KİŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
38720 | 2014-07-05 05:40
Bəlli bir həqiqət var: heç kim və heç nə əbədi deyil. Amma bu həqiqətin içində tamam fərqli bir həqiqət də var. Bu da ondan ibarətdir ki, dünyada əbədi olan da var. Həmin əbədi olan isə sözdü, sözün söykəndiyi tarixdi...
Mən filosofluq iddiasında deyiləm. Bəri başdan deyim ki, heç tarix-nadiri də oxumamışam. Amma yaşıma görə gəzdiyim, gördüyüm, iştirakçısı olduğum həyat gerçəkliyi az-çox mənə imkan verib ki, bu dünyanın sirlərinin ip ucundan yapışa bilim. Həmin o sirlərin ki, onlar min illərdi hamını özünə çəkir... hamı onun ip ucundan yapışmağa çalışır və müəyyən hissə də yapışa bilir. Lakin nədəndisə heç kim o sirləri çözə bilmir. Necə deyərlər, məndən əvvəlkilərin ipucundan yapışdıqları mənim dövrümdə də, elə məndən sonra da eləcə sular kimi axıb gedəcək. Sular demişkən, sulara baş vuranlar çox olur. Amma o sular heç səmtini dəyişmir. Görəsən niyə? Bax, bunun özü də bir sirdi və mən də nədənsə sirlərin bütünlüklə açılmasının tərəfdarı deyiləm. Düşünürəm ki, bütün sirlər açılsa, yaşamaq mənasız olar. Mənasızlıq da tək can sıxmır, həm də ürək parçalayır. Görünür, bu səbəbdəndir ki, bu duyumlu adamlar bir-birinə həmişə "ürəyini qoru", deyirlər. Bilirlər ki, ürəyi qorumaq mümkün deyil, amma deyirlər...
Ağlım kəsəndən oxuduğum kitablarda, eşitdiyim söhbətlərdə və nəhayət, olduğum camiədə eşitdiyim bir söz, bir fikir mənim üçün daha çox kompliment təsiri bağışlayır. Elə bilmişəm ki, bunu adamlar bir-birlərinə hörmət əlaməti olaraq tərif kimi və yaxud da yarınmaq, yaltaqlanmaq kimi deyirlər. Və o deyilən söz nədənsə mənə həmişə qıcıq gətirirdi, əsəbləşdirirdi. Anlaya bilmirdim ki, bunun səbəbi nədir. Görünür, dərd, ağrı insanın öz varlığında hiss olunanda onu da açıq şəkildə dərk edir, daha yaxşı anlayır. Deyəsən, bir az uzunçuluq etdim. Ancaq bu gerçəyi içimdən gələn kimi təqdim etmək üçün buna ehtiyac var idi. Mən də həmin ehtiyacın özünə söykənib, əl ağacı kimi ağırlığımı ona salıb nə vaxtdı ürəyimi didib-parçalayan, ruhuma rahatlıq verməyən, gözümün qarşısından çəkilməyən o KİŞİ barəsində danışmaq istəyirəm və...
Allah bəndələrini iki cinsdə yaradıb. Ona görə də qadına "qadın" demək, kişiyə "kişi" demək, əvvəldə dediym kimi sıxıcı gəlir, yarınmaq kimi görünür. Çünki gözünün qarşısındakı qadındısa, ona bunu xatırlatmağın, kişidisə, ona bunu təkrar deməyin nə anlamı var? Elə deyilmi? Amma həyatın gerçəkliyi mənə tamam fərqli şeylər diqtə etdi. Elə məqamlar açıqladı ki, onda bütün səmimiyyətimlə etiraf edim ki, anladım, dərk etdim ki, niyə ona QADIN, niyə ona KİŞİ deyirlər...
Hə, yəqin siz də məni anladınız artıq. İnsan toplum halında kütlədi - qadınlı, kişi. Amma bu kütlənin içərisində cinsinə görə yox, əxlaqına, şəxsiyyətinə, mənəviyyatına görə, QADIN və KİŞİ olanlar ümumilikdə azdır. Bəlkə də o kütlənin çox kiçik bir faizidi. Bax, buna görə də mən itirdiyim dostumu, ürəyimi ölümü ilə param-parça edən həmin insanı KİŞİ adlandırıram. Çünki onu tanıyanda onunla ilk söhbətimdən gördüm ki, o tamam fərqlidi. O elə bil ki, hardansa gəlib bu cəmiyyətin içərisində düşmüş ayrı bir dünyadı, ayrı bir varlıqdı. Və nəhayət o, sözünün, işinin, şəxsiyyətinin, əxlaqının, dünyagörüşünün, kəsəsi, varlığının oturuşmuş KİŞİsidi!..
Əvvəldə dedim ki, onun, dünyasını dəyişmək xəbərini eşidəndə yerimdə donub qaldım. Elə bil əlim yüksək voltlu cərəyana toxundu. Bir anlıq keyləşdim... bir anlıq bu dünyanı unutdum... bir anlıq ölüm mənim öz içimdən gəlib keçdi. Bir anlıq mən Əzrayılın bu qədər namərd olduğunu bağıra-bağıra demək istədim... Amma gücüm çatmadı. Necə deyərlər, donmuş bədənimdə təpər olmadı ki, bağırım. Yalnız gücüm kirpiklərimin ucunda parıldayan və sonra da üzü aşağı diyirlənən iki damlaya çatdı, cəmi iki damlaya. Sonra anladım ki, bu damlanın biri o KİŞİni tanıdığım üçün idi, ikincisi isə o KİŞİni itirdiym üçün idi. Bu da bir Allah işidi. Cəmi iki damla yaş, iki məqam, amma bir KİŞİ!
Hə, elə həmin o an, yəni o sarsıntının içindən o iki damlanın təsiri ilə sıxıldığım an əlim telefona doğru uzandı. Eşitdiyim sözlər belimi bir az da bükdü. İxtiyar dedi:
- Zarafat eləmirəm, Hüseyn getdi...
Nizaminin dili güclə söz tutdu:
- Hüseyni itirdik...
Eyvaz müəllim:
- Ola bilməz, buna inanmıram. Amma bu gerçəkdi...
Sahib dili dolaşa-dolaşa:
- Heç nə deyə bilmirəm...
Hə, bütün dostlar eyni gerçəyi həzm etməyə, ona inanmağa sanki gücü çatmayan bir durumda cavab verir, etiraf edirdilər. Bütün dostlar bu boyda namərdliyi görür, amma inanmaq istəmirdilər. Çünki sən tamam fərqli idin, sən özgə bir kişi idin. Ona görə heç kim, sənin ancaq adını eşidənlər də, bu ölümə inanmırdılar. Sən adamların içində öz dünyanı qurmuşdun, öz heykəlini, öz şəxsiyyətini, öz kişiliyini ucaltmışdın. Ona görə də ölüm sözü bunların heç birinə uyğun gəlmirdi, heç yaxın da düşmürdü. Mən eşitdiklərimdən havalı bir şəkildə, bəlkə də həyatımda ilk dəfə asi olmaq istədim, küfr etmək istədim. Lakin onda anladım ki, Allah sevdiklərini şərəfləndirir, Allah sevdiyinə dəyər verir, Allah sevdiyini dərgahına aparır ki, bu kütlənin içərisində sıxılmasın, darıxmasın, üstünə çirkab atılmasın. Və mən o asilikdən bir addım öndə olan sevgiyə üz tutdum - sənə Allahın verdiyi, sənə aid edilən sevgiyə!

