adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"SEçiCi HƏMiŞƏ HAQLIDIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
31025 | 2007-06-19 04:08
"Deputat otağı"nın bu dəfəki qonağı Sabirabaddan millət vəkili seçilmiş Pənah Hüseyndir.
   
   - Pənah bəy, bu bir həqiqətdir ki, hər bir namizəd seçki öncəsi seçicisini axtarır, qapısına gedir. Bu proseduru siz də keçmisiniz. Deyə bilərsinizmi sizinlə seçiniz arasındakı məsafə nə qədərdi?
   
   - Əvvəlcədən deyim ki, hər bir deputat ona səs verib-verməməyindən asılı olmayaraq təmsil etdiyi dairənin bütün seçicilərinin vəkilidir. Və onun seçicilər arasında fərq qoymaq və yaxud hansısa məsələdə ögeylik nümayiş etdirməsi yolverilməzdir. Özü də deputat əgər proporsional qaydada seçilibdisə, o həm də bütün ölkə seçicilərinin təmsilçisidir. Bu isə hər bir millət vəkilinin çiyninə həm Konstitusiyadan, həm də millət vəkili hüquqlarına dair qanundan irəli gələn vəzifələr qoyur. Bizim qanunlara görə, millət vəkilinin üzərinə düşən vəzifələrdən biri də öz seçicisinin hüquqlarını qorumaqdır, onun problemlərini öyrənmək, onu narahat edən məsələləri qabartmaq və bunların həllinə nail olmaqdır. Məhz bunun üçün də daim öz seçicilərinlə təmasda olmalısan, ünsiyyət qurmalısan. Sual birbaşa mənə ünvanlandığından deyə bilərəm ki, mən öz seçicilərimin seçkilərdən öncə də problemlərini bilirdim, indi də birbaşa əlaqələr, təmaslar nəticəsində onları narahat edən digər məsələlərdən də xəbərdaram. Bu gün texniki tərəqqinin imkanları seçicinin öz vəkili ilə mobil telefon, internet və digər vasitələrlə əlaqə saxlamasına geniş imkanlar açır. İndi bizim müəyyən bölgələrimizdə də artıq bu qaydalardan istifadə olunur. Bu, problemləri öyrənmək, hadisələrdən vaxtında xəbər tutmaq imkanını artırır. Ancaq ənənəvi forma olan seçicilərlə görüşlər, onları dinləmək bu gün bizim dairədə də öz qüvvəsində qalır. Sizinlə söhbət etdiyim indiki anda ( 18 iyun 2007) mən artıq rayonumuzun Cavadxanlı kəndinə görüşə yola düşürəm. Orda iki məntəqə var və mən seçicilərlə bu görüşümdə təbii ki, gördüyümüz və görə biləcəyimiz işlərdən danışacam. Bir sözlə, şəxsən mən hər gün Sabirabad seçicilərilə bu və ya digər formada əlaqə saxlayıram və çalışıram ki, parlamentin hər bir iclasında gündəlikdən asılı olmayaraq onların mənə ünvanladığı sualları, problemləri hər hansı bir formada səsləndirim, diqqətə çatdırım. Və sizi inandırıram ki, əgər hər bir millət vəkili öz seçicisinin qaldırdığı problemə çevik münasibət bəsləyib onu qabarda bilsə, bu, millət vəkillərinin ən azı 60 faizinin dilə gətirdiyi məsələ olar və nəticədə də diqqəti çəkər, dövlətin mövqeyi ortaya çıxar. Təəssüf ki, bu gün heç də məsələlərin hamısı vaxtında və istənilən səviyyədə səsləndirilib diqqətə çatdırılmır.
   
   - Pənah bəy, gəlin etiraf edək ki, bizim millət vəkillərinin də, elə seçicilərin də deputat haqqında düşüncələri, mülahizələri Sovet təfəkküründən uzağa getməyib. Axı, qanunverici orqanın təmsilçisi yalnız qaz, su, yol və s. məsələlərlə məşğul olmalı deyil...
   
   - Mən sizi başa düşürəm, amma çox səmimi deyirəm, seçici bütün hallarda haqlıdır. Çünki biz onları təmsil etmək üçün, onların problemlərini dilə gətirmək və yuxarı orqanların diqqətinə çatdırmaq üçün həmin seçicinin bir növ danışan diliyik. Özü də bilmək lazımdır ki, bu gün su, qaz, yol, işıq və s. bağlı vətəndaşın Konstitusiyada əks olan hüquqları var və bu sahələr də hələ ki, dövlətin nəzarətindədir. Vətəndaşın istehlakçı hüququna görə ona fasiləsiz enerji, qaz, su və s. verilməlidir. Əgər bu hüquq pozulursa və biz də bunu Milli Məclisdə deyib həmin sahəyə nəzarət edən məmurları parlamentə dəvət edib ondan hesabat tələb etmiriksə, o artıq bizim günahımızdır. Əgər hansı siyasi düşərgədən asılı olmayaraq millət vəkili həmin o sosial problemlərlə bağlı yekdil formada icra strukturlarından məsuliyyət tələb etsə, onda bu cür tələblər artıq işləmə mexanizmini hərəkətə gətirər. Məmur da bilər ki, millət vəkilləri seçicisinin haqqını ondan tələb edəcək. Bax, bu mənada Milli Məclisin hər bir üzvü onu seçən, onun təmsil etdiyi insanların hər bir probleminə diqqət göstərməli, bu da öz növbəsində cəmiyyətin inkişafının, demokratikləşmənin bir qanadı kimi həyatda təsdiqini tapmalıdır. Təəssüf ki, hətta bəzi millət vəkillərimiz də sosial məsələlərin deputatın işi olmadığını dilə gətirirlər. Bu, problemə çox yanlış yanaşmadır.
   
