Ölkə ərazisi genişzolaqlı internetlə təmin olunur
Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, yüksək gəlirliliyi bu sahənin hər bir ölkə üçün prioritet istiqamətə çevrilməsinə səbəb olub. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, bu gün məhz İKT-ni irəliyə aparmaqla iqtisadiyyatın şaxələnməsinə, çiçəklənməsi və əhəmiyyətli dərəcədə böyüməsinə, dövlətlərin nüfuzunun artmasına, işsizliyin azalmasına, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, ümumuilikdə isə yaşayış səviyyəsinin yüksəlməsinə nail olmaq olar. Elə bu səbəbdəndir ki, artıq düşünən beyinlər daha böyük diqqəti qeyri neft sahələrinə, xüsusən innovasiyalı iqtisadiyyat quruculuğuna, biliklər cəmiyyətinin inkişafına, informasiyalı mühitin formalaşdırılmasına və inkişafına yönəldirlər. Dünya düzəninin nəbzini tuta bilməyən ölkələr isə digərlərindən əhəmiyyətli şəkildə geri qalır, həm iqtisadiyyatlarında axsamalar baş verir, həm də inkişaf səviyyəsi müqayisə edilməyəcək nöqtəyə gəlib çıxır.
Azərbaycan
da yer kürəsinin bir parçası olaraq , bu tendensiyaya qoşularaq İTK-nin inkişaf
etdirilməsini dövlət səviyyəsində həyata keçirir. Rəsmi Bakı sahənin irəliyə
aparılması üçün kompleks şəkildə addımlar atır.
İKT əsaslı
yeni iqtisadi model
İlk öncə
qeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının inkişafı hər şeydən əvvəl dinamik
templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunan İKT əsaslı
yeni iqtisadi modelin meydana gəlməsini zərurətə çevirir. Ölkədə innovasiyalı
iqtisadiyyatın yaradılması, biliklərə əsaslanan bazar iqtisadiyyatının
qurulması və bu istiqamətdə həyata keçirilən layihələr, heç şübhəsiz ki,
qarşıya qolulan məqsədə çox yaxın zamanda çatacağımızı deməyə əsas verir.
Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda sözügedən sahə üzrə lider dövlətə çevrilib. Ölkədə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Yüksək Texnologiyalar Parkı yaradılıb. Dövlət başçısının digər sərəncamı ilə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələrin dəstəklənməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayıb.
Azərbaycan
interneti dünyaya nümunə kimi
Dövlət başçısı İlham Əliyevin "İqtisadiyyat yalnız energetikadan ibarət deyil. Bu baxımdan, hazırda mənim əsas məqsədim Azərbaycanın qeyri-neft sektoruna, xüsusən də yüksək texnologiyalar, informasiya texnologiyaları və xidmət sahələrinə investisiyalar cəlb etməkdir" fikirləri bir daha sübut edir ki, İKT-nin sürətli inkişafı üçün hökumət əlindən gələni əsirgəmir. Bu statistik rəqəmlərdə də özünü daha qabarıq göstərir.
Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu gün ölkənin İKT bazarında özəl sektorun
rolu və fəallığı artmaqdadır. Sahə üzrə gəlirlərdə son 10 ildə özəl sektorun
payı 67,4 faizdən 80 faizə yüksəlib. Sabit telekommunikasiya sahəsi üzrə 8 operatordan
5-i, poçt üzrə 35 operatordan 33-ü, internet üzrə isə 40 provayderdən 38-i özəl
sektora məxsusdur. "Delta Telecom" regionda internet xidmətlərinin
verilməsi, "RİSK" proqram məhsullarının satışı, "SİNAM
İNVEST" Orta Asiyada bir neçə layihənin həyata keçirilməsi,
"ULTRA" kompyuter, "AzPad" və digər məhsulların satışında və
s. şirkətlər ixrac potensialının artımına öz töhfələrini veriblər. Artıq Azərbaycan
həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir.
"Kür" MMC-nin istehsal etdiyi İKT məhsulları keyfiyyəti ilə fərqlənir.
Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə ən
son texnoloji yeniliklər tətbiq olunur. Dünyanın bir çox ölkələri hələ
"3G" - üçüncü nəsil texnologiyalara keçmədiyi halda, Azərbaycan ən
son mobil texnologiya - "4G"-nin tətbiqinə başlayıb. Əldə etdiyi
nailiyyətlər sayəsində ölkəmiz "Doing Business 2014" hesabatında 189
ölkə arasında 70-ci yerə yüksəlib.
***
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qazanılan
uğurların timsalında "Azərbaycanda "Elektron hökumət" xidmətlərinin
2020-ci ilədək hamı üçün əlçatan olması hədəfləndiyini bildirib. Onun sözlərinə
görə, "Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun
inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi
müəyyənləşdirilib: "Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir.
Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə
də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün
xüsusi proqramı var".
Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata
keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən
danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən
bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı
internetlə təmin olunacaq: "Kənd yerlərində son istifadəçiyə verilən
internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə
çatdırılacaq".
***
Sonda
onu da qeyd edək ki, "Şəbəkələşmə hazırlığı indeksi"nin
formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə, Azərbaycan hər 100
nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu,
genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla, MDB-də
liderlik mövqeyini qoruyub saxlayır.
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar
Elan etdiyi müsabiqəyə təqdim etmək üçündür