpağı,
Yazın bənövşəsi, qışın qarı da.
Vətən nəğməsidir dağ şəlaləsi,
Çoban tütəyinin harayları da.

Dağları ucadır, dərəsi dərin,
Gəlin bulaqları laylamı çalsın.
Mənə gül demirəm, lap qanqal verin,-
Vətən torpağında açılmış olsun.

Burda anaların dinlə səsini:
Yad gülü qoynunda bitirməz vətən.
Bir xalqın, millətin nişanəsini,
Yanıb kül olsa da itirməz vətən.

Qoyun dağlar aşım, ürəyim dolub,
Bir az qəribsəyib, kövrəlmişəm mən.
Vətən məhəbbəti alabaxta tək,
Qoymaram perikib uça əlimdən.

Dolaşım qoynunu qoy yüz il, min il,
Eşqinin oduyla alışıb yanım.
Öləndə gözümü yaylıqla deyil,
Vətən torpağıyla bağlayın mənim.

Vətən haqqında yazılan şeirlərdən seçilir.
Rəhim Rəvanın doğulduğu ərazidə -Ucarda dağ yoxdur. Amma Rəhimin "Salam, a dağlar!" şeirində dağ obrazı var. Hardasa bu çöllü balası dağ görüb və o dağı şeirinə gətirib. Yazır ki: "Burda uçan quşlar qartal qıyından Təpilər ağacın koğuşlarına. Burda nəzərlərin sancılıb qalar Bir ürkək maralın baxışlarına". Şah dağına da şeiri var Rəhimin. Yazır ki: "Burda zərif çiçəklərin şehdir həyası". Bax. Elə bu misra onun poetik talanta malik olduğundan xəbər verir. Ümumiyyətlə, təbiət mövzusu onun şeirlərində sıx-sıxdır və Rəhim təbiətdə gördüyü gözəllikləri bir rəssam kimi şeir-tablolara qatırdı. "Meşənin" rədifli şeiri təbiəti duyan bir şairin qələmindən çıxıb, həm də bu şeirdə insan-təbiət harmoniyası duyulur:

Bir bulaq gözünün yaşını tökər,
Bir çiçək boynunu elə hey bükər,
Təşviş içindədir, qorxu birində
Bir güllə fikrini pozar meşənin.

Bu yala-yamaca baxan doyammaz,
Bircə çiçəyinə ürək duyammaz,
Yatar kəpənəklər güldə, - oyanmaz,
Arılar gülünü üzər meşənin.

Həssas şair idi Rəhim Rəvan və onun əksər şeirlərində bu həssalıq incə poetik duyumlarla təqdim edilir.
Onun anasına həsr etdiyi şeirlər də gözəldir. Anaya məhəbbət onun bu tipli şeirlərinin təkcə mahiyyətində deyil, həm də poetik tapıntılarında reallaşır. Məsələn, "Ana həsrəti" şeirində bunun bariz ifadəsini görürük:


Onu ayırmayın düşüncələrdən
Səksənsə gözündən bir övlad itər.
Anam ayrılığa dözməyib hərdən
Qapıda, bacada bülbül tək ötər.

Yaman kövrəklənib qoca yaşında
Sayır intizarla ötən hər günü.
Samovar dil açır süfrə başında
Hamı çörək yeyir, anam qəlbini!

Ümumiyyətlə, Rəhim hansı mövzuya əl atırdısa, çalışırdı o mövzuda öz şair fərdiyyətini sübut edə bilsin. Və sübut edirdi də. Şeirlərində musiqidən gələn ritmika vardı, nəğmə kimi oxuyursan o şeirləri. Xüsusilə. sevgi şeirlərig

Bir qəlbin gümanı oldun dünyada
Çırpdın bu gümanı hicran daşına.
Külək saçlarını aşıb dağıdır
Vurur gözlərindən axan yaşına.

Onun sevgi şeirləri yaşanılan, duyulan hisslərin yaşantılarıdır. Bircə misra belə sünisi, saxtası yoxdur.
Kitaba ön söz yazan Əli Əhmədoğlu belə bir faktı qeyd edir ki, rayonda Rəhimin paxıllığını çəkənlər vardı. Rəhimin atası müharibədən qayıtmamışdı. Onu buna görə gizligə qınayırdılar, bəlkə elə əsir düşüb deyirdilər. Anası düz qırx iki ildən sonra Rəhimin atasının itkin düşmədiyini, həlak olduğunu söyləmişdi. Bu xəbəri uşaqların ürəyinə xal düşməsin deyə onlardan gizli saxlamışdı. Rəhim də üç dəfə yollara çıxdı, axır ki, Simperofol vilayətində onun qəbrini tapdı.
Rəhimin ilhamı şeirin bütün vəznlərində və formalarında öz poetik təcəssümünü tapırdı. Sərbəstdə də yazırdı (heç də pis yazmırdı), hecada da. Qəzəl də yazırdı. Təcnis də. Təcnisin məharətli söz oyunundan qalibiyyətlə çıxırdı. Şeirlərində bir məram vardı: Yurd məhəbbəti. Yaşasaydı, bu məhəbbətin yeni çalarlarını da görərdik.
Kitabda Rəhimin jurnalistik fəaliyyətini əks edirən yazılarından da nümunələr təqdim edilib. Onun bir sıra məqalələrində "Çinar nəğmələri" ədəbi məclisinin üzvlərinin şeirləri ilə bağlı mülahizələri maraqlıdır. Öz yaşadığı kəndi, rayonu bir çox yazılarında elə təbii cizgilərlə təsvir edir ki, heyran qalırsan. Amma təbii ki, Rəhimin şeirləri onun xarakterini tam açıqlayır. Fikirləşirsən ki, bizim çoxumuzun niyə bu şeirlərdən xəbəri olmayıbg
Sözümü Rəhim Rəvanın bir şeiri ilə bitirmək istəyirəm:

Sənin gül üzünü gülər görmüşəm,
Bulud tək qaralıb dolasıyam mən.
Bayronun, Vurğunun söz rübabını,
Kökləyib köksümdə çalasıyam mən.

Ərit bir ürəyin soyuq buzunu
Yandır bir taleyin Dan ulduzunu.
Üzümə gülməsən ömrüm uzunu,
Mələr quzu kimi qalasıyam mən.

Mən qulu deyiləm şöhrətin, şanın,
Bir çiçək qaynadar qəlbimin qanın
Öz ana yurdumun, Azərbaycanın
Başına dolanan balasıyam mən.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV