adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Mən də azərbaycanlıyam, ay azərbaycanlılar

CEYHUN MUSAOĞLU
56287 | 2014-07-05 06:23
Hə... köhnə dərdimizi yada salıram. Bu dərd köhnəlir, nə sirdisə, köhnəldikcə təzələnir, bəzənib adamın qabağında dəlilik edir. Ondan qaçmaq istəyirsən, yaxandan yapışır, yenə desə "məni də özünlə apar" cəhənnəm, deyir ki, "səni də özümlə aparacam". Qabağına keçəni özünə bulaşdırır. Fərqinə də varmır kimdi, nəçidi, necədi...
Dəyərli yazarımız İradə Tuncayın yüzlərlə sosial şəbəkə iştirakçısının diqqətini cəlb edən, marağına səbəb olan statuslarından birində həmin o sırtıq dərdin şəklini görməsəydim, susmaq limitimdən xeyli müddət istifadə edəcəkdim. 
İradə xanım yazıb: 
-Uşaq vaxti umumiyyətlə qanmırdım belə şeyləri. Tələbə olanda azacıq hiss eləməyə başladım. Görürdüm yaxınlıq elədiyim qız hər dəqiqə deyir ki, flankəs özümünküdü, öz Qazaxlimdı filan... Əhəmiyyət vermirdim. Aglıma yaxın buraxmırdım. Noolsun ki, deyirdim. Yənı mənimçün yerəl faktor heç vaxt söz konusu olmadı. Qanmadım umumiyyətlə... İş həyatıma başlayanda da belə oldu. Ailə quranda da... Amma onda qarşı tərəfin mənə aqressiv münasibətini görürdüm təbii. Niyə öz yerindən, yurdundan deyil də, başqa yerdən evlənir deyə...
Bir az əvvəl bir dostumla atamın xasiyyətlərindən danışdım... Və xatırladım ki, onun əlindən tutub mətbuata, ədəbiyyata gətirdiyi adamların heç biri yerliləri deyildi. Baş redaktoru olduğu jurnalın da əməkdaşları Qarabağlı, Şirvanlı, Qazaxlı idi. Bir nəfər də naxçıvanlı yox idi. Onunçun da yerli faktoru yox idi. Yaxşı, ya da pis anlayışı vardı... İstedad anlayışı vardı... Evlənəndə də öz yurdundan tamam uzaq bir yerdən evlənmişdi. 
Amma həmişə özümüzə qarşı bu diskriminasiyanı gördüm mən.))))) naxçıvanlıdılar ... Noolsun ? Noolsuneee ? Bəlkə əvəzimizə nəsə yazıb qoyublar, işimizi bizim əvəzimizə ediblər ? 
Allah hidayət eləsin....

P.S Redaksiyamda bir nəfər də naxçıvanlı yoxdu... İndi kimsə ürəyində deyər ki, onlar böyük vəzifələrdə işləyir, neynir redaksiyanı? Çünki eşidirəm belə sözləri... Elə deyil !!! O boyda yurdun camaatı hamısı vəzifədə deyil ki... Ən çox haqsızlığa da onlar məruz qalır belə sözləri eşitməklə....

P.P.S Allah hidayət eləsin... Başqa söz demirəm....

