adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÖLMƏK iSTƏYƏN ...

OQTAY SALAMOV
22901 | 2007-06-15 05:09
Yaponlar döyüşdə uduzanda, adları çox ciddi məsələlərdə hallananda biabırçılıqdan qurtarmaq üçün xarakiri edirlər. Yəni, xəncəri xüsusi üsulla qarınlarına soxaraq özlərini öldürürlər. Özü də xarakiri yapon üçün şərəf işi sayılır və onu etməli adam qorxaraq bu addımdan çəkinərsə, daha onu adam yerinə qoyan olmur, şərəfsiz sayılaraq elə sağ ikən ölüyə çevrilir.
   
   İslam dinində (deyəsən, elə başqa dinlərdə də) intihar, özünəqəsd günah sayılır, hətta belə adamların ümumi qəbiristanlıqda basdırılması, ona dini ayinlərin keçirilməsi, Allahdan rəhmət dilənməsi də caiz sayılmır. Çünki İslam dininə görə, Allah verdiyi canı Allah da almalıdır, özünəqəsd etməklə bu hərəkəti edən Allaha şərik çıxmış olur, onun funksiyasına müdaxilə etmiş olur ki, bu da ən böyük günahlardandır: "Allahın verdiyi bir nəfsi (yəni canı) bir kimsə öldürsə, bütün insanlığı öldürmüş kimidir". Bu və ya buna oxşar fikirlər "Qurani-Kərim"in "Əl-Maidə", "İnsan", "Tur", "Cəhənnəm"... kimi surələrində öz əksini tapmışdır.
   
   İntihar edən adamların xarakterləri haqda çox uzun və təzadlı mübahisələr olub və olmaqdadır. Bəziləri belələrini iradəsi zəif, mübarizə qabiliyyəti olmayan, fağır adam sayır. Bəziləri də ən güclü iradəyə malik, həddən artıq cəsur və qorxmaz adamların çıxış yolu olmadıqda bu addımı atdığını söyləyirlər. Düzdür, bu fikirdə yapon düşüncəsi olmasa da, şəxsən mən də ikincilərin fikirləri ilə razıyam. Ruhi xəstələr istisna olmaqla, düşüncəli surətdə, dərk edərək həyatına son qoymaq ancaq çox qüvvətli adamların cəsarət edə biləcəyi hərəkətdir.
   
   Bu fikirlərdən qətiyyən elə nəticə hasil olmamalıdır ki, mən intiharı təbliğ eləyirəm. Məqsədim son dövrdə Azərbaycanda, xüsusən də onun konkret iki bölgəsində intiharların kəskin surətdə artmasına diqqət yönəltməkdir. Dünən bir çox qəzetlər məlumat yaydılar ki, Qubanın Alpan kəndində 75 yaşlı Muxayeva Səhər Ustabala qızı özünü asaraq intihar edib. Məlumatda bildirilir ki, bu, son iyirmi gündə Qubada baş verən ikinci, son iki ayda isə Quba-Xaçmaz bölgəsində 6-cı intihar hadisəsidir. Eyni zamanda Masallı-Lənkərandan da belə hallar haqda mütəmadi məlumatlar gəlməkdədir.
   
   Qətiyyən başa düşmək olmur, həyəcan təbili çalmaq, təcili araşdırmalar aparmaq, nəticələr çıxarmaq üçün daha nə qədər adam özünü öldürməlidir? İntiharların bəzilərini ruhi xəstəliklərlə bağlayırlar. Ola bilər. Amma Bakıda, Şəkidə... ruhi xəstələr yoxdu? Bəs, niyə ancaq Quba-Xaçmaz və Masallı-Lənrkəranda bu səpkili hallar daha tez-tez olur? Niyə hüquq-mühafizə orqanlarının az qala hər gün verdiyi kriminal hadisələr arasında intiharların sayının artması əlaqədar təşkilatları narahat eləmir?
   
   Düzünü deyim ki, bu "əlaqədar təşkilat" sözündən zəhləm gedir. Amma onu da dəqiq bilmirəm ki, bu problemlə konkret olaraq kim məşğul olmalıdır. Sözsüz ki, ilk növbədə Səhiyyə Nazirliyi. Amma bu təkcə tibbi problem deyil, həm də sosial bəladır. Ona görə də problemin araşdırılmasında psixoloqların, sosioloqların, nevropotoloqların, sosial-müdafiə işçilərinin, hüquq-mühafizə orqanlarının, vəkillərin, el ağsaqqallarının, icra strukturlarının, dini qurumların, bir sözlə, hamının iştirakı üçün yer və ehtiyac var.
   
   Bəlkə də bu, qəzet səhifəsinə çıxarılmalı söhbət deyil. Amma vəziyyət o qədər ciddidir ki, susmaq da olmaz. Bir sadist tanışım "Xəbərlər" proqramının anonsuna baxanda deyir: "Dayanın görək ləzgilər və talışlardan yenə özünü öldürən varmı?". Qara yumordu, günahdı, amma fakt faktlığında qalır.
   
   Mən düşünürəm ki, bu zonalarda intihar hallarının çox olması dini məsələlərlə də bağlıdır. Belə ki, şimal bölgəsində vəhhabiliyin, cənubda fanatik islamın cücərtilərinin inkişafı üçün zəmin daha münbitdir. Bəlkə başqa səbəblər də var. Durmaq, susmaq olmaz, nə isə bir tədbir görülməli, çıxış yolu aranmalıdır.
   
   Adam mat qalır, "quş qripi" hamını narahat eləyir, dünya pul buraxır, hansısa QHT filan qədər qrant alır ki, homoseksualistlərin hüquqlarını müdafiə eləsin, sarsaq şairin gic şerlərini təqdim eləmək üçün atəşfəşanlıq düzəldilir, amma bu boyda məsələ qalıb ağzıgünə. Atam balası, bura Yaponiya deyil, intihar edənlər də şərəflərini, adlarını qorumaq üçün xarakiri edənlər deyil. Bunlar kasıblıq, çətinlik, rəzalət, ağıl ucundan həyatdan getməyə məcbur olanlardır. Yəni, biz doğrudanmı öz vətəndaşlarımızın az qala kütləvi intiharına belə etinasızcasına durub baxmalıyıq? Baxmalıyıq deyəndə ki, sən, mən nə edə bilərik, uzağı özünü asan görəndə kəndirini kəsə bilərik, çiynimizi ayaqlarının altına verə bilərik... Burada miqyaslı, özü də dövlət, hökumət, Milli Məclis, nazirliklər miqyaslı işlər görülməlidir.

TƏQVİM / ARXİV