Bir yazı yazılmadı
Bir yuxu yozulmadı.
Nə vardı, pozulmadı -
Qırıldı yarı yolda...

Bir ləpir iz olmadı
Dolaşdı, düz olmadı...
Bir ömür yüz olmadı -
Qırıldı yarı yolda...
Məni dərdə köklədi
Çox boğdu, çox təklədi...
Bir ürək çox kükrədi -
Qırıldı yarı yolda!..

Hə, səni tanıdığım gündən, sənə qardaş, dost dediyim andan bu yazının yazıldığı ana qədər nədənsə bütün dostların ad günlərində və yaxud müəyyən məsələlərlə bağlı şeir ithaf edib, söz qoşsam da, sənə heç nə yazmamışdım. Bir dəfə də olsun adını hansısa yazımda çəkməmişdim. Bu da bir Tanrı yazısıdı, bu da bir qismətdimi... bilmirəm. Amma hər nədisə, bu yazını yazdıqca bütün bu illəri eləcə yazı stolunun üstünə səpdiyim təsbeh dənələri kimi bir-bir dənələyirəm. Hər ilin adı olduğu kimi, onun yaddaşında sənlə bağlı çoxlu xatirələr var. Elə xatirələr ki, onları indinin özündə xatırlamaq mənim bir növü özümə ölüm hökmü çıxarmaq kimi bir şeydi. Çünki o xatirələr ancaq və ancaq sənin kimi kişilərin yaratdığı şəraitin, mühitin qurduğu, seçdiyi məkanın və nəhayət, ovqatın bəhrəsi ola bilərdi.
Heç kim məndən inciməsin, bütün dostlar mənim üçün əzizdi. Amma sən tamam fərqli idin!.. Ürəyimin ikinci bir parçası olan rəhmətlik Vahid Əlifoğlu da sənin kimi idi. Elə o da ürəyindən öldü. Özü də heç kimə heç nə demədən... heç kimə söykənmədən. Oturduğu yerdəcə gözlərini yumdu... Sən də belə elədin... Heç kimi köməyə çağırmadın... heç kimlə ağrını bölüşmədin. Həmin o nöqtəyə çatanda gözlərini yumdun.
İndi dostlar özlərini qınayırlar. İxtiyar deyir ki, mən həmin o andan 15 dəqiqə öncə onun telefonuna cavab verə bilmədiyim üçün üzülürəm. Bəlkə də cavab versəydim o ölməyəcəkdi...
Eyvaz müəllim deyir ki, həmin o andan bir az əvvəl mən ona hansısa ismarıcı etsəydim, bəlkə də başı qarışacaqdı, ölüm yadından çıxacaqdı...
Nizami deyir ki, həmin o andan bir az əvvəl həmişə olduğu kimi iş otağına getsəydim, danışıb gülərdik, zarafatlaşardıq, Əzrayıl qapıdan qayıdardı...
İndi bu yazını yazmaq mənim üçün çox çətindi. Ona görə yox ki, sənin barəndə yazıram. Ona görə çətindi ki, mən istədiyim kimi, sənin layiq olduğun səviyyədə bir yazı ortaya qoya bilmirəm. İstəyirəm deyəm ki, mən dünyada sənin qədər sadə, sənin qədər adi və sənin qədər də orijinal olan ikinci bir adam tanımamışam... İstəyirəm deyəm ki, mən dünyada sənin qədər bir az kor-kobud, bir az sözü yonulmamış, bir az davranışı standartlara uyğun gəlməyən ikinci bir insanla qarşılaşmamışam... İstəyirəm deyəm ki, mən dünyada işini sənin qədər bilən, sənin qədər sevən, sənin qədər də sevdirən ikinci bir kimsəni tanımamışam... İstəyirəm deyəm ki, mən dünyada sənin qədər təvazökar, sənin qədər dostcanlı və sənin qədər də adını işlədiyi coğrafi ərazidə yaddaşlara hopduran bir kimsədən xəbərim olmayıb.
Hüseyn Qubad oğlu Qarayev, əzizim, təkrar-təkrar deyirəm, təkrar-təkrar üzümü Allaha tuturam, aç qulaqlarını eşit:
- Mən sənin yoxluğuna inanmıram! Mən bilirəm ki, üstünə gül düzdüyümüz məzarın bir simvoldu - KİŞİlik simvolu! Ona görə də mən üzümü torpağa tuturam. Bilirəm ki, torpaq sözümü yerə salmayacaq, qoynundakı KİŞİni qoruyacaq. O kişini ki...

Sən onu xoş qarşıla
Başına dönüm, torpaq!
Qumuna, çınqılına,
Daşına dönüm, torpaq!

Od var qorunda, közdə
Al əlinə dur, döz də!
Bulud tək dolmuş gözdə -
Yaşına dönüm, topraq!

Könül qırıb gəlmişəm
Çox oyuna gülmüşəm
Yazın olub bilmişəm -
Qışına dönüm, torpaq!

Ömür payı buyumuş?..
Bir içimlimk suyumuş...
Gün yandırmış, su yumuş -
Yaşına dönüm, torpaq!

Hə, Hüseyn, sən mənim bu dünyada tək-tək KİŞİ dostlarımdan idin... Və sən bu dünyadan da tək-tək KİŞİlərdən biri kimi getdin. Amma ürəyimizdə, yaddaşımızda KİŞİ obrazın, KİŞİ xatirələrin qaldı və bizdən sonra da qalacaq!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV