adalet.az header logo
  • Bakı 20°C

ÖHDƏLiK

OQTAY SALAMOV
21416 | 2007-06-19 04:08
Könüllü olaraq, pulum cibimdə, ağlım başımda bu öhdəliyi götürürəm. Televizora baxanda, qəzet oxuyanda qorxuram ki, oğul-uşaq, qohum-əqrəba (əqrəb sözündən götürülüb, arvad tərəfin qohumlarına deyilir -müəllif), dost tanış adamdan üz döndərər. Məni qınamayın, olaylar adamı belə düşünməyə məcbur edir. Baxmayaraq ki, mənim heç bir sığortaya inamım yoxdur, amma yenə də, hər halda özümü sakitləşdirmək, aldatmaq üçün bu öhdəlikləri götürürəm.
   
   Bircə gün, bircə qəzetdən oxuduğum qəribə olayların bəzisini xatırladım ki, öhdəliyi niyə götürdüyüm qaranlıq qalmasın. "Sabunçu rayonunun eyniadlı qəsəbəsində qardaş öz qardaşını bıçaqlayıb". Mən bıçaqlamayacağımı öhdəmə götürürəm. Qardaşlarım da bu öhdəliyi götürsələr, lap xoşbəxt olaram. Əzizlərim, nə etdiyinizdir, Allah xatirinə, durun, ağlınızı başınızda top eləyin! Adəm balalarının - Habil-Qabil davasından neçə min il ötdüyünü bilirsinizmi? Bu qədər vaxtda insanlığın yaddaşında qalan elə qardaş öldürmək oldu?
   
   "Xətai rayonunda Orxan adlı bir igid öz adaşı Orxan adlı başqa bir igidi bıçaqlayıb". Mən bütün Oqtayları arxayın edirəm ki, bu adda olanların heç birini bıçaqlamayacam. Deyəsən, bıçaq Əzrayılın dəryazından daha populyar silah olub axı...
   
   "NZS"də bir qadın özünü bıçaqlayıb. Etik səbəblərdən adını yazmıram. Çox qəti və konkret öhdəlik götürürəm ki, özümü heç vaxt bıçaqlamayacam. İntiharın ən aşağı keyfiyyətlisidir. Özünü bıçaqlayandan sonra ancaq dava-dərmanın qiymətini eşidəndə ölmək olar.
   
   

TƏQVİM / ARXİV