   - Pənah bəy, millət vəkili seçilmək istəyən hər bir kəs böyük vədlər, böyük arzularla bu prosesə qatılır, amma...
   
   - Bilirsiniz, ilk öncə bizim millət vəkillərinin öz hüquqlarının hansı səviyyədə olduğunu bilmək daha vacibdir. Son günlərin bir məsələsinə diqqət çəkim. Yəqin ki, xəbəriniz var, millət vəkillərinin əmək haqlarının qaldırılması ilə bağlı mətbuatda böyük bir ajiotaj yaradıldı. Bunun özü məsələnin müəyyən tərəfini sözsüz əks etdirir. Digər tərəfdən, bu günədək bir çox millət vəkilinin öz seçicisi ilə görüşmək yeri, yəni seçicisinin üz tutacağı yer yoxdur, amma qanunda bu öz əksini tapıb. Doğrudur, parlamentin sədri dairələrdə millət vəkilləri üçün inzibati binaların tikilməsi məsələsini iclasların birində söylədi. Bax, bütün bunların özü xırda detallar olsa da, əslində Milli Məclisə, millət vəkillərinə, icra strukturlarına münasibətini göstərir. Bir məqamı da diqqətinizə çatdırım, bizim, yəni müxalif düşərgədən olan parlamentarilərin fikrincə, sonuncu seçki saxtalaşdırıldı və burada yerlərin zəbt edilməsi prosesi həyata keçirildi. Ancaq ikinci bir məqam ondan ibarətdir ki, hətta iqtidarı təmsil edən millət vəkillərinin özləri də indi elə bir durumdadırlar ki, onlar sərbəst nəyisə qabardıb, nəyisə müzakirəyə çıxara bilmirlər. Əgər parlamentdə müxalif düşərgə güclü olsaydı, onda iqtidar da öz deputatlarının üzərində işləyər, onları bizə qarşı daha hazırlıqlı edərdi. Təəssüf ki, indi nəinki müxalif millət vəkilləri, heç müəyyən iqtidar təmsilçisi olan deputatlar da icra strukturları tərəfindən o qədər də sayqı ilə qarşılanmır. Bütün bunlara baxmayaraq, biz parlamentin iclaslarına gec qatılsaq da, onun hər bir iclasında dövlətin, xalqın problemlərini qabartmağa, hansı yolla olur-olsun qanunların daha qətiyyətli, daha işgüzar və peşəkarcasına hazırlanmasına nail olmağa çalışırıq. Bütövlükdə parlamentin səviyyəsi göz önündədir və biz bu imkanlarla nəyi əldə edə biliriksə, bunun özü elə uğurdur.
   
   - Pənah bəy, artıq parlamentin yaz sessiyası öz işini başa vurdu. Arxada qalan sessiya və bütövlükdə parlamentin fəaliyyəti barəsində nə deyə bilərsiniz?
   
   - Əvvəlcə onu deyim ki, Milli Məclis parlament kimi fəaliyyət göstərə bilmir. Ona görə ki, hakimiyyətin nəzarəti altındadır. Və biz də bu asılılığı çox ciddi şəkildə görüb və hiss edirik. Çox yaxşı olardı ki, təbii ki, bu mənim fikrimdir, parlamentdə müxalif düşüncəli millət vəkillərinin sayı çoxluq təşkil edəydi. Bu, hakimiyyət bölgüsü prinsipinin sözdə yox, həyatda təsdiqinə imkan verərdi. Yeri gəlmişkən onu da deyim ki, elə beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının Azərbaycanla bağlı son qərarlarında parlamentlə əlaqəli konkret məqamlar öz əksini tapıb. Təəssüf ki, biz bu sessiyada da izahı başa düşülməyən səbəblərdən təhsil haqqında, tikinti haqqında və digər qanunları qəbul edə bilmədik. Ancaq mən ümid edirəm ki, növbəti sessiyada biz müxalifətdən olan və yaxud özünü müxalifətdə görən millət vəkillərindən parlament və onun komissiyalarının rəhbərliyində təmsil olunmasına cəhd göstərəcəyik. Fikrimizcə, həmin insanlar beynəlxalq təşkilatlarda təmsil olunan parlamentarilər sırasında da özünə yer tapmalıdır. Sizi inandırıram ki, ciddi struktur dəyişikliklərin özü parlamentin işində köklü dəyişikliklər edə bilər. Və hesab edirəm ki, artıq parlament müəyyən bir adaptasiya dövrünü keçib və gələn sessiyalardan başlayaraq daha ciddi bir şəkildə öz işini quracaq. Bu da gündəliyin və qarşıda duran planların həyata keçirilməsində öz sözünü deyəcək. ə
   
   
   
   

TƏQVİM / ARXİV