Şadam ki, mən də İradə Tuncayın misal gətirdiyi redaksiyada çalışıram. Bəli, aramızda naxçıvanlı yoxdu. Olsa belə, nə dəyişəcək ki... "Onlar böyük vəzifələrdə işləyir, neynir redaksiyanı?" düşüncəsində olan adamlara deyim bilsinlər: jurnalistikadan böyük vəzifə yoxdu, redaksiyadan rahat, gözəl və şərəfli yer yoxdu. Təbii, jurnalistlər üçün. Biz azadıq, ən düz bildiyimizi yazırıq. Azadlıqdan böyük vəzifə, düz bildiyini deməkdən, yazmaqdan möhtəşəm iş var? Yoxdu. Heç olmayıb da.
Hə... Jurnalistika yeganə sahədi ki, burda o sırtılmış dərd at oynada bilmir. Jurnalistika regionçuluğu iqnor edir. Yəni hər şeyin fövqündə dururuq. Ona görə, İradə xanım ağrısıyla, acısıyla belə bir status yazıb. Həmişə olduğu ürəyi, zehniyyəti ilə. 
Olmuş hadisə danışım. Dahi müğam ustası Qədiri müsahibə almaq üçün "Ədalət" qəzetinin redaksiyasına dəvət etmişik. Gəlir. Qarşılayıram. Elə qapıdaca soruşur: 
- Ağdamın harasındansan, bala?
- Ağdamlı deyiləm, Qədir müəllim - deyə, cavab verirəm.
Təəcüblənir: 
- Boy... bala bəs Aqil səni nə yaxşı işə götürüb?
Bu dəfə mən təəcüblənirəm: 
- Nə bilim vallah, zəngilanlıyam...
Kişinin qırışığı açılır: 
- Day denən Ağdamlıyam da...
Həmin o sırtılmış dərd nəhəng muğam ustasının yaxasından asılıb. Nəhəng muğam ustasını özündən asıb. Özündən asılı vəziyyətdə saxlayıb. 
Uzatmayım. İradə Tuncayın statusuna yazdığım rəyi "Ədalət"in oxucularına da oxutdurmaq istəyirəm. Bilirsiz, sosial şəbəkələr cəm halda bir qəzet səhifəsinin yerini verə bilməz. Yazı qəzetdə gedər, sonra saytda, sonra sosial şəbəkədə. Qəzet birincidi. Nə xoşbəxtəm ki, qəzetçi sayılıram. 
Bu da həmin rəy: 
- Mən Mehdiabadda yaşayıram. Ora əvvəl sovxoz olub, indi qəsəbədi. Sovxozun qurulması və insanların orda məskunlaşaraq qəsəbəyə çevirilməsində direktor Hidayət Səfərovun böyük rolu olub. Daha doğrusu elə ancaq Hidayət müəllimin rolundan ibarətdir Mehdiabad. Mehdiabadı o yaradıb. Uşaq idim, eşidirdim ki, hamı belə deyir: "Allah mənim ömrümdən kəsib Səfərovun ömrünə calasın". Bu fikri atam da deyirdi, anam da, qonşular, qohumlar da... 
Səfərov 98 yaşında dünyasını dəyişdi, həm də xəstələnmədən. Onun yasında bütün Mehdiabad iştirak etdi. Orda bildim ki, Hidayət Səfərov naxçıvanlı imiş. Atamdan soruşdum ki, o bu faktı bilirdi, dedi yox. Atam yaşda olan çox adamdan soruşdum, onlar da eyni cavabı verdilər. Adamlar sovxozun direktorunun haralı olduğunu bilmirmiş. Maraqlı deyildi onlara. Zəngilanlı da arzu edirdi ki, Allah ömründən kəsib naxçıvanlıya versin, bakılı da, ermənistanlı da. Hamı Hidayət müəllimin çox yaşamasını istəyirdi. Bir haşiyə çıxım: "Bəyin oğurlanması" filmindəki Hidayət müəllim obrazı məhz bizim Hidayət Səfərovun prototipidi. Rejissor Hidayət Səfərovu yaxından tanıyan adam olub və onun obrazını filmə gətirib. Eyniylə həmin Səfərovun rolunu oynayırdı rəhmətlik Səməndər Rzayev. Həm də görünüşcə də elə Hidayət Səfərov idi. Nə bilim vallah...insanlar bir kənd ərazisi boyda niyə cılızlaşdılar? Axı insan düşüncəsi dünyanı dərk etməyi bacaran səviyyədədi? Niyə dünya səviyyəsindən, kənd, məhəllə, blok, ailə səviyyəsinə endik? NİYƏ?
Cavab yoxdu. Şairimiz Aqşin deyirdi ki, cavabı olmayan bütün suallar səhvdi. Aqşini çox istəyirəm, şeirlərini sevərək oxuyuram. Amma bu fikri ilə heç vaxt razılaşmamışam. Arqumentim olub. Buyurun, həmin arqumentlərdən biri: sual var, "niyə" deyə soruşuruq, cavabsa yoxdu. Cavab olsaydı, o sırtıq dərd çoxdan yaxamızan əl çəkib əriyib suya dönərdi. 
Əslində cavabı olmayan sualların özü cavabdı. "Niyə" sualını cavaba çevirən dərd. Azərbaycan dilinin qrammatik qaydalarını darmadağın edən dərd... Görün nə qədər sırtıqdı, dilin tələblərini belə pozur, özünə tabe etdirir. 
İradə Tuncayın təbirincə deyirəm: "Allah hidayət etsin!".

Ceyhun Musaoğlu

TƏQVİM / ARXİV